AZ

“Alternativ kilsə” siyasətinə qarşı “alternativ hökumət” şüarı qaldırıldı...


Əli Orucov: “Kilsə açıq şəkildə revanşist müxalifətin yanında yer alır”

Məlum olduğu kimi, son günlər Ermənistanda siyasi və dini qruplar arasında güc balansı daha da gərginləşib. Baş nazir Nikol Paşinyan Eçmiədzindəki kilsəni yox, Ovannavak kilsəsini əsas kilsə kimi tanıyıb.

Paşinyanın bu siyasəti revanşist qüvvələr tərəfindən hiddətlə qarşılanıb.

“Əgər siz alternativ kilsə yaratsanız, o zaman gedək, biz də alternativ hökumət yaradaq”.

Bunu Ermənistanın keçmiş müdafiə naziri Arşak Karapetyan Facebook-da canlı yayımda Paşinyanın Erməni Apostol Kilsəsinə qarşı kampaniyasını şərh edərkən bildirib.

“Paşinyanın kilsə islahatlarına qarşı olan qüvvələr olsa da, hesab edirəm ki, onların cəmiyyətdə sosial dayaqları elə də böyük deyil”

Sözügedən məsələ ilə bağlı fikirlərini “Bakı-Xəbər”lə bölüşən AMİP funksioneri Əli Orucov hesab edir ki, Paşinyanın kilsə islahatlarının kifayət qədər əsası var: “Məsələ ondadır ki, Erməni Apostol Kilsəsi dini-ideoloji mərkəzdən çox, siyasi mərkəz rolunu oynamağa çalışır. Hakimiyyətin yeritdiyi siyasətə müdaxilə edir. Paşinyanın islahat kursuna qarşı ideoloji mərkəz rolunu oynayır. Ən başlıca problem odur ki, Erməni Apostol Kilsəsi Azərbaycanla münasibətlərin qurulmasına, sülh gündəliyinə qarşı fəaliyyət göstərir. Elə bir vəziyyət yaranıb ki, Paşinyan üçün kilsə siyasi rəqibə çevrilib. Kilsə açıq şəkildə revanşist müxalifətin yanında yer alır. Hamıya məlumdur ki, Ermənistandakı revanşist müxalifət Rusiyaya bağlıdır. Erməni Apostol Kilsəsinin narrativləri revanşistlərin siyasəti ilə bilavasitə uzlaşır. Kilsə dövlət işlərinə qarışır, hökumətin qərarlarını açıq şəkildə tənqid edir. Bununla yanaşı, Türkiyə və Azərbaycanla normallaşma prosesi kilsə tərəfindən kəskin şəkildə rədd olunur. Bu istiqamətdə atılan istənilən addım süngü ilə qarşılanır. Ermənistan Konstitusiyasında Apostol Kilsəsinə xüsusi hüquqi status verilib. Bu, Paşinyanın kilsəyə qarşı fəaliyyətini müəyyən qədər məhdudlaşdırır. Kilsədən xilas olmaq Ermənistan cəmiyyətinin mənəvi və siyasi azadlığı üçün zəruri addımdır. Bunun yolu isə konstitusiya islahatlarından keçir. Paşinyanın Ovannavak kilsəsini əsas kilsə elan etməsi bu siyasətin tərkib hissəsidir. Yəni Erməni Apostol Kilsəsinin fəaliyyətini məhdudlaşdırmaq üçün bu addımları atır. Paşinyanın kilsə islahatlarına qarşı olan qüvvələr olsa da, hesab edirəm ki, onların cəmiyyətdə sosial dayaqları elə də böyük deyil. Çünki ötən müddət ərzində erməni cəmiyyəti Apostol Kilsəsinin bütün naqisliklərini gördü. O baxımdan güman etmirəm ki, xalq 30 il əvvəl olduğu kimi onların arxasınca getsin”.

Vidadi ORDAHALLI

Seçilən
68
baki-xeber.com

1Mənbələr