AZ

8 Noyabr – Dövlətin qüdrəti, xalqın birliyi və tarixi Zəfər

Azərbaycanın müasir tarixində 8 Noyabr əbədi yaddaşımıza həkk olunmuş ən möhtəşəm, ən şərəfli günlərdən biridir. Bu tarix xalqımızın uzun illər boyu gözlədiyi ədalətin bərpa olunduğu, dövlətimizin qüdrətinin və xalqımızın birliyinin təntənə etdiyi gündür. 2020-ci ilin 8 noyabrında Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini işğaldan azad etməklə Vətən müharibəsində tarixi Qələbəyə imza atdı. Bu qələbə yalnız hərbi sahədə deyil, siyasi, mənəvi və milli birliyimizin rəmzinə çevrildi.

44 günlük Vətən müharibəsi bir daha sübut etdi ki, Azərbaycan xalqı güclü iradəyə, sarsılmaz inama və öz torpaqlarına, dövlətinə sonsuz sədaqətə malikdir. Bu qələbə, Azərbaycan xalqının azadlıq uğrunda mübarizə əzmini, milli birliyini və dövlət başçısına olan inamını bütün dünyaya nümayiş etdirdi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyi, diplomatik məharəti və dəmir iradəsi sayəsində Azərbaycan həm döyüş meydanında, həm də siyasi müstəvidə qalib gəldi.

Prezident İlham Əliyevin illərlə apardığı məqsədyönlü siyasət, ordu quruculuğuna və milli həmrəyliyə verdiyi önəm 2020-ci ildə bəhrəsini verdi. 30 ilə yaxın davam edən işğala son qoyuldu, torpaqlarımız azad edildi, ədalət bərpa olundu. Bu, Azərbaycanın dövlət müstəqilliyinin, güclü ordusunun və sarsılmaz xalq-dövlət birliyinin nəticəsi idi.

Azərbaycan xalqı bu qələbəni bir amal uğrunda – Vətən uğrunda birləşərək qazandı. Cəbhədə döyüşən əsgərlərimizin qəhrəmanlığı, arxada çalışan insanların əzmi, könüllülərin dəstəyi, anaların duası, xalqın birliyindən doğan bu möhtəşəm həmrəylik tarixi Zəfəri təmin etdi. Hər bir vətəndaş öz əməli ilə bu qələbənin bir parçasına çevrildi.

Bu Zəfər həm də diplomatik müstəvidə Azərbaycanın haqlı mövqeyinin tanınmasının təntənəsi idi. Dövlət başçısının beynəlxalq tribunalardan verdiyi bəyanatlar, xarici mediaya verdiyi dəqiq və əsaslı cavablar Azərbaycanın informasiya müharibəsində də qələbə qazanmasına şərait yaratdı. Dünya ictimaiyyəti gördü ki, Azərbaycan ədalət, beynəlxalq hüquq və tarixi həqiqət naminə mübarizə aparır.

Qələbə yolumuz şəhidlərimizin qanı, qazilərimizin qəhrəmanlığı ilə yazıldı. Bu torpaq uğrunda canını fəda edən hər bir şəhidin ruhu qarşısında baş əyirik. Onların göstərdiyi fədakarlıq, vətənpərvərlik gələcək nəsillər üçün əbədi örnək olacaq. Bu gün azad Şuşada dalğalanan üçrəngli Azərbaycan bayrağı həmin qəhrəmanların iradəsinin, xalqın gücünün və dövlətin əzəmətinin simvoludur.

Zəfərdən sonra Azərbaycan dövlətçiliyinin qarşısında yeni tarixi mərhələ açıldı. Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa və yenidənqurma işləri, müasir infrastrukturların yaradılması, azad edilmiş torpaqlarda həyata keçirilən “Böyük Qayıdış” proqramı qalib dövlətin inkişaf gücünü göstərir. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən bu layihələr Azərbaycanın siyasi sabitliyini, iqtisadi qüdrətini və sosial rifahını daha da möhkəmləndirir.

Bu gün Azərbaycan regionda yeni reallıqlar yaradan güclü dövlətə çevrilib. 8 Noyabr Zəfər Günü təkcə tarixi hadisə deyil, həm də xalqımızın birliyinin, dövlətin qüdrətinin, Prezidentin uzaqgörən siyasətinin və milli həmrəyliyin təcəssümüdür. Bu qələbə ilə Azərbaycan dünyaya bir daha sübut etdi ki, xalqı ilə birləşmiş, milli ideallara sadiq dövlət heç vaxt məğlub edilə bilməz.

Zəfər Günümüz — milli qürurumuzun, vətənpərvərlik ruhumuzun və azadlıq idealımızın simvoludur. Hər bir azərbaycanlı qəlbinin dərinliyindən bu qürur dolu kəlmələri səsləndirir: Biz qalib xalqıq, qalib dövlətik! Qarabağ Azərbaycandır!

Vasif Səfiyarov,

YAP Sumqayıt şəhər təşkilatının məsləhətçisi

Seçilən
20
ikisahil.az

1Mənbələr