AZ

YAP-a keçəcəyi deyilən Vüqar Bayramov: “Kimsə müxalifətlə bağlı fikrini deyirsə, o demək deyil ki, digər partiyanın üzvü olmalıdır”

Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramovun parlamentin 31 oktyabrda keçirilən plenar iclasındakı çıxışında müxalifətin bir qismini “toksik” adlandırması, AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə yaşanan iqtisadi tənəzzüldən danışması müzakirələrə səbəb olub. Deputatın hökumətyönlü çıxışının fonunda onun bitərəf olması gündəmə gətirilib, hakim Yeni Azərbaycan Partiyasına (YAP) üzv olacağı barədə iddialar səsləndirilib.

 

V.Bayramov Pravda.az-a açıqlamasında deyib ki, hər bir millət vəkilinin, eyni zamanda ictimai şəxsin proseslərə sərbəst və müstəqil şəkildə münasibət bildirmək imkanları var.

 

O, Milli Məclisdəki çıxışının müstəqil bir iqtisadçının yanaşması olduğunu bildirib: “Öz çıxışımda Azərbaycan iqtisadiyyatının həm tənəzzül, həm də inkişaf mərhələlərinə diqqət yetirdim. Xüsusilə, Azərbaycan Xalq Cəbhəsi və Müsavat partiyalarının dövründə sənaye və kənd təsərrüfatında kəskin azalmanı, tənəzzülü, növbəti mərhələlərdə isə artımı xarakterizə etdim. Müstəqil millət vəkillərinin müstəqil mövqeyi var. Mən də Milli Məclisdə hər zaman müstəqil mövqeyimi nümayiş etdirir, iqtisadi, o cümlədən siyasi məsələlərə müstəqil şəkildə şərh verməyə çalışıram. Bu baxımdan, belə yanaşma doğru deyil. Kimsə müxalifətlə bağlı öz fikrini deyirsə, o demək deyil ki, digər partiyanın üzvü olmalıdır. Əksinə, müstəqil mövqe bu istiqamətdə öz fikirlərini təqdim etməyə daha da imkan verir. Milli Məclisdə istənilən çıxışım müstəqil mövqeyimdir. Bitərəf deputat olaraq növbəti dövrlərdə də bu mövqeyim davam etdiriləcək”.

 

Qeyd: V.Bayramov 31 oktyabrda keçirilən iclasda çıxış edərkən təəssüf hissi ilə deyib ki, Azərbaycanın zəfərini həzm edə bilməyən daxili marjinal siyasi qruplar son zamanlar həyata keçirilən islahatlara sosial şəbəkədə kölgə salmağa çalışırlar: “Xüsusilə, iqtisadi islahatlarla bağlı fərqli və qərəzli fikirləri yaymağa cəhd göstərirlər. Azərbaycan iqtisadiyyatı müstəqillik dövründə üç mərhələdən keçib. Birinci mərhələ məhz AXC-Müsavat qrupunun iqtidarda olduğu dövrdə yarıtmaz fəaliyyəti nəticəsində Azərbaycan iqtisadiyyatında müşahidə edilən tənəzzüllə bağlı idi. Həmin dövrdə sənaye və kənd təsərrüfatı istehsalı 2,7 dəfə azaldı. Ümummilli liderimizin yenidən hakimiyyətə qayıtması Azərbaycan iqtisadiyyatında ikinci mərhələnin yaşanmasına imkan verdi. 1993-2003-cü illərdə həyata keçirilən islahatlar praktik olaraq birinci tənəzzülün aradan qaldırılmasına və iqtisadi inkişafın bərpasına imkan verdi. 1996-2002-ci illərdə ÜMD 71% artdı. Kənd təsərrüfatında 40,3%, nəqliyyat və rabitədə 4,2 dəfə artım qeydə alındı. Praktik olaraq bu gün toksik müxaifətin iqtidarda olduğu dövrdə həyata keçirdiyi yarıtmaz siyasət nəticəsində toksikləşmiş iqtisadiyyat Ümummilli Liderin rəhbərliyi ilə sağlamlaşdırıldı, Azərbaycan iqtisadiyyatı inkişaf mərhələsinə qədəm qoydu. Cənab Prezidentin 22 illik hakimiyyəti dövründə Azərbaycan iqtisadiyyatı bütövlükdə 4 dəfədən çox artıb. Bu baxımdan, toksik müxalifətin yaymağa çalışdığı qərəzli fikirlər sadəcə fikirlərdən başqa heç nə deyil”.

 

Aytəkin Qardaşova

Tarix: 4 Noyabr 2025, 08:44   
Seçilən
35
pravda.az

1Mənbələr