AZ

Sanae Takaiti KXDR lideri Kim Çen Inla görüşməyə hazırdır

Sanae Takaiti KXDR lideri Kim Çen Inla görüşməyə hazırdır

Yaponiya hökuməti yeni baş nazir Sanae Takaitinin KXDR lideri Kim Çen Inla görüşməyə hazır olduğunu təsdiqləyib.

AFN.az yerli mediaya istinadən xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin baş katibi Minoru Kixara mətbuat konfransında məlumat verib. Onun sözlərinə görə, baş nazir Takaiti KXDR Dövlət İşləri Komitəsinin sədri Kim Çen Inla danışıqlar aparmaq əzmini ifadə edib. Baş nazirin sözçüsü qeyd edib ki, Tokio artıq Pxenyana yüksək səviyyəli görüş keçirməyə hazır olduğu barədə rəsmi şəkildə məlumat göndərib.

Nazirlik rəsmisi diplomatik münasibətlərin həssas xarakterini əsas gətirərək, Pxenyana bu mesajın hansı formada çatdırıldığı və oradan hansı reaksiya alındığı barədə açıqlama verməyib. O, həmçinin danışıqların nə vaxt keçirilə biləcəyi sualından yayınaraq, Takaiti administrasiyasının qaçırılmış yapon vətəndaşları məsələsini mümkün qədər tez həll etməyə sadiq olduğunu vurğulayıb.

Yapon vətəndaşlarının KXDR tərəfindən 1970-ci illərdə qaçırılması məsələsi iki ölkə arasında ən gərgin problemlərdən biri sayılır. 2002-ci ildə Pxenyan 13 yapon vətəndaşının qaçırıldığını etiraf etmiş, onlardan yalnız 5 nəfərin Yaponiyaya qayıtmasına icazə vermişdi. Qalanları ölmüş elan edilmiş, ancaq göndərilən qalıqların autentikliyi təsdiqlənməmişdi. 2014-cü ildə Tokio və Pxenyan bu məsələni yenidən araşdırmaq barədə razılığa gəlmiş, lakin daha sonra komissiya Pxenyanın təşəbbüsü ilə ləğv edilmişdi.

Seçilən
32
afn.az

1Mənbələr