AZ

Rusiyanın Kstovo şəhərində iki neft obyekti vuruldu – FOTO / VİDEO

Bu gecə ərzində dronların hücumundan sonra Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərində “Lukoyl” neft bazası və neft-kimya zavodunun yaxınlığındakı sənaye zonasında yanğın baş verib.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Astra və Shot telegram kanalları məlumat yayıb.

Məlumata görə, noyabrın 4-nə keçən gecə Rusiyanın Nijni Novqorod vilayətinin Kstovo şəhərinin sakinləri partlayışlar barədə məlumat veriblər. Onların sözlərinə görə, şəhərdə ən azı doqquz partlayış səsi eşidilib və bunun nəticəsində evlərin pəncərələri silkələnib. Hadisə şahidlərinin çəkdikləri görüntülər hücumdan sonra başlayan yanğını əks etdirib.

“Astra” qeyd edir ki, kadrları təhlil edərək fotonun Novolikeyevo kəndindən çəkildiyi qənaətinə gəlib. Təhlillərə görə, yanğın sənaye zonasının iki neft şirkətinin – “SİBUR-Kstovo” və “Lukoil-Nijeqorodnefteorqsintez”in yerləşdiyi cənub-şərq hissəsində baş verib. Bü müəssisələr bir-birinə yaxın məsafədə yerləşirlər.

Rusiyanın aparıcı neft emalı zavodlarından biri olan “Lukoil-Nijeqorodnefteorqsintez” Moskva bölgəsi üçün vacib hesab olunur. Moskvaya benzin bu zavoddan boru kəməri ilə nəql olunur. Zavodda avtomobil, aviasiya, dizel yanacağı, həmçinin naften bitumları, parafinlər və digər bu kimi məhsullar daxil olmaqla 50-dən çox məhsul istehsal olunur.

Kstovo şəhəri Ukrayna ilə sərhəddən təxminən 800 km aralıda yerləşir.

Xatirə SADİQ

Seçilən
33
nocomment.az

1Mənbələr