AZ

Yeni mərhələdə Qərbi Azərbaycan məsələsinin diplomatik həlli gündəmdə qalmaqdadır - MÜSAHİBƏ

Bakı, 4 noyabr, Elmir Səftərov, AZƏRTAC

Vaşinqtonda əldə olunan razılaşmalardan sonra Qərbi Azərbaycan İcmasının fəaliyyət istiqamətləri, diplomatik proseslərin üzləşdiyi çətinliklər, regional sabitliyin təmin olunması, Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdə saxlanması və İcmanın yeni mərhələdəki rolu barədə Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli AZƏRTAC-ın suallarını cavablandırıb. Müsahibəni təqdim edirik.

-Ermənistan-Azərbaycan münasibətlərində Qərbi Azərbaycan mövzusunun diplomatik həlli hansı çətinliklərlə üzləşə bilər?

-Ermənistan-Azərbaycan münasibətlərində Ermənistanın indiki Baş naziri ölkəsini və xalqını onillərdir içində olduqları fəlakət girdabından çıxarmaq üçün davamlı səylər göstərir. Lakin bunu erməni ictimaiyyətinə çatdırmaq və başa salmaq çox çətindir. Bu, təəccüblü deyil. Uzun illər boyu onlara mifik yalanlarla “dünyanın ən qədim və ən ali irqi” olduqları təbliğ edilib, yəni, aldadılıblar. İndi həmin topluma bu iddiaların uydurma olduğunu başa salmaq mümkün olmur. Qərbi Azərbaycan məsələsinin diplomatik həllində əsas çətinlik də məhz buradan qaynaqlanır. Təəssüf ki, bu, bəzi revanşist qüvvələrə sərf etmir. Çünki barış olsa, Robert Köçəryan və Serj Sarkisyan kimi şəxslər siyasi mövqelərini itirəcəklər. Amma zaman bu məsələnin həllini özü göstərəcək.

-Qərbi Azərbaycan məsələsinin sülh razılaşmalarına daxil edilməsi regional sabitlik üçün nə qədər vacibdir?

-Qərbi Azərbaycan məsələsinin müsbət həlli, yəni, Qərbi Azərbaycan qaçqınlarının doğma evlərinə geri qayıtmaları bölgəyə dayanıqlı və əbədi sülhün gəlməsi deməkdir. Çünki bu iki xalqın birgəyaşayışı həmin sülhün yeganə və ən etibarlı qarantıdır. Gəlin açıq danışaq: mənim geriyə qayıdış hüququm təmin olunmasa, mən erməni ilə barışa bilərəmmi? Axı o torpaqlarda mənim əcdadlarımın məzarları var. O torpaqlarda mənim uşaqlığım, gəncliyim və həyatımın bir parçası qalıb və mən tək deyiləm. Mənim kimi yüz minlərlə insanlar var. Babaları 100 il bundan əvvəl Arazı keçib İğdıra, Qarsa gedənlərin övladları bu gün baba yurdları barədə danışanda gözləri dolur, dodaqları əsir. Ata-baba yurdlarının, əslinin-kökünün adını soyadlarında daşıyırlar: Abbas Gökçə, Cantürk Alagöz, Şamil Ayrım, Murtaza Qaraçanta və daha yüzlərlə, minlərlə digər insan... Belə olan şəraitdə mənim kimi qaçqınların hər gün nələr çəkdiyini təsəvvür edə bilirsinizmi? Əgər Qərbi Azərbaycan məsələsi sülh razılaşmalarına daxil olarsa, hesab edirəm ki, iki xalq arasında anlaşma daha sürətlə baş verəcək.

-Vaşinqton razılaşmasından sonra Qərbi Azərbaycan məsələsi yenə də beynəlxalq gündəmdə qalırmı?

-Vaşinqton razılaşmasının Qərbi Azərbaycan məsələsinin beynəlxalq gündəmdən çıxarılması kimi bir məzmunu yoxdur. Bu razılaşma iki dövlət arasında münasibətlərin tənzimlənməsi məsələsidir və bu, hər kəs tərəfindən alqışlanmalıdır, alqışlanır da. Qərbi Azərbaycan İcması olaraq biz də bunu alqışlayır və yüksək qiymətləndiririk. Üstəlik, bu anlaşmanın bizim dinc yolla qayıdışımızı daha da sürətləndirəcəyini düşünürük. Qərbi Azərbaycan məsələsi isə yüz minlərlə insanın beynəlxalq hüquqa söykənən haqqıdır və heç bir sənəd, heç bir anlaşma onu gündəmdən çıxara bilməz.

-Sülh müqaviləsi imzalanarsa, Qərbi Azərbaycan İcmasının yeni mərhələdə rolu necə dəyişəcək?

-Biz Qərbi Azərbaycana qayıdış uğrunda kortəbii mübarizə aparmırıq. Bu mübarizənin öz Konsepsiyası var və biz də həmin Konsepsiyanın prinsiplərinə tam şəkildə əməl edirik. Konsepsiyada qayıdışımızın bütün detalları əks olunub və heç bir mərhələdə Qərbi Azərbaycan İcmasının rolu dəyişdirilə bilməz. Bizim bir məqsədimiz var: elimizə, evimizə mütləq qayıtmaq!

Seçilən
23
1
azertag.az

2Mənbələr