AZ

Ərdoğanın oğlunun "Rusiya Qərb ölkəsidir" fikri etirazla qarşılandı...


İstanbulun Çırağan sarayında keçirilən 18-ci Verona Avrasiya İqtisadi Forumu bir daha Qərb-Rusiya münasibətlərinin mahiyyəti barədə etdiyi çıxışında Bilal Ərdoğan köhnə, lakin aktual sualı gündəmə gətirdi - Rusiyanı Qərbin bir parçası saymaq olarmı?

Forumda səslənən fikirlər, xüsusən Avropa İttifaqının Rusiyaya qarşı “ikili standartlar” tətbiq etməsi ilə bağlı tənqidlər, bu mövzunun həm siyasi, həm də tarixi baxımdan yenidən müzakirəyə çıxarılmasını zəruri edir.

Tarixi baxımdan Rusiya Avropaya açılan “Şərq qapısı” kimi nəzərdən keçrilə bilər. Rusiyanın Avropa ilə münasibətləri qədim dövrlərdən formalaşıb. IX əsrdə yaranmış Kiyev Rus dövləti Bizans xristianlığını qəbul etməklə Avropa sivilizasiyasının dini və mədəni məkanına daxil oldu. Lakin XIII əsrdə baş vermiş monqol-tatar istilası ölkəni yüzilliklər boyu Asiyanın təsir dairəsində saxladı və Rusiya Avropadan müəyyən dərəcədə təcrid olundu.

XVIII əsrdə I Pyotrun islahatları Rusiyanın inkişaf istiqamətini radikal şəkildə dəyişdi. O, Avropa tipli idarəetmə, sənaye və ordu sistemini tətbiq etdi, paytaxtı Sankt-Peterburqu “Avropaya açılan pəncərə” adlandırdı. Bu dövrdən etibarən Rusiya Avropanın siyasi xəritəsində qalıcı yer tutmağa başladı və Napoleon müharibələrində, Vyana konqresində, sonrakı Avropa diplomatiyasında mühüm rol oynadı.

Bununla belə, Rusiya özünü heç vaxt tam Qərb kimi görmədi. Avropa liberal dəyərləri Rusiyanın avtokratik idarə modeli ilə ziddiyyət təşkil edirdi. Nəticədə, Rusiya tarix boyu “nə tam Avropa, nə də tam Asiya” olan Avrasiya sivilizasiyası kimi formalaşdı.

Rusiyada mədəni baxımdan Qərbin ruhu, Şərqin dərinliyi hiss edilir. Rusiya mədəniyyəti Avropa təsirinin ən parlaq nümunələrindən biridir. Tolstoy, Dostoyevski, Çaykovski, Raxmaninov kimi dahilər Avropa humanizmini və xristian mənəviyyatını öz əsərlərində əks etdiriblər.

Bununla yanaşı, rus mədəni düşüncəsi Avropa rasionalizmindən fərqli olaraq mistik və pravoslav dərinliyi ilə seçilir. XIX əsr filosofları – Berdyayev, Solovyov və Leontyev – “Rusiya sivilizasiyası Avropanın mənəvi bərpası üçün lazımdır” fikrini irəli sürürdülər.

Beləliklə, Rusiya mədəni baxımdan Qərbin tərkib hissəsi olsa da, fərqli dəyərlər daşıyıcısı kimi çıxış edir. Bu, onu Avropa ilə birləşdirən, eyni zamanda ayıran başlıca amildir.

Siyasi baxımdan rəqabət və qarşılıqlı inamsızlıq burada xüsusi rola malikdir.

XX əsr Rusiya ilə Qərb arasında dərin siyasi parçalanma dövrü oldu. 1917-ci il inqilabından sonra Sovet İttifaqı Qərbin kapitalist modelinə qarşı ideoloji alternativ kimi formalaşdı. Soyuq müharibə illərində Avropa və ABŞ, SSRİ-ni “digər qütb” kimi qəbul etdi.

SSRİ-nin süqutundan sonra Qərblə yaxınlaşma cəhdləri olsa da, NATO-nun genişlənməsi və 2000-ci illərin geosiyasi qarşıdurmaları bu prosesi dayandırdı.

Müasir mərhələdə Rusiya özünü “Avrasiyanın mərkəzi gücü” kimi təqdim edir və Avropa İttifaqı ilə münasibətlərini strateji rəqabət çərçivəsində qurur. Ukrayna müharibəsi və sanksiyalar bu parçalanmanı daha da dərinləşdirib. Bununla belə, enerji, logistika və təhlükəsizlik sahələrində Rusiya Avropadan tam asılı vəziyyətdə deyil, amma tam qopmuş da deyil.

Rusiyanın enerji resursları Avropanın sənaye sabitliyində həlledici rol oynayır. Son illərdə Aİ-nin “enerji müstəqilliyi” siyasəti Qərb iqtisadiyyatında xərclərin artmasına və təchizat zəncirlərinin pozulmasına səbəb olub.

Eyni zamanda, Rusiya Şərq istiqamətinə - Çin, Hindistan və Türkiyə ilə əməkdaşlığa yönəlib. Bu, Qərb üçün strateji itkidir, çünki Avrasiyada yeni güc mərkəzləri formalaşır.

Nəticə olaraq qeyd edək ki, Rusiyanı Qərbin bir parçası hesab etmək tarixi və mədəni baxımdan əsaslı, geosiyasi baxımdan isə mübahisəli yanaşmadır.

Rusiya Avropa sivilizasiyasının tərkib hissəsi kimi formalaşıb, lakin siyasi və ideoloji fərqliliklər onu Qərbin institusional sistemindən uzaqlaşdırıb.

Əgər Avropa Rusiya ilə qarşıdurmanı deyil, əməkdaşlığı seçsəydi, bu, qlobal enerji sabitliyi, təhlükəsizlik və iqtisadi inteqrasiya üçün daha səmərəli model olardı.

Beləliklə, Rusiyanı Qərbdən kənarlaşdırmaq mümkün deyil - o, Avropanın ayrılmaz, lakin siyasi fərqli ruh daşıyan bir hissəsidir.

Akif NƏSİRLİ

Seçilən
21
baki-xeber.com

1Mənbələr