AZ

20-ci səfər...

Diplomatların azad olunmuş ərazilərə səfəri ənənə halını alıb

Azərbaycan öz ərazilərini erməni işğalından azad etdikdən sonra bu torpaqlarda böyük quruculuq işləri həyata keçirilir. Görülən işlərin miqyası çox böyükdür. Çünki işğalçılar həmin ərazilərdə hər şeyi tamamilə məhv ediblər. Ona görə də, dövlətimiz üçün bu gün başlıca prioritet Qarabağ və Şərqi Zəngəzurda quruculuq və bərpa işlərini ən yüksək səviyyədə həyata keçirməkdir.

51 ölkə və 12 beynəlxalq təşkilatdan 100 nümayəndə

Qeyd edək ki, torpaqlarımız işğaldan azad edildikdən sonra xarici qonaqlar da bu ərazilərə mütəmadi səfərlər edirlər. Eləcə də, ölkəmizdəki diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərləri təşkil olunur. Yeri gəlmişkən, Azərbaycan Prezidentinin tapşırığına əsasən, oktyabrın 31-də ölkəmizdə akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxslərinin Cəbrayıl və Zəngilan rayonlarına səfəri baş tutub. Səfərdə 51 ölkə və 12 beynəlxalq təşkilatdan ümumilikdə 100-dən artıq nümayəndə iştirak edib. Bu, diplomatik korpusun azad olunmuş ərazilərimizə sayca 20-ci səfəridir.

Bütövlükdə, Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfərlərinin təşkil olunması bu ərazilərdə ermənilər tərəfindən törədilmiş vəhşiliklərin dünya ictimaiyyətinə çatdırılması və erməni yalanlarının ifşası baxımından da  mühüm əhəmiyyətə malikdir. Azərbaycan 44 günlük Vətən müharibəsində əldə etdiyi qələbəni diplomatik müstəvidə də davam etdirir. Bütün bunların fonunda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələrinin işğaldan azad edilmiş ərazilərimizə səfərlərinin təşkil edilməsi çox uğurlu addımdır.

Diplomatlar Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə şahidlik edir

44 günlük müharibədən əvvəlki dövrə qədər ermənilər ərazilərimizdə törətdikləri vəhşilikləri gizlədərək dünya ictimaiyyətini aldadırdılar. Lakin ordumuz torpaqlarımızı düşmən tapdağından azad etdikdən sonra ermənilərin ərazilərimizdə törətdikləri vəhşilikləri gizlətmək imkanını itirdilər və indi onların 30 il ərzində etdikləri qeyri-insanı əməllər bütün dünya ictimaiyyətinin diqqətinə çatdırılır.

Hazırda isə diplomatlar azad olunmuş ərazilərdə möhtəşəm quruculuq işlərinə də şahidlik edirlər. Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyevin müşayiəti ilə baş tutan 20-ci səfər zamanı da diplomatik korpus nümayəndələri Cəbrayıl və Zəngilan rayonlarında aparılan bərpa və yenidənqurma işləri ilə əyani tanış olublar. Onlar “Böyük Qayıdış” Proqramı çərçivəsində uğurla icra olunan layihələr, habelə regionun strateji əhəmiyyətini artıran Zəngəzur dəhlizi layihəsi və s. barədə məlumat əldə ediblər.

Belə ki, Azərbaycanda akkreditə olunmuş səfirliklərin, beynəlxalq təşkilatların rəhbər şəxsləri oktyabrın 31-də Cəbrayıl rayonunun Horovlu kəndində olublar. Burada onlara işğaldan azad ediləndən sonra kənddə aparılmış bərpa-quruculuq işləri və yaradılmış şərait barədə məlumat verilib.

Diplomatlar daha sonra Həkəri çayının Zəngilan rayonu ərazisindən keçən hissəsində yerləşəcək Həkəri dəmir yolu stansiyası ilə tanış olublar. Diplomatik korpusun nümayəndələri burada görülən işlər, dəmir yolunun və stansiyanın tikintisi ilə bağlı həyata keçirilmiş və gələcəkdə görüləcək işlər barədə məlumatlandırılıb. Bildirilib ki, bu dəmir yolu Azərbaycanın əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək Zəngəzur dəhlizinin (TRIPP) tərkib hissəsi olacaq.

Səfər çərçivəsində iştirakçılar, həmçinin Zəngilan məscidi ilə tanış olublar. Bundan əlavə, Zəngilan şəhərindəki yaşayış kompleksi, məktəb və uşaq bağçası binalarına baxış da  səfər proqramının tərkib hissəsi olub.

Zəngəzur dəhlizi mövzusunda brifinq

Sonra Azərbaycanda akkreditə olunmuş diplomatik korpus nümayəndələri üçün Zəngilan şəhərindəki Konqres Mərkəzində “Zəngəzur dəhlizi - regional nəqliyyat şəbəkəsi” mövzusunda brifinq keçirilib. Brifinqdə güclü beynəlxalq tərəfdaşlığın, eləcə də infrastruktur və dəmir yolu nəqliyyatının modernləşdirilməsinin ölkənin inkişafının əsas amilləri olduğu bildirilib. Qeyd edilib ki, bu nailiyyətlər Azərbaycanın əsas nəqliyyat mərkəzinə necə çevrildiyini göstərir.

Təqdimat zamanı nəqliyyat və dəniz infrastrukturuna xüsusi diqqət yetirilib. Vurğulanıb ki, bu gün ölkənin dəmir yolu ilə yükdaşımalarının həcmi artıb və Azərbaycan Xəzər dənizində ən böyük dəniz donanmasına malikdir.

Bütövlükdə, diplomatik korpus nümayəndələrinin səfəri həyata keçirilən işlərin miqyasını və regionun inkişaf potensialını yaxından görmək, həmçinin işğaldan azad edilmiş ərazilərin davamlı bərpası, sosial-iqtisadi dirçəlişi və reinteqrasiyasının təmin olunması istiqamətində Azərbaycanın səylərini dəyərləndirmək imkanı yaradır.

Nardar BAYRAMLI

Seçilən
11
yeniazerbaycan.com

1Mənbələr