AZ

Sevgilisini restoranlara aparmaq üçün onun zinət əşyalarını oğurladı

Moskva məhkəməsi sevgilisinə məxsus zinət əşyalarını və gümüş məmulatlarını oğurladığı üçün bir kişini təqsirli bilib. AzPost RİA Novosti-yə istinadla xəbər verir ki, o, əldə etdiyi pulu cütlüyün birgə istirahətinə və restoranlara getməsinə xərcləyirmiş.

Məlumata görə, gənclər 2019-cu ildə biologiya kurslarında tanış olublar və 2023-cü ilin sentyabrına qədər münasibətdə olublar. Son bir il ərzində kişi sevgilisinin evindən mütəmadi olaraq qızıl və gümüş əşyalar apararaq onları lombarda təhvil verib. Lombarddan aldığı vəsaitlə isə sevgilisi ilə restoranlara gedib və əyləncələr təşkil edib.

Qız ilkin olaraq evdəki pulun və “Cartier” markalı zinət əşyalarının yoxa çıxmasını müəyyən edib. Kişi həmin əşyaları maliyyə çətinliyinə görə satdığını etiraf edib və onları geri qaytarıb. Lakin daha sonra məlum olub ki, evdə başqa qiymətli əşyalar da itib və onların bəzisi zərərçəkənin anasına məxsus olub. Bu vəziyyət ailəni hüquq-mühafizə orqanlarına müraciət etməyə vadar edib.

Məhkəmə zamanı təqsirləndirilən şəxs günahını qismən etiraf edib, lakin qızıl qolbağın oğurlanması faktını inkar edib. O, törətdiyi əməldən sonra psixoloji çətinliklər yaşadığını və iş tapa bilmədiyini bildirərək ziyanın ödənilməsini təxirə saldığını söyləyib.

Məhkəmə onun hərəkətlərini “xüsusilə böyük məbləğdə oğurluq” kimi qiymətləndirib və üç il müddətinə ümumi rejimli cəzaçəkmə müəssisəsinə göndərilməsi barədə hökm çıxarıb. Maddi zərərin ödənilməsi ilə bağlı iddia təmin edilsə də, mənəvi zərərin ödənilməsinə dair tələbi məhkəmə rədd edib. Hökm elan olunduqdan dərhal sonra təqsirləndirilən şəxs zalda həbs edilib.

AzPost.az

Seçilən
61
1
azpost.info

2Mənbələr