AZ

Yeni əsrin modern ordusu

32 il öncə Ulu Öndər Heydər Əliyevin çağırışı ilə başlanan ordu quruculuğu Azərbaycanı dünyanın ən güclü sülahlı qüvvələrindən birinə sahibləndirib

Tarixin hər dövründə bir millətin gücü, yalnız onun iqtisadi və siyasi vəziyyəti ilə ölçülməmiş, eyni zamanda ordusunun qüdrəti ilə də müəyyən edilmişdir. "Ordun varsa, gücün var", - kəlamı xüsusilə müharibə və beynəlxalq münasibətlərdə ordunun əhəmiyyətini dərin bir şəkildə ifadə edir. Bir ölkənin silahlı qüvvələri yalnız müdafiə üçün deyil, həm də xarici təzyiqlərə qarşı müqavimət göstərmək, milli maraqları qorumaq və beynəlxalq arenada nüfuz sahibi olmaq baxımından mühüm rol oynayır.

Azərbaycan xalqı bəxti gətirənlərdəndir ki, bu gün dövlətmiz dünyanın ən qüdrətli ordularından birinə sahibdir. Bunu 2016-cı ilin Aprel döyüşlərində, 2020-ci il Vətən müharibəsində və daha sonra keçirilən antiterror tədbirlərində sübuta yetirib. 

 Lakin etiraf etməliyik ki, bu qüdrətli ordunun formalaşdırlılması  heç də asan başa gəlməyib. Bu, illərin zəhməti və ölkə rəhbərliyinin qətiyyəti sayəsində reallaşıb. 

Reallıq budur ki, müasir Azərbaycan Silahlı Qüvvələrinin yenidən formalaşdırılması Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. 

1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən Azərbaycanda hakimiyyətə qayıdan dahi liderin ilk həyata keçridiyi proseslərdən biri də ordu quruculuğu məsələsi olub. Xalqdan böyük etimad mandatı aldıqdan sonra keçirilən andiçmə mərasimində Ulu Öndər bəyan etdi ki, şəhidlərimizin qanı yerdə qalmayacaq. Azərbaycan xalqı öz qamətini düzəldəcək, ayağa qalxacaq, gücünü birləşdirəcək, müasir ordusunu yaradacaq və müstəqil dövlətini, öz ərazisini bundan sonra göz bəbəyi kimi qoruyacaq.

32 il öncə, 1993-cü il noyabrın  2-də Ulu Öndərin televiziya və radio ilə xalqa müraciətindən sonra xalqımız, sözün həqiqi mənasında, bir nəfər kimi ölkəmizin müdafiəsinə qalxdı. Heydər Əliyevin çağırışı ilə Azərbaycan Ordusunun müzəffər yürüşünün bünövrəsi qoyuldu. Ulu Öndər bu tarixi çıxışında diqqətə çatdırmışdı ki, Ermənistanın təcavüzü nəticəsində ərazilərimiz işğal edilib, soydaşlarımız həlak olub, yaralanmış, on minlərlə vətəndaşımız yerlərindən didərgin düşərək qaçqına çevriliblər: "Bunun bir hissəsi Azərbaycan Respublikası Sovetlər İttifaqının tərkibində ikən olmuşdur. Ancaq iki ildən artıqdır ki, Azərbaycan Respublikası müstəqil bir dövlətdir. Bu iki il müddətində müstəqil dövlətimiz öz müdafiə qüvvələrini, öz ordusunu yaratmalı idi. Bundan ötrü Azərbaycan Respublikasının bütün imkanları vardı. Ordunu bir gündə, beş gündə, bir ayda, üç ayda yaratmaq mümkün deyil. Ancaq iki il, üç il müddətində ordu yaratmaq, Azərbaycanın etibarlı müdafiəsini təşkil etmək və ərazi bütövlüyünü də təmin etmək mümkün idi. Lakin bu fürsətlər əldən verilib və Azərbaycanın müdafiə imkanları get-gedə möhkəmlənmək əvəzinə zəifləmişdir. Ayrı-ayrı dəstələr, qruplar, yaxud batalyonlar tərəfindən aparılan ayrı-ayrı döyüşlərin hamısı pərakəndə şəkildə olmuş, müxtəlif qüvvələrə, məqsədlərə xidmət etmiş, böyük bir hərbi strategiya, müdafiə strategiyası əsasında, hərbi nizam-intizam əsasında görülən tədbirlər olmamışdır".

Bununla da ölkəmizin ağır durumda olduğunu bildirən Ulu Öndər, həmçinin vurğulamışdı ki, Azərbaycanın gələcək taleyi, onun mövcudluğu xalqın öz əlindədir. Düşmən tərəfindən işğal edilmiş Azərbaycan torpaqlarını azərbaycanlılardan başqa kimsə azad etməyəcəkdir: "İndi bizim ordumuz yaranmalı və qurulmalıdır. Bir də qeyd edirəm, ordumuz ancaq Azərbaycanı müdafiə etmək məqsədi daşıyır. İşğalçılıq məqsədi daşımır. Bizim işimiz haqq işidir, gərək hər bir vətəndaş bunu özünün şərəfli borcu kimi qəbul etsin. Kim özü orduda qulluq edə bilirsə, qoy könüllü surətdə getsin. Kim özü qulluq edə bilmirsə, yanındakıları başa salsın ki, gedib orduda xidmət etmək lazımdır. Yaxud əgər özü orduda qulluq edə bilmirsə, fikirləşsin ki, orduya necə kömək etmək lazımdır. İndi bunların hamısı ən zəruri vəzifələrdir. Bütün xalqa, Azərbaycan vətəndaşlarına müraciət edirəm ki, bu tədbirlərin həyata keçirilməsində fəal iştirak etsinlər".

Bir müddət sonra Ermənistan-Azərbaycan münaqişəsində atəşkəsin əldə edilməsi ordu quruculuğunda köklü islahatların aparılması üçün əlverişli imkan yaratdı. Çox keçmədən ölkəmizdə ordu quruculuğu sahəsində ciddi addımlar atıldı. Vahid komandanlığa tabe olan nizami ordu yaradıldı, Silahlı Qüvvələrimizin maddi-texniki bazası gücləndirildi, ordumuz müasir silah və sursatla təmin olundu.

Zaman dəyişdi, Azərbaycan iqtisadi qüdrətini daha da gücləndirərək güclü ordu formalaşdırdı. Azərbaycan Ordusu Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 2016-cı ilin dördgünlük Aprel döyüşlərində, 2018-ci ilin mayında Günnüt əməliyyatında, 2020-ci ilin iyununda Tovuz döyüşlərində, 2020-ci ilin 44 günlük Vətən müharibəsində hərb tariximizə şərəfli səhifələr yazdı. Ordumuz Qarabağda kök salmış terrorçu-separatçı qüvvələrə qarşı keçirdikləri lokal antiterror tədbirləri zamanı mülki əhaliyə və infrastruktura heç bir ziyan vermədən Azərbaycanın həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Ordumuz bütün bu uğurları, yəni əldə etdiyi zəfərləri ilə XXI əsr dünya hərb tarixini heyrətə gətirməyi də bacardı.

Bu gün Azərbaycan Ordusu 2020-ci ildə Ermənistan ordusuna qalib gələn ordudan daha da güclüdür. İkinci Qarabağ müharibəsindən sonra Azərbaycan Silahlı Qüvvələrində aparılan islahatlar, ordunun arsenalına daxil edilən zirehli texnikalar, modern silah-sursatlar bunu deməyə əsas verir. 

Müzəffər Ali Baş Komandan İlham Əliyevin bu istiqamətdə qarşıya qoyduğu yeni vəzifələrə, tələblərə uyğun olaraq ordumuzun maddi-texniki bazası daha da modernləşir, mütəmadi keçirilən hərbi təlimlər Silahlı Qüvvələrimizin gücünə güc qatır. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin istər yüksək mənəvi-psixoloji hazırlığı, döyüş ruhu, nizam-intizamı, istərsə də maddi-texniki təminatı baxımından nümunəvi dövlət olaraq qəbul edilir. Həyata keçirilən islahatlar nəticəsində bu gün Azərbaycan Ordusu çevik, peşəkar və müasir tələblərə cavab verə bilən silahlı qüvvələr kimi düşmənlərə gözdağı verir. Planlı və ardıcıl şəkildə görülmüş işlər Azərbaycan Silahlı Qüvvələrini dünyanın ən güclü 50 ordusu sırasına yüksəldib.

Ordu quruculuğu istiqamətində bu gün də uğurlu addımlar atılır, döyüş qabiliyyətinin daha da gücləndirilməsi üçün lazımi tədbirlər, hərbi təlimlər həyata keçirilir. 

Azərbaycan Ordusu milli maraqlarımız naminə Türkiyə, Gürcüstan, Rusiya ilə yanaşı, Ukrayna, Belarus, ABŞ, Böyük Britaniya, Pakistan, İsrail və digər ölkələrlə hərbi, hərbi-texniki və hərbi-siyasi əməkdaşlıq edir. Xarici siyasətdə önəmli prioritetlərdən olan ordu quruculuğu strategiyası davam etdirilir. Türkiyə, Pakistan, İsrail kimi mühüm tərəfdaşlarla atılan addımlar son dərəcə önəmlidir. Türkiyə ilə müştərək təlimlərin keçirilməsi, bilik və bacarıqlarının sistemli şəkildə və dərindən mənimsənilməsi ondan xəbər verir ki, Azərbaycan Ordusu Türkiyə Ordusu üzərində modernləşdirilir. Bu iki ölkənin hərbi əməkdaşlığı isə sonsuz perspektivlər vəd edir.

Bir sözlə, Silahlı Qüvvələrimizin möhkəmləndirilməsi, hərbi potensialın artırılması istiqamətində bu gün də addımlar atılır. Azərbaycan Respublikasının Silahlı Qüvvələri dövlətin strateji dayağı kimi çıxış edir və onun daha da gücləndirilməsi yalnız hərbi gücün deyil, həm də milli birliyin və siyasi iradənin ifadəsidir.

Rəşad BAXŞƏLİYEV,

"Azərbaycan"

Seçilən
71
azerbaijan-news.az

1Mənbələr