AZ

Reuters: Pakistan 2026-cı ildə ilk Çin istehsalı olan “Hangor” sualtı qayığını alacaq...

5 milyard dollarlıq müdafiə sazişi çərçivəsində ümumilikdə 8 sualtı gəminin istismara verilməsi planlaşdırılır…

Poliqon xəbər verir ki, Reuters agentliyinin məlumatına görə, Pakistan Hərbi Dəniz Qüvvələri 2026-cı ildə Çin istehsalı olan ilk “Hangor” tipli sualtı qayığını istifadəyə verməyi planlaşdırır. Bu layihə İslamabadla Pekin arasında dəyəri təxminən 5 milyard ABŞ dolları olan müdafiə sazişi çərçivəsində həyata keçirilir.

Pakistanın planına əsasən, 2028-ci ilə qədər ölkənin arsenalına ümumilikdə səkkiz sualtı qayıq daxil olacaq. Onlardan dördü Çində inşa ediləcək, qalan dörd ədəd isə Pakistanın öz ərazisində yığılacaq ki, bu da yerli gəmiqayırma sənayesinin inkişafına təkan vermək məqsədi daşıyır.

Pakistan Hərbi Dəniz Qüvvələrinin komandanı admiral Əşrəf bildirib ki, yeni nəsil “Hangor” sinifli sualtı gəmilər ölkənin Ərəb dənizinin şimal hissəsində patrul imkanlarını əhəmiyyətli dərəcədə artıracaq və dənizdə milli maraqların qorunmasına xidmət edəcək. Onun sözlərinə görə, Pakistan donanması süni intellekt, pilotsuz sistemlər və radioelektron müharibə texnologiyaları kimi müasir sahələrə də diqqət yetirir və bu istiqamətlərdə Çinlə əməkdaşlığı genişləndirməyi planlaşdırır.

Məqalədə qeyd olunur ki, Pakistan hazırda Çin silahlarının ən iri alıcısıdır – 2020–2024-cü illər arasında Çin silah ixracının 60 faizindən çoxu bu ölkənin payına düşüb.

Sualtı qayıqların inşası həm də Çin–Pakistan İqtisadi Dəhlizi (CPEC) çərçivəsində strateji əməkdaşlığın tərkib hissəsidir. Bu layihə Pekinə Ərəb dənizinə birbaşa çıxış imkanı qazandırmaqla yanaşı, onun Hind okeanı regionundakı geosiyasi mövqelərini də gücləndirir.

Poliqon.info

Seçilən
54
poliqon.info

1Mənbələr