AZ

Uzaq diyarlarda doğma dəyərlər...

İnsan harada yaşasa da, hansı dildə danışsa da qəlbinin dərinliyində onu doğma torpağına bağlayan görünməz bağlar var. Bu mənəvi dəyəri qorumaq, yaşatmaq və gələcək nəsillərə ötürmək xüsusilə Vətəndən uzaqda böyüyən gənclərin üzərinə düşən həm mədəni, həm də tarixi məsuliyyətdir.

Mədəniyyət xalqın ruhu, yaddaşıdır. Bu gün qloballaşma dövründə hər yerdə assimilyasiya təhlükəsi var. Amma beynəlxalq ictimaiyyət, mədəni və sosial platformalar artıq xalqların mədəniyyətini, tarixini və sənətini tanımağa maraqlıdır. Yəni qloballaşma sayəsində informasiya və ünsiyyət kanalları genişlənib. Bir mahnı paylaşmaq, milli rəqs təqdim etmək, hansısa bayramı izah etmək mədəni müqavimət formasıdır.

Unutmaq asandır, yaşatmaq isə iradə tələb edir. Odur ki, Vətəndən uzaqda yaşamaq milli kimlikdən uzaqlaşmaq demək deyil, əksinə, daha dərindən dərk etmək, onu daha geniş məkanda tanıtmaq fürsətidir. Çünki Vətənin bir parçası olmaq üçün ona ruhən bağlı olmaq gərəkdir. Milli kimlik sərhədlərlə ölçülmür, o, insanın qəlbində kök salıbsa, uzaqlardan da parlayır.

Bu mədəni məsuliyyəti öz üzərinə götürən gənclərdən biri – 25 yaşlı Ayna Kərimova hazırda Rusiyanın Sankt-Peterburq şəhərində yaşayır və dövlət televiziya kanalında jurnalist kimi fəaliyyət göstərir, həm də peşəkar musiqi ilə məşğul olur. Vətəndən uzaqda olsa da, Sankt-Peterburqda müxtəlif dövlət və mədəniyyət tədbirlərində Azərbaycan musiqisini, adət-ənənələrini nümayiş etdirir:

– Mən musiqini sadəcə səs və melodiya kimi deyil, həyatın mənası kimi dərk edən və yaşayan bir ailədə dünyaya göz açmışam. Anamın saxladığı köhnə arxiv lentlərinə qulaq asanda Azərbaycan xalq mahnılarını zümzümə edirdim. İki-üç yaşım olanda anam mənə həm sadə, həm də çətin mahnılar öyrədirdi. 5 yaşım olanda “Arşın mal alan” operasından Gülçöhrənin ariyasını oxuyurdum.

Bizim nəsildə musiqi istedadı miras kimi ötürülüb. Anamın babası Həmid Alkərəmov nəfəs alətlərinin mahir ifaçısı idi. Həyat yoldaşı Zinyət xanımın dayısı – məşhur Aşıq Surxay Qarabağda dövrünün seçilən aşıqlarından Aşıq Qurbaninin nəslindən olub.

Ulu nənə-babamın 13 övladından 7-si musiqi istedadı ilə seçilib. Nənəm Məlahət Həmidqızı bəstəkar idi. Birinci Qarabağ müharibəsindən sonra vətən həsrəti onun əsərlərinin əsas mövzusuna çevrilib. Bəstələdiyi mahnıları İslam Rzayev, Könül Xasıyeva, Mənsum İbrahimov, Baloğlan Əşrəfov, Gülüstan Əliyeva, Nisə Qasımova, Mələkxanım Əyyubova, Nəzakət Teymurova, Rəhilə Bəndəliyeva, Vüsal Zamanov və başqaları ifa ediblər. Hər zaman deyirdi ki, Ayna mənim davamçımdır. Nənəmin dörd övladının hər birinin səsi də, improvizasiya qabiliyyəti də özəldir. Ailədə hər görüşümüz kiçik konsertə çevrilir, uşaqlıq illərində Qarabağda hər həftə qohum-qonşular üçün təşkil etdikləri musiqi axşamları kimi...

Müsahibimiz bildirdi ki, ailədə peşəkar sənətlə anası məşğul olub. O, müxtəlif müsabiqələrdə birincilik qazanıb, Tofiq Quliyev, Niyazi, Şövkət Ələkbərova, Sara Qədimova, Ülkər Həsənova, Arif Babayev və digər görkəmli sənətkarların qarşısında çıxış edib:

– Mədəni-Maarif Texnikumunda xor dirijorluğu ixtisası üzrə təhsil alıb, Əfsər Cavanşirovun xorunda təcrübə keçib. O, hətta anama xor kapellasında iş də təklif etmişdi. Anam təhsilini qırmızı diplomla başa vursa da, ailə həyatını daha üstün tutub. Atam isə yeddiillik musiqi məktəbində tar sinfində oxuyub.

Sosial platformada minlərlə izləyicimiz var. Bizi məşhurlaşdıran videolarda atam zərb alətində müşayiət edir. Bacım hazırda Sankt-Peterburqdakı Qlazunov adına Konservatoriyada fortepiano üzrə təhsil alır. Onun da gözəl səsi var, amma konsertmeyster olmaq istəyir. Yəqin ki, gələcəkdə birgə işlərimiz daha çox olacaq.

Düzdür, müxtəlif mədəniyyətlərin təsiri altında böyümüşəm. Beş yaşımda musiqi məktəbinə qəbul olmuşam və on il ərzində dünya klassiklərinin əsərlərini ifa etmişəm. Eyni zamanda caz musiqisinin incəliklərini də öyrənmişəm. Lakin mənim üçün ən dərin iz buraxan, bəlkə də ən çox ruhuma toxunan janr klassik retro musiqisidir. Çünki bu musiqinin özünəməxsus ruhu və dərin mənası var.

2020-ci ildə Aynanın yaradıcılıq axtarışları yeni istiqamət alıb. Əvvəlcə özünü ambient, daha sonra postrok janrında sınayıb və bu üslubları milli motivlərlə birləşdirməyə qərar verib:

– Anamın sözlərinə bəstələdiyim “Taleyin oyunu” adlı eksperimental əsər bu istiqamətdə ilk uğurlu addım oldu. Onun ifasında muğam elementlərini müasir musiqi ilə sintez etdik və nəticədə həm janr, həm də duyğu baxımından fərqli bir əsər ərsəyə gəldi. Proses çox zaman və səbir tələb etsə də, imkan daxilində bu xətti davam etdirmək niyyətindəyəm. Məqsədim Azərbaycan musiqi mədəniyyətinin zəngin ənənələrinin beynəlxalq auditoriya tərəfindən tanınmasında iştirak etməkdir.

Xalq mahnılarımızı dinləyəndə kövrəlirəm, səbəbini özüm də bilmirəm. Artıq üç ildir ki, Azərbaycan musiqisini müxtəlif formatlarda təqdim etməyə çalışıram. Konsertlərdə xalq mahnılarımızı səsləndirir, “Azərbaycan xalq musiqisi axşamları” adlı proqram təşkil edirəm.

Qarşıda onu böyük işlər gözləyir. “Muğam laboratoriyası” layihəsini reallaşdırmaq istəyir. Bu, Rusiyada belə formatda yaradılan ilk studiya olacaq:

– Əsas məqsədim Vətəndən kənarda Azərbaycan musiqi irsini qorumaq, öyrənmək və yeni nəsillərə ötürməkdir. İlk mərhələdə uşaqlarla çalışacaq, onlara milli musiqimizin nəzəri əsaslarını, klassik əsərləri və musiqi tariximizi öyrədəcəyik. Artıq Azərbaycan Milli Konservatoriyasının materiallarını toplayıram. Daha sonra böyüklər üçün mühazirə və interaktiv proqramlar planlaşdırılır.

Yaxın aylarda Sankt-Peterburq və Moskvada iki konsertimiz keçiriləcək. Bu layihələrdə klassik və retro əsərlərlə yanaşı, öz bəstələrimiz də səslənəcək. Rimski-Korsakov adına Sankt-Peterburq Konservatoriyasının məzunları bir neçə klassik Azərbaycan kompozisiyasını ifa edəcəklər. Bütün bu fəaliyyətlərin arxasında bir məqsəd dayanır, mədəni mübadilə üçün körpü yaratmaq, xalqlar arasında anlayış və harmoniya bağını musiqi vasitəsilə möhkəmləndirmək.

Soydaşımız yaradıcı axtarışları çərçivəsində tanınmış iranlı musiqi prodüseri və bitboks ifaçısı Kia Rokni ilə də əməkdaşlıq edib. Bitboks ağız, dil və səs vasitəsilə ritm yaratmaq sənətidir. Başqa sözlə, ifaçı hər hansı alət olmadan, səsini ritm və melodiyaya çevirir. Bu texnika əsasən hip-hop və şəhər musiqisi (urban) mədəniyyətində istifadə olunur. Məqsədimiz müasir, ritmik janrı Azərbaycan xalq musiqisinin melodik və emosional xətti ilə birləşdirərək yeni və maraqlı musiqi təcrübəsi yaratmaq idi.

Layihədə bitboksla yaradılan ritmlər xalq mahnılarının melodiyasına və ritminə uyğun şəkildə “naxış” kimi yerləşdirildi. Nəticədə həm texniki, həm də estetik baxımdan fərqli, yenilikçi musiqi kompozisiyası yarandı. Sosial platformalarda təqdim olunan video cəmi bir neçə gün ərzində 1,8 milyon baxış topladı. Bu, həm layihənin uğurunu göstərdi, həm də milli musiqimizin müxtəlif mədəniyyət və janrlara uğurla inteqrasiya oluna biləcəyini sübut etdi.

Ümumiyyətlə, harada yaşamağımızdan asılı olmayaraq, sanki, eyni ürəyin ritmi ilə addımlayırıq. Son bir il ərzində səhifəm dünya ölkələrindən 117 min izləyici toplayıb. Yaşıdlarım arasında milli musiqimizə xüsusi maraq görürəm. Dinləyicilərdən aldığım dəstək olduqca böyükdür, demək olar ki, hər gün “şəhərimizə gəlin, konsert verin” deyə müraciətlər alıram.

Ayna Kərimova muğamı elmi müstəvidə öyrənir, onun tarixi, melodik strukturu, ritmik xüsusiyyətləri və ifa üslublarını araşdırır. Bu prosesdə çoxsaylı tədqiqat işləri, not kolleksiyaları və musiqi araşdırmalarından istifadə edir:

– Müxtəlif musiqi janrlarına qulaq assam da, doğma musiqiyə olan sevgim heç vaxt itmir. Bu sevgi ruhumda kök salıb. Uşaqlıq illərimdə, 12–13 yaşım olanda başa düşmürdüm ki, atam niyə xalq mahnılarımızdan ibarət disk hazırlayırdı? İndi onu çox yaxşı anlayıram.

Arzum budur ki, yalnız məhəbbət yox, bilgi və anlayışla musiqimizi yaşadaq. İstəyirəm ki, insanlar mədəniyyətimizin qaynaqlarını tanısın, xalqın səsinin necə formalaşdığını, aşıqların rolunu, muğamın niyə dünya səviyyəsində fenomen olduğunu öyrənsinlər. Mən bu missiyanı həyata keçirmək üçün kiçik, amma məqsədyönlü addımlar atıram və inanıram ki, bu, doğru yoldur.

Söhbəti yazdı:
Fidan ƏLİYEVA
XQ

Seçilən
40
1
xalqqazeti.az

2Mənbələr