AZ

R.Mehdiyevin “sadiq”ləri: Milyonçu alimin AMEA-da “elmi” macərası

İnsanlıq yaranandan, bəşəriyyət var olan gündən neçə-neçə minilliklər ötüb keçib. Amma indiyənə qədər dünyanın heç bir yerində elm adamının, özünü elmə həsr edənin, elm fədaisinin milyonçu, yaxud da milyarder olduğu heç yerdə baş verməyib. Nə Amerika qitəsində, nə Avropada, nə Asiyada nə də digər qitələrdə… Milyarder, milyonçu olmaq yalnız biznesmenlərin, iş adamlarının, bir çox dövlət başçılarının taleyinə yazılıb. Arada bir də çox az sayda dünya əhəmiyyətli kəşfi ilə tarixə düşən şəxslərin, istedadlı rəssam, aktyor,(Hollivud nümayəndəlini çıxmaq şərti ilə) müğənni , yazar və s varlanmaq imkanı olub, onu da sağlığında görə bilməyib, eləcə kasıb olaraq dünyadan köçüb.

Amma dövlətimiz savadına, iş bacarığına görə etimad edib irəli çəkdiyi kadrların, xüsusən elm adamlarının tez bir zamanda fantastik şəkildə var-dövlətə malik olması, qeyri rəsmi oliqarxa çevrilməsi onu göstərir ki, həmin elm adamının ruhunda elmdən daha çox pul yanğısı varmış.

Dövlətin, dövlət başçısının etimadını heçə endirib, bu fürsəti öz mənfəti xatirinə lüks həyata, lüks mülklər və inomarkalara çevirən “alimlər” düşünmürlər ki, bir gün, atalar demiş “kələk ilə gələn küləklə gedəcək” .

Bəli, belə alimlərdən biri də texnika üzrə elmlər doktoru, professor Elton Məmmədovdur.

Çoxunuz onu alim kimi yox, Azərbaycan Milli Məclisinin II, III və IV çağırış deputatı, AzTU-nun strateji inkişaf üzrə sabiq prorektoru, Azərbaycan Milli Elmlər Akademiyası Yüksək Texnologiyalar Parkının sabiq direktoru, AMEA İşlər İdarəsinin müdiri kimi tanımısınız. Yəni, hər zaman yüksək kürsülərdə…
Hazırda adı Ramiz Mehdiyev işində və AMEA-da 3 milyonluq cinayətdə hallanır.

15 il nəqliyyat naziri işləmiş Ziya Məmmədovun qardaşı olan keçmiş deputat Elton Məmmədov işlədiyi qurumda baş verən qanunsuzluqlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaqa cəlb edildi. Baş Prokurorluğun yaydığı rəsmi xəbərdə Elton Məmmədovun vurduğu 3 milyon manatın onun tərəfindən ödənildiyi barədə məlumat verildi.

“Mən ölkə rəhbərinə sadiq insan olmuşam, həmişə onun siyasətini dəstəkləmişəm. Başqa adama xidmət etməmişəm”- deyən Məmmədov görəsən, 3 milyonu rahat şəkildə yeyərkən “xidmət etdiyi” insanın etimadına xəyanət etdiyini düşünübmü?

Ötən gün Oxu24.com xəbər verir ki, Elton Məmmədov qeyd olunan pulu ödəmək üçün olan-qalan hər şeyini satıb:” 3 milyonu ödəmək Elton Məmmədova heç də asan olmayıb.

Belə ki, o, Novxanı qəsəbəsindəki dəbdəbəli bağ evini, 3 ədəd son model avtomobili, “20 Yanvar” metrosu ətrafında yerləşən kafesini, “MAİN” Yaşayış Kompleksində beş ədəd 2 və 3 otaqlı mənzilləri, böyük sahəyə malik avtoqarajı, Həsən Əliyev küçəsində – keçmiş “Tramvay Parkı”nın yerində yerləşən özünəməxsus şirkətin inşa etdiyi hündürmərtəbəli binadakı iki mənzili dəyər-dəyməzinə satıb.

Büdcə vəsaitini banka qoymaqla faiz götürərək qazanc edən eks deputat jurnalistləri inandırmağa çalışırmış ki, o milyonlarla manat vəsaiti mənimsəməyib: “Mən milyonlarla manat vəsaiti mənimsəməmişəm. Belə bir fakt yoxdur. Bunlar hamısı yalan məlumatdır. Xahiş edirəm, ictimaiyyəti yalnış fikirlərlə çaşbaş salmayın”.

O zaman soruşmaq lazımdır: Oğlanların maşın kolleksiyalarını hansı pulla alıb?

2021-cil də isə Demokrat.az yazır:
“Oğul Ayan Məmmədov atasının qeyri-qanuni yollarla əldə etdiyi pullarla aldığı 10-LZ-100 dövlət nömrə nişanlı “Porşe”də qanunları şossedə tapdayırdı.

Elton Məmmədov bu hadisəni ört-basdır etmək üçün çox yola əl atdı, amma mümkün olmadı və ardınca onun oğlanlarının avtomobil kolleksiyası haqda məlumatlar mediada geniş yayıldı.

Ayan Məmmədovun kolleksiyası:

– “Lamborghini Avendator LP700-4”;

– “BMW”;

– “Mercedes CLS 63”;

– “Grand Cherokee”;

– “Ferrari”;

– “Maserati”;

– “Porsche Panamera”

Elnur Məmmədovun kolleksiyası:

– “Aston Martin DBS”

– “Mercedes G-Class Brabus G V12”

– “Aston Martin Rapide”

– “Hummer H1”

– “Hummer H2”

– “BMW X5”

– “Bentley Continental GT”

– “Porsche Panamera”

Bu kolleksiyalar Elton Məmmədovun topladığı varidatın kiçik bir qismidir.

Villalar, restoranlar, iaşə obyektləri, şirkətlər və saydıqca bitməyən biznes imperiyası.

Elton Məmmədovun oğlanları təkcə avtoxuliqan yox, həm də qumar oyunları ilə ad çıxarıblar. Aynar Məmmədova məxsus “Nar Cafe”də qanunsuz mərc oyunlarının keçirilməsi faktı uzaq tarix deyil”.
Sayt daha bir nüansı ortaya qoyur:” Ukrayna Xüsusi Xidmət Orqanları 2019-cu ildə Donetsk separatçıları ilə əlaqəsi olan şirkətləri araşdıranda Elton Məmmədova məxsus şirkəti də siyahıya salmışdı. Bu haqda məlumatlar yayılsa da, Elton Məmmədov heç nə olmamış kimi susdu. Hərçənd ki, Azərbaycan-Ukrayna strateji əlaqələri fonunda AMEA-da vəzifə daşıyan, keçmişdə deputat olmuş bir şəxsin adının belə hallanması dövlət maraqlarına ziddir. O ayrı məsələ ki, Elton Məmmədov deputat ola-ola bu pulları necə qazanıb, dəyəri on milyonlarla ölçülən şirkətlərə necə sahib olub?!

Məlumdur ki, Elton Məmmədov bu sərvəti deputat səlahiyyətlərindən sui-istifadə etməklə, maxinasiyalar və qeyri-qanuni yollarla qazanıb və Azərbaycan dövlətindən oğurladığı pullarla dövlətin əleyhinə addımlar atıb”.

Bu nüansdan sonra adamın ağlına avtomatik olaraq Elton Məmmədovun aldığı mükafatlar düşür: “2004-cü ildə “Tomsk şəhərinin fəxri sakini” adına layiq görülüb, 2006-cı ildə isə Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin fəxri professoru seçilib və 04 iyul 2019-cu ildə Fəxri məzun adına layiq görülüb.

MDB Parlamentlərarası Assambleyasının Aqrar siyasət, təbii ehtiyatlar və ekologiya məsələləri daimi komissiyasının sədr müavini kimi səmərəli fəaliyyətinə görə “Содружество” (Əməkdaşlıq) ordeni, GUAM Parlament Assambleyası və Baltik Assambleyası arasında əməkdaşlığın inkişafında xidmətlərinə görə Baltik Assambleyasının medalı, Tomsk Dövlət İnşaat Arxitektorları Universitetinin medalı (universitetdəki fəaliyyətinə görə), Tomsk vilayət həmkarlar komitəsinin fəal üzvü medalı, Çelyabinsk Traktor zavodunun “Əməkdə fərqlənməyə görə” qızıl döş nişanı ilə təltif olunub.

Maraqlıdır ki, elə Ramiz Mehdiyev də uzun illər təcrübəli dövlət xadimi, peşəkar siyasətçi, Azərbaycan dövlətinin ideoloji əsaslarını müəyyən edən, filosof, elm adamı kimi təqdim edilib. Nəhayət dövlətimiz bu “elm adamı”nın maskasını yırtdı və o maskanın altından dövlətə xəyanətin siması çıxdı. ( Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 278.1 (dövlət hakimiyyətini ələ keçirməyə yönələn əməllər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham)

Ümid edək ki, Ramiz Mehdiyevin iki ən sadiq adamından biri, AMEA-nın “Yüksək Texnologiyalar Parkı” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru təyin etdiyi Elton Məmmədovun digər “xidmətləri” tezliklə gün işığına çıxacaq.

Əntiqə Rəşid

NoCommet.az

Seçilən
17
nocomment.az

1Mənbələr