AZ

Qərbi Azərbaycan Xronikası: "Tarixi abidələr sübut edir ki, Dərələyəzin köklü sakinləri azərbaycanlılardır"

"Qərbi Azərbaycan Xronikası" layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
 
Jurnalist Rufik İsmayılovun budəfəki müsahibi Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) şöbə müdiri, filologiya elmləri doktoru, professor İbrahim Bayramov olub. O, Qərbi Azərbaycanın yetişdirdiyi şəxsiyyətlərdən biri - filologiya elmləri doktoru, professor, Əməkdar elm xadimi Həsən Mirzəyevin həyat və fəaliyyətindən söhbət açıb. Bildirib ki, 1927-ci ildə Qərbi Azərbaycanın Dərələyəz mahalının Keşişkənd rayonunun Qovuşuq kəndində anadan olan dilçi-alim, doğma kəndində orta təhsil aldıqdan sonra Naxçıvan Dövlət Müəllimlər İnstitutunda, ardınca ADPU-da ali təhsil alıb.
 
Müsahib bildirib ki, Həsən Mirzəyev əmək fəaliyyətinə doğma kəndində orta məktəb müəllimi kimi başlayıb. Sonralar xalq maarif şöbəsinin inspektoru və Qovuşuq kənd orta məktəbinin direktoru vəzifələrində çalışıb. Həsən Mirzəyev ADPU-da Azərbaycan dilçiliyi ixtisası üzrə aspiranturanı bitirdikdən sonra ömrünün sonunadək bu ali təhsil ocağında işləyib. Burada o, müxtəlif illərdə müəllim, baş müəllim, dosent, professor, kafedra müdiri və dekan vəzifələrini tutub.
 
İbrahim Bayramov vurğulayıb ki, professor Həsən Mirzəyevin geniş elmi fəaliyyəti filologiyanın bütün sahələrini əhatə edib. Xüsusən dilçiliyimizdə feil bəhsini Həsən Mirzəyevin qədər dərindən araşdıran ikinci alim olmayıb.
 
Müsahib professor Həsən Mirzəyevin doğulub boya-başa çatdığı Dərələyəz mahalından, Qovuşuq kəndindən, bu yaşayış məntəqəsinin tarixindən də danışıb. Bildirib ki, buradakı tarixi abidələr Dərələyəzin köklü sakinlərinin azərbaycanlılar olduğunu sübut edir. O, ermənilərin Qərbi Azərbaycanda, o cümlədən Dərələyəzdə vandalizm aktları törətdiyini dilə gətirib.
 
Qovuşuq kəndinin çoxsaylı şəxsiyyətlər yetişdirdiyini, onların el-obanın taleyində özünəməxsus rol oynadığını diqqətə çatdıran İbrahim Bayramov professor Həsən Mirzəyevin də Azərbaycan sevdalısı bir ziyalı olduğunu söyləyib. Deyib ki, Həsən Mirzəyev özü bir tarixdir. O, ümummilli lider Heydər Əliyevin siyasətini dəstəkləyib və təbliğ edib. Təsadüfi deyil ki, Həsən Mirzəyev məşhur "91-lər"in əsas simalarından biri kimi tarixin yaddaşında qalıb. Həsən Mirzəyev ulu öndər siyasi kursunun layiqli davamçısı, Prezident İlham Əliyevin də etimadını öz fəaliyyəti ilə hər zaman doğruldub.
 
Müsahibin sözlərinə görə, Həsən Mirzəyev taleyinə Vətən həsrəti yazılan ziyalı olub. O, bu həsrəti öz yaradıcılığında daim büruzə verib. Həsən Mirzəyev Dərələyəzi ümumilikdə Qərbi Azərbaycan kimi simvollaşdırıb, doğma yurdun tarixini araşdırıb, bu mövzuda kitablar yazıb. Həyatı, yaradıcılığı, elmi fəaliyyəti dövründə Azərbaycanın taleyini düşünən Əməkdar elm xadimi, millət vəkili Həsən Mirzəyevin bu xidmətləri dövlətimiz tərəfindən yüksək qiymətləndirilib.
 
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri - qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
 
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi "XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin", - fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
 
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Seçilən
42
moderator.az

1Mənbələr