Həm də qəhrəmanlıq yolunun davamçısı idi
İkinci Qarabağ müharibəsində qəhrəmanların qanı bahasına düşmənə "əsir" düşən müqəddəs Vətən torpaqları 44 günün içində azadlığa qovuşdu və bununla Azərbaycanımızın yeni, şanlı tarixi yazıldı.
Bu şərəfli yolda oddan-alovdan keçib sinəsini Vətənə sipər edən minlərlə qeyrətli igidlərdən biri də polkovnik-leytenant Orxan Nadir oğlu Əkbərovdur. Müharibə meydanında son nəfəsinə qədər yağıya qan qusduran, 38 yaşında əbədiyyətə qovuşan Orxanın şərəfli ömür yolu Vətəninə, torpağına məhəbbət mücəssəməsinə dönərək gələcək nəsillər üçün də örnək oldu.
1982-ci ildə Biləsuvarda ziyalı ailəsində dünyaya göz açan Orxan Əkbərov Vətəninə, xalqına, insanlığa ilahi bir sevgi ilə boy atıb, yetkinlik yaşına çatıb. Yurdunun taleyi onu daha çox düşündürüb və belə bir vaxtda hərbçi olmağı özünə ən doğru yol bilib. Orta təhsilini başa vurduqdan sonra - 2000-ci ildə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub. Burada hərbi biliklərə mükəmməl yiyələnib, Vətənə olan sevgisini nümunəvi davranışı ilə göstərib, həmçinin vacib təlimlərdə əla döyüşçü keyfiyyətləri nümayiş etdirib. Üstəlik, idmanın boks növünə həvəsi qatıldığı bütün yarışlarda Orxana uğur qazandırıb.
Leytenant rütbəsi alan Orxan 2005-ci ildə Təlim Tədris Mərkəzində daha bir il oxumaqla peşəsinə ürəkdən bağlı bir bacarıqlı kəşfiyyatçı kimi yetişib. Füzulidəki "N" saylı həbi hissədə taqım komandiri, sonra bölük komandiri vəzifəsində çalışmaqla canından artıq sevdiyi doğma Azərbaycana şərəflə xidmət edib, cəsurluğu, igidliyi, mərdliyi, əsgərlərinə məhəbbətlə yanaşması ona saf sevgi gətirib. Özü necə Vətəni sevibsə, əsgərlərinə də bunu öyrədib. Hər qarış torpağı uğrunda canından keçməyə hazır olan Orxan idman yarışlarından da qalmır, həmişə yüksək nəticələrlə əsgərlərini sevindirib. Bir qayda olaraq düşmən tapdağına dönən torpaqları azad etmək naminə təlimlər zamanı gücünü durmadan artırıb, çətin tapşırıqları belə uğurla yerinə yetirib, əsgərləri, zabitləri qələbəyə kökləyib. Qəlbində gəzdirdiyi ən ülvi istək isə müqəddəs Şuşa torpağının bağrına üçrəngli bayrağımızı sancmaq olub.
Orxan Əkbərovun 14 illik xidməti ön cəbhədə keçib. O, bununla qürur duyub, peşəkar zabit kimi özünə hörmət, şöhrət qazandırıb. İllər ötdükcə artan zəngin təcrübəsi, cəsarəti yağının gözünə ox olub. Beyləqan və Ağdam rayonlarında "N" saylı hərbi hissələrdə kəşfiyyat rəisi olduğu zaman dəfələrlə ən yaxşı döyüş hazırlığı adına layiq görülüb. Cəbhə xəttində erməni dığaları ilə qarşı-qarşıya gələndə onların layiqli cəzasını verib. Orxanın odla-alovla çarpışan günləri çox olsa da, Vətən məhəbbəti, düşmənə amansız nifrəti bir an belə azalmayıb. Nümunəvi xidməti nəzərə alınaraq "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illiyi", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 95 illiyi" yubiley, "Qüsursuz xidmətə görə 3-cü dərəcəli", "Qüsursuz xidmətə görə 2-ci dərəcəli" medallarla təltif edilib.
Həmişə Ali Baş Komandanın döyüş əmrini böyük intizarla gözləyən Orxan Əkbərov 2016-cı ilin Aprel döyüşlərinin iştirakçısı olub. O, əsgərlərinin önündə olmaqla Lələtəpə istiqamətində düşmənin alınmaz qala hesab etdiyi beş postun istehkamlarını başına sovurub. Horadiz istiqamətində meşədə çoxlu sayda xüsusi təyinatlı düşmən əsgərinin məhv edilməsində xüsusi rəşadət göstərib. Eyni zamanda düşmənə kömək üçün tələsən bölüyün silahla dolu 5 avtomobili, 60 nəfərlik canlı qüvvəsi Orxanın komandanlığı ilə məhv edilib. Hər gün düşmənlə üz-üzə durub ölümün gözünə dik baxan kəşfiyyatçı komandir daşnaklara ciddi itki verməklə onların cəbhədə törətdiyi təxribatların qarşısını vaxtında ala bilib. Azərbaycanın qəhrəman oğlu 2020-ci ildə Tovuz istiqamətində gedən döyüşdə də yağıya, sözün əsl mənasında, qan uddurub.
2020-ci il sentyabrın 27-də Ali Baş Komandanın hücum əmri gələndə polkovnik-leytenant Orxan Əkbərov silaha sarılıb, sinəsini Vətənə sipər edib. Mərdliklə vuruşub, bir-birindən çətin döyüşlərdən zəfərlə çıxıb. Şuşanı azad görmək arzusu ilə igid döyüşçü düşmənə göz açmağa imkan verməyib, 200-dən çox erməni əsgərinin axırına çıxıb, bir neçə silah dolu maşınını məhv edib. Polkovnik-leytenant 2 oktyabr 2020-ci il Füzuli istiqamətində gedən döyüşdə düşmən snayperi ilə açılan atəş nəticəsində şəhadətə ucalıb. Doğma Biləsuvar rayonunda canı qədər sevdiyi torpağa tapşırılıb. Dövlət başçısının sərəncamı ilə ona "Vətən Müharibəsi Qəhrəmanı" adı verilib, "Vətən uğrunda" və digər medallarla təltif olunub. Ailəli olan şəhidimizin Vətənə əmanət iki övladı yadigar qalıb.
Zəfər ORUCOÜLU