AZ

Azərbaycan elminin qürur ünvanı: AMEA-nın 80 illik şərəfli yolu – Tənzilə Rüstəmxanlı yazır

Azərbaycan Milli Elmlər Akademiyası yarandığı vaxtdan etibarən nailiyyətlərlə zəngin bir yol keçmiş, respublikanın elmi-intellektual potensialını milli sərvətə çevirən mərkəz kimi tanınmışdır.

media-d4fba850_6132_4cb3_b6f4_35a74d979e54_1761911289

Akademiyanın ötən müddət ərzindəki səmərəli fəaliyyətinin əsasında elmin zamanın tələblərinə uyğun prioritet problemlərinin araşdırılması, ən müxtəlif elmi istiqamətlər üzrə yüksək hazırlıqlı kadrların yetişdirilməsi, elmi məktəblərin formalaşdırılması və nüfuzlu beynəlxalq elm qurumları ilə qarşılıqlı əlaqələrin genişləndirilməsi prinsipləri dayanmışdır.

Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyinə həsr olunmuş yığıncaqda çıxış edən Prezident İlham Əliyev bir sıra mühüm mesajlar verərək bu zəngin elm məbədimizin şanlı tarixindəki rolunu, müasir inkişafımızdakı əhəmiyyətini dəyərləndirdi.

Bu elm mərkəzində yüzlərlə alim həyatlarını Akademiyanın inkişafına həsr edərək parlaq və sanballı şəxsiyyətlər kimi Azərbaycanda dəyərli alimlər yetişdiriblər.

Azərbaycan elminin inkişafında, Elmlər Akademiyasının yüksəlişində Ulu Öndər Heydər Əliyevin əvəzsiz xidmətləri çox böyükdür: “Ulu Öndər Akademiyanı “Müqəddəs elm ocağı” adlandırırdı.

O, hələ ölkəmizə rəhbərlik etdiyi birinci dövrdə Akademiyaya xüsusi qayğı ilə yanaşaraq 30 dekabr 1969-cu ildə 25 illik yubileyinin keçirilməsi haqqında tarixi qərar imzalamışdı. 70-ci illərdə Ulu Öndər Akademiyanın müxtəlif institut və bölmələrini yaratmaqla elmimizin inkişafına töhfələr vermişdir.

Prezident İlham Əliyev də Milli Elmlər Akademiyasına davamlı diqqət və qayğısını əsirgəməyib. Onun 2010-cu ildə AMEA-nın illik yığıncağında iştirakı, çıxışı və dəyərli tövsiyələri AMEA-ya xüsusi hörmətin əlamətidir.

Onun AMEA-nın 80 illik yığıncağında iştirakı və alimlər qarşısında çıxışı həm elmi ictimaiyyət, həm də bütövlükdə cəmiyyət üçün yeni istiqamətlər müəyyənləşdirən tarixi bir nitq kimi dəyərləndirilməlidir. Dövlətimizin başçısı qeyd etdi ki, bu gün süni intellekt ölkələrin gələcək inkişafının ayrılmaz hissəsidir. Azərbaycanda süni intellektin həm inkişafı, həm də həyatda, iqtisadiyyatda, texnoloji inkişafda tətbiqi bu gün reallıqdır.

Bu fikirlər bir daha göstərir ki, Prezident İlham Əliyev elmin müasir çağırışlarını dərindən təhlil edir və ölkəmizin gələcək inkişafında innovasiyaların, texnologiyanın və rəqəmsallaşmanın rolunu xüsusi vurğulayır.

Prezidentin bu mesajları təsadüfi deyil. Bu gün AMEA-nın qarşısında yeni üfüqlər açılıb, sağlam yaradıcılıq mühiti və əsl elmi rəqabət meydanı yaranıb, Akademiya əqidəli və layiqli insanların elm ocağı kimi yeni mərhələsini yaşayır.

Öz ərazi bütövlüyünü və suverenliyini bərpa etmiş Azərbaycan qarşısında və elm və təhsilin, sənayenin vəhdətini quran AMEA qarşısında yeni vəzifələr durur. 80 illik yubiley mərasimində Prezident İlham Əliyevin də vurğuladığı kimi, Akademiyamız Azərbaycanın yeni inkişaf reallıqlarına uyğun elmi-iqtisadi-sənaye uğurları, intellektual mülkiyyət, zəka məhsulları yaradılmasına töhfə verməlidir. İnanıram ki, AMEA qarşıya qoyulan bu tapşırıqları yerinə yetirəcək.

Seçilən
26
2
interpress.az

3Mənbələr