“İlk növbədə qeyd etmək lazımdır ki, Qəzzada atəşkəs şərtlərinin qəbul edilməsindən sonra diqqət mərkəzinə İran–ABŞ və İran–İsrail münasibətləri çıxıb. Səsləndirilən ehtimallar arasında ən çox ön plana çıxan məsələ bu qarşıdurmanın — daha geniş kontekstdə desək, İran–ABŞ gərginliyinin — yeni bir hərbi eskalasiyaya çevrilməsi ehtimalıdır. Yəni vəziyyətin hərbi toqquşma və ya genişmiqyaslı münaqişə ilə nəticələnməsi ssenariləri getdikcə daha real görünür. Nüvə proqramı ilə bağlı danışıqların nəticəsiz qalması və razılaşmanın əldə olunmaması, hər zaman İran–ABŞ münasibətlərində hərbi qarşıdurma ehtimalını gündəmdə saxlayır və bu, heç vaxt istisna edilmir. ABŞ 2015-ci ildə imzalanmış nüvə sazişindən 2018-ci ildə çıxdıqdan sonra, aparılan sonrakı danışıqlar müəyyən mərhələlərdə bərpa olunsa da, son 12 günlük İran–İsrail müharibəsi fonunda baş verən hadisələr göstərdi ki, Vaşinqtonun İranın nüvə proqramına münasibəti kifayət qədər sərtdir”.
Bu fikirləri Aznews.az-a açıqlamasında siyasi şərhçi Aytən Qurbanova deyib.
Xatırladaq ki, Yaxın Şərqdə son aylarda baş verən hadisələr regionun geosiyasi balansını dəyişib. İrana qarşı həyata keçirilən hərbi əməliyyatlar və sanksiyalar təkcə nüvə proqramına deyil, ümumi təhlükəsizlik mühitinə də təsir göstərib. ABŞ və İsrailin sərt mövqeyi, Tehranın isə geri addım atmaması fonunda gərginlik daha da dərinləşir. ABŞ-ın keçmiş prezidenti Donald Tramp İranın “nüvə potensialına malik olmadığını” bəyan edib. İran XİN rəhbəri Abbas Əraqçi isə uranın sülh məqsədli zənginləşdirilməsini davam etdirəcəklərini və raket proqramının müzakirə mövzusu olmadığını bildirib.
Siyasi şərhçinin sözlərinə görə, ABŞ İranın nüvə proqramının inkişafını qəbulolunan yanaşma kimi dəyərləndirmir.