AZ

Novruzəli Aslanov: “Tarixi yaddaş, milli kimlik və ana dili cənab Prezident İlham Əliyevin dövlətçilik konsepsiyasının əsas mənəvi dayaqlarıdır”



“Bu gün xalqın tarixi yaddaşının və milli kimliyinin qorunmasında elmin rolu xüsusi əhəmiyyət kəsb edir. Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyində etdiyi çıxış da elmin yalnız texnoloji deyil, həm də mənəvi missiyasına dair dərin düşüncələr üzərində qurulmuşdu. Həmin çıxışda qeyd olundu ki, Azərbaycanın tarixi, mədəni və etnik sərhədləri barədə tədqiqatlar təkcə akademik maraq predmeti deyil, həm də milli təhlükəsizlik məsələsidir. Dövlət başçısı öz çıxışında azərbaycanlıların indiki Ermənistana qayıdışı ideyasının elmi əsaslandırılmasının vacibliyini qeyd edərək bildirdi ki, “bu, ədalətin, tarixi həqiqətin və milli ləyaqətin bərpasıdır.” Bu fikir həm siyasi, həm də mənəvi baxımdan yeni mərhələnin başlanğıcı kimi səsləndi. Dövlət başçısı alimləri bu istiqamətdə faktlara, sənədlərə, xəritələrə və toponimlərə əsaslanan sistemli araşdırmalar aparmağa çağırdı. Əlbəttə ki, bu tədqiqatlar sadəcə keçmişi öyrənmək üçün deyil, həm də gələcəyin ideoloji təməlini möhkəmləndirmək üçündür.”

Bu sözləri aia.az-a açıqlamasında Milli Məclisin deputatı Novruzəli Aslanov deyib.

Millət vəkili cənab Prezident İlham Əliyev tərəfindən müstəqil Azərbaycan dövlətinin tarixinin tədqiqi və təbliğinin bugünkü elmi düşüncənin prioritetləri kimi elan olunmasının xüsusi önəm daşıdığını diqqət mərkəzinə çəkib: “Dövlət başçısı qeyd etdi ki, “biz öz tariximizi özümüz yazmalıyıq,” çünki bu, milli yaddaşın və suverenliyin qorunması üçün əsas şərtdir. Akademiyanın tarix, arxeologiya və etnoqrafiya institutlarının bu istiqamətdə fəaliyyətinin genişləndirilməsi də cənab Prezidentin birbaşa göstərişlərindən biridir. Tarixi tədqiqatlarla yanaşı, dil və mədəni irsin qorunması da elmi mühitin əsas vəzifələrindəndir. Azərbaycan dilinin saflığının qorunması dövlət siyasətinin prioritet istiqamətidir. O cümlədən “dil milli varlığımızın sütunudur” fikri elmi və ictimai müstəvidə dərin mənaya malikdir. Dövlət başçısı bu məsələdə alimlərin və ziyalıların xüsusi məsuliyyət daşıdığını vurğuladı. Diqqəti cəlb edən mühüm məqamlardan biri də budur ki, cənab Prezident İlham Əliyev öz çıxışının sonunda Zəfər dövrü ilə elmi-mənəvi yüksəliş arasında dərin əlaqə yaratdı. Qeyd olundu ki, 2020-ci ildə əldə edilən Qələbə təkcə hərbi və siyasi hadisə deyil, həm də milli şüurun və tarixi ədalətin təntənəsidir. Zəfər paradı zamanı dalğalanan üçrəngli bayraq, əslində, yüz illik elmi və mədəni zəhmətin simvoluna çevrilib. Bu tarixi Qələbənin arxasında xalqın birliyi, elmə və dərin biliklərə əsaslanan dövlətçilik düşüncəsi dayanır. Dövlət başçısının mənəvi dövlətçilik konsepsiyası da məhz bu birliyin ideoloji bazasını təşkil edir. Bu konsepsiyanın əsasında milli dəyərlərin müasir elmi düşüncə ilə sintezi dayanır. Azərbaycanın tarixi, dili, coğrafiyası və mədəniyyətinə dair tədqiqatlar yeni mərhələdə milli kimliyin gücləndirilməsi məqsədinə xidmət etməlidir. Cənab Prezident İlham Əliyevin səsləndirdiyi fikirlər təkcə elmi ictimaiyyətə deyil, bütün Azərbaycan cəmiyyətinə ünvanlanmış strateji mesaj idi – tarixi yaddaş, dil və kimlik üzərində qurulan dövlət əbədi möhkəm qalacaq” – deyə, Novruzəli Aslanov fikirlərini tamamlayıb.



Seçilən
14
aia.az

1Mənbələr