AZ

Gələn il büdcədən subsidiya alacaq qurumlar bəlli oldu

BAKI, 4 noyabr. TELEQRAF

2026-cı ildə dövlət büdcəsindən Azərbaycanda fəaliyyət göstərən bir sıra qurumlara subsidiyalar ayrılacaq.

Teleqraf bu barədə 2026-cı ilin büdcə zərfi layihəsinə istinadən xəbər verir.

Naxçıvan Muxtar Respublikasına edilən aviareyslərə, Böyük Vətən müharibəsi əlillərinin və iştirakçılarının, habelə onlara bərabər tutulan şəxslərin Müstəqil Dövlətlər Birliyi ölkələrinə nəqliyyatda gedişlə bağlı tətbiq edilən güzəştlər hesabına yaranan zərərin ödənilməsi, Füzuli, Laçın Beynəlxalq Hava limanlarına təşkil ediləcək reyslərə görə yaranacaq zərərin subsidiyalaşdırılması məqsədilə “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə isə 5,9 milyon manat vəsait ayrılması proqnozlaşdırılıb.

Əlavə olaraq, 2026-cı ildə Azərbaycanda turizmin inkişafı, genişləndirilməsi və stimullaşdırılması məqsədilə Dövlət Turizm Agentliyinə dövlət büdcəsindən 46,7 milyon manat vəsait ayrılması nəzərdə tutulur.

İstilik təchizatı üzrə göstərilən xidmətlərə görə satış tarifinin məhsulun maya dəyərindən aşağı olması hesabına yaranmış zərərin örtülməsi üçün “Azəristiliktəchizat" Açıq Səhmdar Cəmiyyətinə növbəti il üçün 33,8 milyon manat məbləğində subsidiya nəzərdə tutulub.

Bərk məişət tullantılarının zərərsizləşdirilməsi üçün 2026-cı ilin dövlət büdcəsi layihəsində “Təmiz Şəhər” Açıq Səhmdar Cəmiyyətinə 23,6 milyon manat məbləğində subsidiya proqnozlaşdırılır.

Bundan başqa, İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalının artırılması üçün dövlət büdcəsindən 85 milyon manat və digər layihələr üzrə 373 milyon manat məbləğində vəsait nəzərdə tutulub.

"Yerüstü Nəqliyyat Agentliyi” publik hüquqi şəxsə avtomobil nəqliyyatı ilə müntəzəm sərnişin daşımalarının təşkili, beynəlxalq sərnişin və yük daşımalarını tənzimləyən icazə sisteminin tətbiqi, yeni yol nişanlarının quraşdırılması və mövcud yol nişanlarının bərpası, yol hərəkətinin və piyada-yol infrastrukturunun təşkili üçün 40 milyon manat vəsait proqnozlaşdırılıb.

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinə sərnişindaşıma xidmətinin maya dəyərindən aşağı olması nəticəsində yaranan zərərin ödənilməsi məqsədilə 2026-cı il üçün 40 milyon manat subsidiya ayrılması nəzərdə tutulub. Bu göstərici 2025-ci illə müqayisədə 12,3 milyon manat və ya 44,6 faiz çoxdur.

Seçilən
7
teleqraf.com

1Mənbələr