AZ

Adamsız şəhərlər

Qabaqlar biz belə şəkil və videoları adətən Çindəki hansısa tikinti sahəsindən görərdik: ətrafda güclü tikinti gedir, göydələnlər ucalır, ortada isə balaca bir ev durur. Təxminən “Yuxarı” animasiya filmindəki vəziyyət. Ev yiyəsi ya kompensasiya azlığından, ya hansısa başqa səbəblərdən evini tikinti aparanlara satmaq istəməyib, nəticədə qalıb ortalıqda. Guya mülkiyyət hüququ orada şiddətlə qorunurmuş, adamı zorla çıxarda bilməyiblər və sairə.

Açığı, internetin, mobil texnologiyaların inkişafı sayəsində artıq belə romantik əfsanələrə inanan adamlar da çox qalmamışdır. Biz bilirik ki, istər nəhəng şirkətlər olsun, istər zorakı dövlət aparatları - onların əlində kimisə dədə-baba yurdundan, sevimli evindən dərbədər eləmək su içimi qədər asandır. Böyük şəhərləri alt-üst edirlər, minlərlə insan bombalar və beton, daş altında qalıb ölür, indi “Filan ölkədəki mülkiyyət hüququ” və ya “Filankəs müqavimət göstərib qalib gəldi” tipli süjetlər azalmışdır. Elə Bakının pis təcrübəsindən bilirik - müqavimət göstərənlərin evini sadəcə yandırıblar, vəssalam.

Sözgəlişi, mən elə bir dirəniş göstərən qadını Ucarda, 2003-cü ilin payızında şəxsən görmüşdüm. Onun evi Bakı-Ceyhan neft kəmərinin tikinti sahəsinə düşürdü və kəmərin operatoru bp, tikintini həyata keçirən CCİC şirkətləri həmin yaşlı qadına 128 min dollar kompensasiya təklif etmişdilər. Bu, həmin dövrdə Bakının Torqovı küçəsində 5 otaqlı əla mənzilin dəyəri idi, hələ artıq pul da qalırdı. Lakin qadın kompensasiyadan imtina etmişdi, deyirdi... rəhmətlik ərim yuxuma girib, mənə evdən çıxmamağı tapşırıb. CCİC nümayəndəsi mənə demişdi ki, məcburuq kəməri evin altından keçirək, bina yerində qalacaq. Axırı necə oldu, açığı, bilmədim. (Bunu da yazın mənim jurnalist neqativimə). 

Amma indi mövzu bu deyil. Sadəcə, Bakının qədim hissəsində, Zərgərpalan küçəsi tərəflərdə söküntü işləri aparılır və oradan yayılan bir xəbər mənə həmin “Çin evləri”ni xatırlatdı. O küçədə jurnalist Çingiz Mustafayevin evi var, qarşısındakı barelyef-lövhəni də çoxumuz görmüşük. Çiynində kamera, məşhur pozasında təsvir edilib. “Sovetski” məhəlləsinin sökülməsi gəlib-gəlib artıq Mustafayevin evinə çatıb və şəhər rəhbərliyi həmin evin... sökülməyəcəyini bildirib.

Bəs necə olacaq? Əgər ətrafdakı bütün evlər sökülsə, o balaca ev yaradılan parkın ortasında əndirəbadi şəkildə görünməyəcəkdirmi? Sanki Mustafayev təbiəti etibarilə guşənişin, insan sevməyən, sosiopat biri imiş, gedib hamıdan aralıda özünə daxma düzəldibmiş.

Deyəsən, o ətrafda məscidi də belə saxladılar. Amma bəlkə məscid yaşayış yerindən aralıda, uzaq məsafədə pis görünmür. Nə də olmasa “Allahın evi”dir. İnsan evi isə təklikdə, üstəlik, nəhəng meqapolisin içində qəribə, uyuşmaz görünəcəkdir. Bəlkə onu sürüşdürmə üsulu ilə yenidən şəhərə, küçəyə yapışdıracaqlar, deyə bilmərəm.

Belə əhvalatlar bizim şəhər anlayışını düzgün başa düşmədiyimizin əlamətlərindən biridir. Şəhər insanları ilə tanınır, parkları, küçələri, binaları ilə yox. Məsələn, elə yuxarıda adını çəkdiyimiz Çində bir çox məşhur Avropa şəhərlərinin, binalarının az qala eynilə surətini düzəldiblər. Amma yetmiş dənə Eyfel tik, onun altında Mopassan qəhvə içməyəcəksə, ora Paris olmayacaq. Zərgərpalanı, “Sovetski”ni, Bakını, Azərbaycanı da şərəfə, şan-şöhrətə mindirən onun insanlarıdır. İnsanları isə həm də ətraf mühit yetişdirir. Gələcəyin “Çingiz Mustafayev”inin həmin yerdə salınacaq parkda yaranacağına məndə ciddi şübhələr var. 

P.S. Başlığı da Çindən götürmüşəm. Orada adam yaşamayan bütöv şəhərlər var. Tikiblər, bankrot olublar, axırda da binaları partladırlar.

 

 

 

 

 

 

Seçilən
31
musavat.com

1Mənbələr