AZ

Astronomlar Günəşin ölümündən sonra Yerdə nələr olacağını gördülər

BAKI, 4 noyabr. TELEQRAF

Araşdırma zamanı bəlli olub ki, LSPM J0207+3331 adlı həyatını çoxdan bitirməli olan ağ cırtdan ulduz gözlənildiyindən xeyli dərəcədə daha fəaldır. Havay adalarındakı rəsədxanada aparılan müşahidələr göstərib ki, ulduzun atmosferində dəmir, nikel, silisium və kalsium da daxil olmaqla 13 ağır elementin izləri mövcuddur.

Teleqraf xəbər verir ki, bu barədə “Daily Galaxy” mlumat yayıb.

Nəşrin yazdığına görə, bu fakt ulduzun məhv olmuş bir planetin qalıqlarını sözün əsl mənasında udduğunu göstərir.

Astronomlar belə güman edirlər ki, ulduzun atmosferinə düşən maddələr ən azı 200 kilometr diametrli bir cisimdən gəlir. Ehtimala görə, bu cisim ulduzun cazibə qüvvəsi ilə parçalanıb. Adətən, hidrogen atmosferli ağ cırtdanlarda ağır elementlər tez bir zamanda dərin qatlara çökür. Buna görə də, indi onların mövcudluğu o deməkdir ki, planetar tullantıların udulması prosesi real vaxtda da davam edir.

Monreal Universitetindən professor Patrik Dyufor deyib ki, bu elementlərin miqdarı bu yaşda olan ulduz üçün qeyri-adi dərəcədə çoxdur. Kimyəvi tərkibin analizi göstərib ki, məhv olmuş cisim metal nüvə və torpaqlı örtüyə malik olub. Bu, dəmir, nikel və kobaltla zəngin olan Yer kürəsinə bənzəyir. Bu da onu göstərir ki, ulduz kiçik bir planetin dərinliklərindən qopan qalıqları udur.

Bu planetin qalıqları ağ cırtdan ətrafında xarakterik infraqırmızı işıq saçan isti toz halqası əmələ gətirib. Bu halqa ilk dəfə 2019-cu ildə müşahidə olunub. İndi alimlər müəyyən ediblər ki, həmin halqa ulduza çox yaxınlaşan bir planetin dağılması nəticəsində yaranıb.

“Artıq aydındır ki, ulduz məhv olduqdan sonra da sistemin sabitliyini nəsə pozub”, - araşdırmada iştirak edən Con Debes bildirib.

Bu kəşf onu göstərir ki, hətta ölü ulduzlar belə, ölümlərindən milyardlarla il sonra dinamik cəhətdən aktiv qala bilirlər.

Tədqiqatçılara görə, bu pozuntuların səbəbi uzaqda fırlanan qaz nəhəngləri ola bilər. Bu nəhəng planetlər hələ də ağ cırtdan ətrafında dövr edir və onların cazibə qüvvəsi kiçik cisimlərin orbitlərini tədricən dəyişdirə bilir. Bu, “gecikmiş dinamik qeyri-sabitlik modelləri” ilə uyğun gəlir, həmin modellərə görə, planet sistemləri mərkəzi ulduz öldükdən milyardlarla il sonra belə yavaş-yavaş dağılmağa davam edə bilər.

Tədqiqatın əsas müəllifi, Monreal Universitetindən Erika le Burda söyləyib ki, LSPM J0207+3331-in aktivliyi ulduzların ölümündən sonrakı mərhələ haqqında təsəvvürləri dəyişir. Əgər bu cür proseslər geniş yayılıbsa, uzaq gələcəkdə onlar bizim Günəş sistemimizə də təsir göstərə bilər: Günəş ağ cırtdana çevrildikdə, planetlər və asteroidlərin orbitləri dəyişə, toqquşa və LSPM J0207+3331 ətrafındakı kimi toz halqaları əmələ gətirə bilər.

Seçilən
40
teleqraf.com

1Mənbələr