AZ

YAP və Azərbaycan Milli Konservatoriyasının birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş tədbir keçirilib  

Noyabrın 3-də Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan Milli Konservatoriyası ilə birgə təşkil etdiyi 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdən əvvəl rəssam-monumentalist Çingiz Abasovun “30 il və 44 gün” tablosunun təqdimatı olub.

Tədbirdə Ulu Öndər Heydər Əliyevin, Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası Sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov tədbir iştirakçılarını Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən şanlı Zəfərimizin beşinci ildönümü münasibətilə təbrik edib.

YAP Sədrinin müavini bildirib ki, 2020-ci ildə 44 günlük Vətən müharibəsində parlaq Qələbə qazanaraq öz ərazi bütövlüyünü, 2023-cü ildə birgünlük antiterror əməliyyatı nəticəsində isə tam suverenliyini bərpa edərək keyfiyyətcə yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan bu gün regionun çoxtərəfli əməkdaşlı məkanına çevrilməsində maraqlıdır: "Dövlət başçısının qeyd etdiyi kimi: “Biz həm müharibəni udduq, həm də sülhü qazandıq. İşğala son qoyduq və bərpa işlərinə başladıq. Ədalət zəfər çaldı, suverenlik möhkəmləndi və sülh de-fakto təmin olundu”. Bu gün yeni reallıqlar fonunda sülh müqaviləsinin imzalanması və kommunikasiyaların bərpası regional təhlükəsizlik kontekstində strateji gündəliyin önəmli tərkib hissəsidir".

Azərbaycan Milli Konservatoriyasının rektoru, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi Kamilə Dadaş-zadə qeyd edib ki, hər bir xalqın tarixində elə əlamətdar gün var ki, onu “əsrə bərabər gün” hesab etmək olar: “Azərbaycan xalqının həyatında belə məqamlardan biri, heç şübhəsiz ki, 2020-ci ilin 8 noyabr gününə təsadüf edir. Lakin düşünürəm ki, öz tarixi əhəmiyyəti və mənəvi yükü etibarilə həmin günü bir əsrə deyil, “əsrlərə bərabər gün” adlandırmaq olar”.

Sonra tədbirdə şəhid İsmayıl Kərimlinin atası Ceyhun Kərimov çıxış edib. “Bu gün biz Böyük Qələbəmizin 5-ci ildönümünü qeyd edirik. Artıq beş ildir ki, 30 ilə yaxın düşmən tapdağı altında qalmış torpaqlarımız işğaldan azad olunub, Azərbaycanın ərazi bütövlüyü bərpa edilib. Zəfər Günü möhtəşəm bir əsərdir və hər bir böyük əsər kimi bu Zəfərin də öz memarları var. Böyük Qələbəmizi qeyd edərkən Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyasını və Onun xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdışını xatırlayırıq. Məhz həmin tarixi qayıdış Zəfər salnaməmizin ilk səhifəsini yazdı. Elə o andan etibarən biz addım-addım tarixi Qələbəmizə doğru irəliləməyə başladıq”.

Vətən Müharibəsi Qəhrəmanı, Cəmşid Naxçıvanski adına Hərbi Liseyin rəisi polkovnik Anar Mirzəyev qeyd edib ki, müasir müstəqil dövlətimizin memarı və qurucusu olan Ulu Öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan Ordusunun yaradıcısıdır. Ümummilli Lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir ordu quruculuğu siyasəti bu gün Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev tərəfindən uğurla davam etdirilir.

Daha sonra “30 il və 44 gün” tablosunun müəllifi rəssam Çingiz Abasov çıxış edib. O qeyd edib ki, bu gün xalqımızın qəhrəmanlığını, birliyini və əyilməz iradəsini iftixarla xatırlayır, ədalətin bərpa olunduğu möhtəşəm günün qürurunu bir daha yaşayırıq.

Tədbirin rəsmi hissəsi Yeni Azərbaycan Partiyasının Himninin səsləndirilməsi ilə başa çatıb.

Sonra 8 Noyabr - Zəfər Gününə həsr edilmiş konsert proqramı təqdim olunub.

Seçilən
53
3
azerbaijan-news.az

4Mənbələr