AZ

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

ain.az, Gununsesi portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Məlum olduğu kimi, Heydər Əliyev Beynəlxalq Aeroportunda taksi xidmətlərinin yeni qaydalarla məhdudlaşdırılması cəmiyyətdə ciddi narazılıq doğurub.

AZAL rəhbərliyinin qərarına əsasən, hava limanı ərazisində yalnız “Bakı Taxi Xidməti” MMC fəaliyyət göstərə bilər ki, bu da qiymətlərin kəskin artımına və sərnişinlərin seçim imkanlarının məhdudlaşmasına səbəb olub.

Yaranmış vəziyyətlə bağlı Ombudsman Səbinə Əliyeva da narahatlıq ifadə edərək Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə rəsmi müraciət ünvanlayıb. Lakin Gununsesi.info-nun əldə etdiyi məlumata görə, Antiinhisar Agentliyin rəhbəri Elnur Bağırov Ombudsmanın müraciətinə iki aya yaxındır cavab vermir.

Məsələ ilə bağlı Gununsesi.info Agentliyə sorğu verib.

Agentlikdən GGununsesi.info-ya bildirilib ki, Ombudsmanın məktubuna qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində baxılır:

“Heydər Əliyev Beynəlxalq Aeroportu ərazisində taksi xidmətlərinin həyata keçirilməsinə dair yaranmış vəziyyətlə əlaqədar Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinə ünvanlanmış məktuba qanunvericilikdə nəzərdə tutulmuş müddət çərçivəsində baxılır.

Paralel olaraq, işin mahiyyəti üzrə daha öncə aidiyyəti qurumlar və təsərrüfat subyektləri ilə keçirilən görüş və müzakirələr nəticəsində əldə edilmiş məlumatların təhlili davam etdirilir, yaranmış vəziyyətin hüquqi və iqtisadi tərəfləri qiymətləndirilir. Rəqabət orqanının bu çərçivədə apardığı təhlillər bazar subyektlərinin davranışlarının rəqabət qanunvericiliyi prizmasından dəyərləndirilməsi, qabaqlayıcı tənzimləmə tədbirlərinin həyata keçirilməsi və istehlakçı hüquqlarının pozulması hallarının qarşısının alınmasına istiqamətlənib.

Hava limanı ərazisində taksi xidmətlərinin həyata keçirilməsi ilə bağlı rəqabət qanunvericiliyinin pozulması əlamətləri üzrə davam edən təhlillərin nəticələrinə uyğun olaraq, Rəqabət Məcəlləsinin tələbləri nəzərə alınmaqla, qanunamüvafiq tədbirlər görüləcəkdir”.

Qurumun cavabında vurğulanıb ki, pozuntu əlamətləri müəyyən olunduqda, rəqabət komissiyası yaradılaraq işə baxılır.

“Rəqabət qanunvericiliyinə əməl edilməsi üzrə dövlət nəzarəti tədbirləri Azərbaycan Respublikasının Rəqabət Məcəlləsinin 10-12-ci fəsillərinin tələblərinə uyğun həyata keçirilir. Dövlət nəzarət tədbirləri nəticəsində bazar subyektləri tərəfindən rəqabət qanunvericiliyinin pozulması əlamətlərinin müəyyən edilməsi həmin bazar subyektlərinə münasibətdə iş qaldırılması üçün əsas hesab olunur. Rəqabət qanunvericiliyinin pozulması əlamətləri müəyyən edildikdə Rəqabət orqanı tərəfindən rəqabət qanunvericiliyinin pozulması haqqında işlərə baxılması və qanun pozuntularının aradan qaldırılması məqsədilə rəqabət komissiyası yaradılır. İşə baxılması prosesi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş “Rəqabət komissiyasının yaradılması, tərkibi, rəqabət komissiyası tərəfindən işlərə baxılması və qərarların qəbul edilməsi Qaydaları” çərçivəsində həyata keçirilir”.

Gununsesi.info Ayşən

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
44
7
icma.az

8Mənbələr