AZ

Kənan Nəsibov: Hədəflərim böyükdür, məni daim fəxri kürsülərdə görəcəksiniz - MÜSAHİBƏ

Moldovanın paytaxtı Kişineuda keçirilmiş U-23 Avropa çempionatında ilk dəfə Azərbaycan cüdoçusu Kənan Nəsibov 100 kq-dan yuxarı çəki dərəcəsində qızıl medal qazanıb. Son zamanlar formada olan 21 yaşlı idmançı daha əvvəl Peru Qran Prisində bürünc medala sahib olub.

Nəsibov Sportnet.az-a açıqlamasında cüdoya gəlişi, U-23 Avropa çempionatı barədə təəssüratlarını bölüşüb, ən yuxarı çəkidə gürcüstanlı legioner Uşangi Kokauri ilə rəqabətindən danışıb və VI İslam Həmrəyliyi Oyunlarından kənarda qalmasının səbəbini açıqlayıb:

- Necə oldu ki, məhz cüdonu seçdiniz?

- Uşaq vaxtlarımda boyum balaca, özüm isə kök olmuşam. Valideynlərim məni idmana yazdırıblar ki, arıqlayım. Bir neçə il cüdo ilə məşğul olduqdan yarışlara çıxmağa başladım. Daim qalib olduğumu görən məşqçilər atama "Bu uşaqda çox irəliləyiş var. Bəlkə Kənana peşəkar idmançı kimi yanaşaq?" demişdilər. Özümün də, qalib olduqca yarışdan-yarışa həvəsim artdı. Nəticədə cüdoçu oldum.

- Avropa çempionatındakı qızıl medal karyeranızda əldə etdiyiniz medallar arasında nə qədər böyük yeri var?

- Həmişə Avropa çempionu olmaq istəmişəm. Bu, daim mənim arzum olub. Sevinirəm ki, artıq belə bir titulum var. Bu nailiyyətimə görə üzərimdə əziyyəti olan Mehdi Canəliyevə və millinin böyük məşqçisi Elxan Məmmədova minnətdaram. Onlar məni dəstəkləyiblər, yanımda olublar.

- Ən çətin rəqibiniz kim idi?

- Ən çətin rəqibim yarımfinalda gürcüstanlı Şalva Qureşidze oldu. 2023-cü il Avropa çempionatında Qureşidzeni tribunadan izləmişdim. O, həmin vaxt hər kəsi asanlıqla udur, gənclər arasında Avropa və dünya çempionu olurdu. Çox güclü idmançıdır. Bilirdim ki, nə vaxtsa ona rəqib olacağam. Qureşidzeyə qalib gələcəyimi beynimə yeritmişdm. Bu fikirlə də görüşə çıxdım və qələbə qazandım. Ümumiyyətlə, rəqiblərimin hamısını tanıyırdım. İlk görüşümdə çexiyalı Tomas Raska ilə üz-üzə gəldim. Əvvəlki iki qarşılaşmamda olduğu kimi, yenə Raskanı məğlub etdim. İkinci görüşümdə Gürcüstanın daha bir təmsilçisi Saba Kardavanı ötən il olduğu kimi, yenə məğlub etdim. Finalda isə polşalı Yakub Sordili beşinci görüşümdə dördüncü dəfə yendim.

- Ən yuxarı çəkidə ilk qızıl medalı siz qazandınız. Halbuki uzun illərdir bu çəkidə Uşangi Kokauri rəqabətsiz hökmranlıq edirdi...

- 2024-cü ildə Avropa kuboklarının heç birində uduzmamışdım, hamısının qalibi olmuşdum. Üstəlik, qitə çempionatının bürünc, dünya çempionatının gümüş medalını qazanmışdım. Halbuki, bunadək Avropa və dünya çempionatlarında heç vaxt ən yuxarı çəkidə medalçımız olmayıb. Bu ildən isə böyüklər arasında yarışlara qatılmağa başlamışam. İlk sınağım Paris Böyük Dəbilqəsi oldu. Təəssüf ki, Fransa paytaxtında uğursuz çıxış etdim. Daha dəqiqi, hakim səhvləri ilə uduzduruldum. Daha sonra Bakı və Düşənbə Böyük Dəbilqələrində medalın bir addımlığında yenilərək, 5-ci yeri tutdum. Daha sonra 3-4 aylıq məşqlərimiz oldu. Çox güclü hazırlıq prosesindən sonra ötən ay Perunun paytaxtı Limada Qran Pridə çıxış etdik. Orada Uşangi Kokauri ilə birlikdə idim. Elə alındı ki, Peruda Uşangi 7-ci yeri tutdu, mən isə bürünc medal qazandım.

- Səudiyyə Ərəbistanında keçiriləcək VI İslam Həmrəyliyi Oyunlarından kənarda qalmağınıza səbəb nə oldu?

- İslamiadaya gedə bilərdim, amma Meksika Qran Prisində Uşangi qızıl medal qazandı. Nəticədə onun şansı çoxaldı. Düşünürəm ki, buna görə də məşqçilər heyəti onun adını iştirak siyahısına yazmağı qərara aldı. Baş məşqçi Riçard Trautman kimi yazıb-yazmamağın gərəkliyini bilir. Mən buna bir qismət deyərdim. Xeyirlisi nədirsə, o olsun. Allah hamıya öz ürəyinə görə versin.

- Artıq yeni lider kimi sizi qəbul etmək olarmı?

- Hədəflərim böyükdür. İnşallah, məni daha böyük yarışlarda fəxri kürsülərdə görəcəksiniz.

İdman.Biz

Seçilən
30
1
idman.biz

2Mənbələr