AZ

ZƏFƏR gündəliyi

İlham ƏLİYEV: "Biz Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik"

Düşmənin 2 "T-72" tankı, 3 "D-30" haubitsa topu, 1 zenit qurğusu məhv edilib

Noyabrın 4-də gecə Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində Azərbaycan Ordusu bölmələrinin yerləşdiyi mövqeləri və yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlar, top və minaatanlardan atəşə tutub.

Döyüş əməliyyatları davam edib. Düşmən cəbhənin bəzi sahələrində şəxsi heyət və hərbi texnikada itkilər verərək geri çəkilməyə məcbur edilib.

Sutka ərzində düşmənin xeyli sayda canlı qüvvəsi, 2 ədəd "T-72" tankı, 3 ədəd "D-30" haubitsa topu, 1 ədəd "Zastava M-55" zenit qurğusu, 1 ədəd taktiki PUA-sı, 3 ədəd hərbi yük maşını məhv edilib və sıradan çıxarılıb.

Prezident İlham Əliyev xalqa müjdəli xəbər verib

Prezident İlham Əliyev xalqa müjdəli xəbər verib. Dövlət başçısı özünün "X" hesabında paylaşım edərək bildirib: 

"Müzəffər Azərbaycan Ordusu Cəbrayıl rayonunun Mirək, Kavdar, Zəngilan rayonunun Məşədiismayıllı, Şəfibəyli, Qubadlı rayonunun Başarat, Qarakişilər, Qaracallı kəndlərini işğaldan azad etmişdir.

Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!"

Ağdam və Tərtər artilleriya atəşinə tutulub

Saat 10:00-dan başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Ağdam rayonunun kəndlərini intensiv artilleriya atəşinə tutub. Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin atəş nöqtələrinə qarşı cavab tədbirləri görülüb.

Tərtər şəhəri və rayonun Şıxarx qəsəbəsi Ermənistan silahlı qüvvələrinin bölmələri tərəfindən artilleriya atəşin tutulub.

Düşmənin xüsusi hazırlanmış "M-55" zenit qurğusu məhv edilib

Azərbaycan Ordusunun bölmələri tərəfindən düşmənin hərbi texnikalarının sıradan çıxarılması üzrə fəaliyyətlər davam etdirilib.

Cəbhənin Xocavənd istiqamətindəki yüksəkliklərdən birinə çıxarılmış Ermənistan silahlı qüvvələrinin 1 ədəd "M-55" zenit qurğusu dəqiq atəşlə məhv edilib.

1955-ci ildə istehsal edilmiş, yüngül zirehli çoxməqsədli transportyor üzərində quraşdırılmış 20 mm-lik 3 topdan ibarət zenit qurğusu aşağı hündürlükdə uçan hədəfləri və canlı qüvvəni məhv etmək üçün nəzərdə tutulub.

İlham Əliyev: "Biz öz torpağımızda döyüşürük"

Prezident İlham Əliyev İspaniyanın "EFE" informasiya agentliyinə müsahibə verib.

Cəbhədəki vəziyyəti dəyərləndirən dövlət başçısı deyib ki, Azərbaycan Ordusunun üstünlüyü davam edir: "Biz bir-birinin ardınca kəndləri, şəhərləri azad edirik. Döyüş meydanındakı bu müddət ərzində Azərbaycan, demək olar ki, 30 il işğal altında olan ərazisinin böyük hissəsini azad edib. Azərbaycan Ordusunun uğurlu hücum əməliyyatı davam edir. Bu, bir daha onu göstərir ki, biz güclü ölkəyik və öz torpağımızda döyüşürük. Biz Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini, Azərbaycanın ərazi bütövlüyünü bərpa edirik. Yeri gəlmişkən, biz BMT Təhlükəsizlik Şurasının Ermənistan qoşunlarının bizim ərazilərimizdən çıxarılmasını tələb edən, lakin Ermənistan tərəfindən demək olar ki, 30 il ərzində əməl olunmayan qətnamələrini icra edirik".

Atəşkəsin elan olunmasına və savaşın dayandırılmasına gəlincə isə Prezident deyib ki, Ermənistan elan edilmiş humanitar atəşkəs rejimini hər dəfə pozaraq dinc əhalini hədəfə alıb. Belə olan halda Azərbaycan üçün başqa yol qalmayıb: "Biz hərbi əməliyyatları davam etdirmək istəmirik və mən dəfələrlə demişəm və bu gün də təkrar edə bilərəm, əgər Ermənistanın baş naziri şəxsən özü, bu qan tökülməsinə görə məsuliyyət daşıyan şəxs belə bir bəyanat versə, biz dərhal dayanmağa hazırıq, dərhal. Mən sözünə əməl edən insanam və biz bunu edərik. Lakin o, bunu demir. O, vaxt qazanmaq istəyir, daha çox hərbi yardım əldə etmək üçün atəşkəs istəyir, Azərbaycana qarşı yeni hücumlar etmək və bizim azad etdiyimiz əraziləri geri almaq üçün bu atəşkəsdən istifadə etmək istəyir. Onun niyyəti bundan ibarətdir". 

Prezident vurğulayb ki, məhz bu səbəbdən də Azərbaycan Ordusu torpaqlarımızı işğaldan azad etməyincə dayanmayacaq. 

Zəngilanda düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb

Ermənistan-Azərbaycan dövlət sərhədinin Zəngilan rayonu sahəsində bölmələrimizə qarşı düşmənin diversiya cəhdinin qarşısı qətiyyətlə alınıb.

Ciddi döyüş itkiləri verən düşmənin kəşfiyyat-diversiya qrupu geri çəkilməyə məcbur edilib.

R.BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
34
azerbaijan-news.az

1Mənbələr