AZ

“Monqol əti”nin Bakıda bu qədər ucuz satılması səbəbsiz deyilmiş...


Akif Nəsirli: “Bu vəziyyət uzun müddət davam etsə, yerli istehsal iflasa uğrayacaq və ət idxalından asılılıq daha da çoxalacaq”

Son günlər ölkəmizə Monqolustandan gətirilən ət məhsullarının artması ilə bağlı xəbərlər geniş yayılıb.

Açıqlanan rəsmi məlumatlara görə, Azərbaycan Monqolustandan ət idxalını kəskin artırıb. 2023-cü ildə Azərbaycan bu ölkədən cəmi 40 ton təzə, soyudulmuş və ya dondurulmuş qoyun və ya keçi əti idxal edib. 2024-cü ilin təkcə birinci rübündə ölkəmizə Monqolustandan 121 ton ət gətirilib. Məlumata görə, bu ətin kilosu Azərbaycana 4 manata gəlib çıxır. Hazırda satışda kilosu cəmi 12 manata satılan bu ətlər artıq bir çox marketin vitrinində yerli məhsulları sıxışdırır.

Maraqlıdır, Monqolustandan gətirilən ətlərin ucuz satılmasının səbəbi nədir və bunun iqtisadiyyata təsiri varmı?

“Monqolustandan gətirilən ətin ucuz olmasının əsas səbəbi həmin ölkədə ətin maya dəyərinin aşağı olması ilə bağlıdır”

Libarel İqtisadçılar Birliyinin sədri Akif Nəsirli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, Monqolustandan gətirilən ətin ucuz olmasının əsas səbəbi həmin ölkədə ətin maya dəyərinin aşağı olması ilə bağlıdır: “Yəni adıçəkilən yerdə geniş otlaq əraziləri var, 3-5 min qoyuna 1 çoban nəzarət edir. Mal-qaranın saxlanması üçün Monqolustanda hər bir şərait var. Monqolustan bazarında ətin qiyməti 2-3 dollar arasında dəyişir. Etiraf edək ki, Monqolustan valyutası çox zəifdir. Həmin ətin keyfiyyəti isə yüksəkdir. Sadəcə olaraq, həmin ət dondurulmuş vəziyyətdə gətirilir. Məlumat üçün deyim ki, 8-ə yaxın nadir ferment var. Həmin fermentlərdən 2-si dondurulma zamanı ölür. Məhv olan 2 ferment yalnız qırmızı ətdə olur. Ancaq zülal mənbəyi kimi istehlakı normaldır”.

Iqtisadçı onu da əlavə etdi ki, monqol ətlərinin ucuz olması Azərbaycan bazarında dalğalanmalar yaradacaq: “Ucuz ət yerli ətin müştərilərinin bir hissəsini özünə cəlb edəcək və rəqabət yaranacaq. Bu rəqabət nəticəsində yerli ətin ucuzlaşması üçün müəyyən şərait yaranacaq. Məlum vəziyyət uzun müddət davam etsə yerli istehsal iflasa uğrayacaq və ət idxalından asılılıq daha da çoxalacaq. Bu səbəbdən də hökumət daxili bazarların qorunması üçün müəyyən tədbirlərə əl atmalıdır. Belə ki, heyvandarlıqla məşğul olan fermerlər stimullaşdırmalıdır ki, onların istehsal etdiyi ətin maya dəyəri aşağı düşsün. Belə olarsa, yerli fermerlər istehsal etdiyi əti bazara ucuz qiymətə çıxara bilər”.

Ekspertin fikrincə, ət bazarı tam özünə gələndən sonra idxala müəyyən kvotalar qoymaq və həmin kvota ilə bazarı bazarı qorumaq olar.

Günel CƏLİLOVA

Seçilən
17
baki-xeber.com

1Mənbələr