AZ

Qroznı sevgisi arxasında yeni ekspansiya arzusu

Rusiyanın Voloqda şəhərində I İvan Qroznıya həsr olunmuş 9 metrlik abidənin açılışı ölkə ictimaiyyətində və tarixçilər arasında ciddi müzakirələrə səbəb olub.

Musavat.com xəbər verir ki, tarixçi Stanislav Mereminski “Dojd” telekanalına verdiyi müsahibəsində bununla bağlı maraqlı fikirlər səsləndirib.

Onun sözlərinə görə, bu abidə təkcə keçmişə aid deyil - o, bu günün siyasi simvolları haqqında daha çox danışır.

Mereminskinin fikrincə, Voloqdadakı heykəl “dolayı şəkildə İosif Stalinin abidəsinə bənzəyir”.

Onun fikrincə, Rusiya hakimiyyətinin müəyyən qismi bu addımla “indiki dövrü Stalinin dönəmi ilə eyniləşdirməyə” çalışır:

“Stalinin dövründə İvan Qroznı mədəniyyəti mövcud idi. O vaxt heykəl qoyulmamışdı, amma xatirə məkanında onun obrazı xüsusi yer tuturdu. İndi həmin simvolika yenidən canlandırılır”.

Tarixçi vurğulayıb ki, abidə qoymaq hər zaman tarixi şəxsiyyətin deyil, onun təmsil etdiyi dəyərlərin “aktual hala gətirilməsi” deməkdir - istər fəth ruhu, istər siyasi mədəniyyət, istərsə də repressiyalar.

“İndiki hakimiyyət üçün İvan Qroznı, şübhəsiz, aktual fiqurdur — axı o, ömrünün son illərində Qərbə, yəni Livoniya müharibəsində, qarşı mübarizə aparırdı. Amma problem ondadır ki, o müharibə Rusiyanın ağır məğlubiyyəti ilə başa çatmışdı”, - deyə Mereminski qeyd edib.

İlk fərdi İvan Qroznı abidəsi 2016-cı ildə Orlovda qoyulmuşdu. Tarixçinin fikrincə, bu qədər uzun müddət ərzində belə abidələrin olmaması səbəbsiz deyildi:

“Həm Rusiya imperiyasında, həm də Sovet İttifaqında, hətta Stalinin dövründə belə, İvan Qroznıya fərdi abidə qoyulmamışdı. Çünki o, cəmiyyətin birmənalı şəkildə qəbul edə biləcəyi fiqur deyildi, milli birliyin simvolu kimi təqdim oluna bilməzdi. İndi isə bu tabu aradan qaldırılır”.

Musavat.com

Seçilən
20
musavat.com

1Mənbələr