AZ

Azadın azadlıq savaşı

Laçın uğrunda ölüm-dirim savaşı gedirdi. Meydanda cövlan edən tankçılar taqımının komandiri Azad Hümbətovun gözündə zərrəcə qorxu yox idi. Çünki Füzulidə, Xocavənddə və Qubadlıda odun-alovun içindən çıxmışdı, döyüş həyəcanlarını çoxdan yenmişdi. Yeganə amalı şəhid dostlarının qisasını almaq, torpaqlarımızı yağılardan təmizləmək idi.

Heyət üzvlərinə deyirdi ki, bu, millətimizin haqq savaşıdır. Yalnız irəli getməliyik. Gedirdi də. Həyatını təhlükəyə ataraq düşmənin 5 tankını mövqelərimizə gətirməyə də nail olmuşdu (Hazırda onlardan üçü Hərbi Qənimətlər Parkında sərgilənir). Azad dəfələrlə döyüş yoldaşlarını düşmən mühasirəsindən yaralı halda çıxarmışdı.

“Daha az qalıb, irəli”, – deyə tank heyətinə əmr etdi. Düşmənin başına od yağdıra-yağdıra irəliləyirdilər. Mexanik eniş-yoxuş bilmir, atıcı verilən koordinatlarla hədəfi dəqiq vurur, erməni postları göyə sovrulur, salamat qalan düşmən əsgərləri canlarını götürüb qaçmağa çalışırdılar.

Birdən komandirin “tərkində olduğu” tank minaya düşüb “nərilti”sini kəsdi. İgid baş leytenant ayağından yaralandı. Buna baxmayaraq, tankı idarə edən mexanikin daha ağır xəsarət aldığını görərək özündə güc topladı və yaralı döyüş yoldaşını belinə alıb kənara süründü. Sonra onu meşə ərazisinə gətirdi. Nəfəsini dərib yenidən hərəkətə gəldi. Dostunu 2 gün ərzində 25 kilometrədək belində daşıyaraq, nəhayət, Azərbaycan Ordusunun postuna qədər gətirib çıxara bildi. Özü də haldan düşmüşdü. Amma sanitarları gəlib özlərini yetirəndə hiss etdirmədən gülümsündü. Çünki dostunu darda qoymamışdı.

Bundan sonra Azadın vəziyyəti ağırlaşdığından müalicə olunması üçün Beyləqana göndərirlər. Orada çox qala bilməyib, müalicəsini yarımçıq qoyaraq yenidən döyüş meydanına qayıdır. Düşmənin başına od yağdırmağa davam edir. Oktyabrın 27-də isə elə Laçında şəhadətə ucalır.

Əslən göyçəli olan Azad Hümbətov 24 yanvar 1996-cı ildə Bakı şəhərində doğulub. Valideynlərinin yurd həsrətli söhbətləri, kövrək xatirələri ilə böyüyüb. Onda soydaşlarımızı doğma el-obadan didərgin salan haylara nifrət yaranıb. Bu hisslərin təsiri ilə hərbçi olmaq istəyib. Paytaxtın Nərimanov rayonundakı 291 nömrəli “Araz” ekologiya liseyini (indi onun adını daşıyır) əla qiymətlərlə bitirəndən sonra tərəddüd etmədən sənədlərini Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə verib və tank bölüyü ixtisası üzrə kursant olub. Seçdiyi sənəti sevə-sevə öyrənib. Həmişə öncüllər arasında olub. 2017-ci ildə ali təhsilini uğurla bitirib. Qarabağda – Füzuli rayonunun Horadiz şəhərindəki “N” saylı hərbi hissədə qulluğa başlayıb.

Azad Hümbətov xidmət dövründə rütbə və vəzifəcə yüksələrək nümunəvi zabit kimi tanınır. 2020-ci ilin sentyabrında düşmənin növbəti silahlı təxribatına cavab olaraq Ali Baş Komandan tərəfindən döyüş əmri veriləndə artıq baş leytenant olan qəhrəmanımız sevinir. “Axır ki, qisas məqamı yetişdi” – deyir. O, Füzuli rayonunda ermənilərin keçilməz sədd adlandırdıqları cəbhə xəttinin yarılmasında qəhrəmanlıq göstərir. Sonra, Xocavənddə, Qubadlıda və nəhayət, Laçında Vətən uğrunda savaşın öncüllərindən biri olur...

Liseydə Azada dərs demiş Zeynəb müəllimin söylədiyinə görə, 26 iyun 2021-ci ildə – Silahlı Qüvvələr Günündə onun vaxtilə yaşadığı binanın qarşısında büstünün açılışında çıxış edib. Şagirdinin necə çalışqan, vətənpərvər gənc olduğundan danışıb. Onu da xatırladıb ki, bir dəfə – 20 Yanvar ərəfəsində Şəhidlər xiyabanını ziyarətə gediblərmiş. Qayıdarkən Azad deyib: “Müəllim, Şəhidlər xiyabanında əsl kişilər yatır...”

Artıq 5 ildir ki, Azad özü də əsl kişi kimi, qəhrəman kimi gənclərin and yeri olan İkinci Fəxri xiyabanda (indiki Hərbi Memorial Məzarlıqda) uyuyur. General olmaq istəyən igid baş leytenantın məzarı Milli Qəhrəman olan general Polad Həşimovla bir sırada qərar tutub. Vətən Müharibəsi Qəhrəmanı Azad Hümbətov eyni zamanda “Vətən uğrunda”, Füzulinin və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilib. Bakıdakı küçələrdən biri onun adını daşıyır.

Azadın qısa, lakin şərəfli ömür yolu haqqında ssenarist və rejissor Turqut Ali Ardabilin çəkdiyi qısametrajlı filmə həyəcansız baxmaq olmur. Kadrlarda onun igidliyi canlandırılıb. Eyni zamanda Ali Baş Komandanın qələbə motivli çıxışı və xalqımızın zəfər sevincini əks etdirən kadrlar filmə sanbal gətirib. Filmin sonunda Birinci Qarabağ müharibəsinin qazisi, rəssam Şəmsəddin Böyükdüzlünün əl işi olan şəhid baş leytenantın möhtəşəm portreti də yer alıb.

Ötən həftə – oktyabrın 27-də onun məzarı önündə növbəti anım tədbiri keçirilib, ruhuna dualar oxunub. Qeyd olunub ki, canını torpaqlarımızın azadlığına qurban vermiş Azad Hümbətovun işıqlı xatirəsi onu sevənlərin qəlbində daim yaşayacaq.

Ə.DOSTƏLİ
XQ

Seçilən
21
1
xalqqazeti.az

2Mənbələr