AZ

Növbəti hədəf: Qərbi Azərbaycana qayıdış

“Azərbaycan xalqı böyük coğrafiyada yaşayıb və yaşayır. Təkcə onu demək kifayətdir ki, bizim hüdudlarımızın o tayında hər istiqamət üzrə Azərbaycan əhalisi yaşayır. Ermənistanda da yaşayıb, amma oradan qovulub”. 

Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubiley yığıncağında çıxışı zamanı bildirib.

“Amma əminəm ki, yenə də yaşayacaq. Çünki biz bu gün bütün qonşu ölkələrlə sərhədlərimizin o tayında görürük ki, orada Azərbaycan əhalisi öz əzəli tarixi torpaqlarında yaşayır və yaşadıqları ölkələrdə ləyaqətli vətəndaşlar kimi yaşayırlar.

Azərbaycanlılar heç vaxt separatizm xəstəliyinə düçar olmamışlar. Bizim xalqımız yaşadığı ölkələrin dövlətçiliyinə töhfə verib və bu gün heç bir ölkədə azərbaycanlılar heç bir dövlət üçün, heç bir başqa xalq üçün problem yaratmır və yaratmayacaq.

Ona görə azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını və dövlətini qorxutmamalıdır. Mən bunu artıq bir müddət bundan əvvəl demişəm. Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq. Bunu etmək üçün, əlbəttə ki, əsas vəzifə dövlətin üzərinə düşür”, - Prezident əlavə edib.

Mövzu ilə bağlı “Cebheinfo.az”-a açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirib ki, Azərbaycan Prezidenti, Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi zamanı bir daha Qərbi Azərbaycan məsələsinə toxunaraq qərbi azərbaycanlıların öz tarixi torpaqlarına qayıdış məsələsinin hələ də aktuallığını bir daha vurğuladı.

Onun sözlərinə görə, dövlət başçısı yeni regional reallıqlar fonunda milli ideyanın yeni istiqamətləri üzrə mühüm tezislər səsləndirib:

“Mənə elə gəlir ki, bütövlükdə dövlət başçısı yeni reallıqlar fonunda milli ideyamızın həm də yeni istiqamətləri üzrə də mühüm tezislər irəli sürdü. O, bu tezislərdə Azərbaycanın sərhədlərindən kənarda müxtəlif istiqamətlər üzrə azərbaycanlıların yaşadığını qeyd etdi. Doğrudan da, bu, tarixi konteksdə müxtəlif cəhətlər üzrə Azərbaycanın geniş mədəni arealının bu gün də qorunub qalmasının göstəricisidir. Oradakı mədəniyyətimiz, dilimiz bu gün də yaşamaqdadır”.

O qeyd edib ki, Prezidentin çıxışında xüsusilə o fikir önə çəkildi ki, azərbaycanlılar heç vaxt yaşadıqları ölkələrdə separatçılıqla məşğul olmayıb və bu, qərbi azərbaycanlılara da aiddir:

“Təəssüf ki, Ermənistanda artıq azərbaycanlılar yaşamır. Yəni tarixi coğrafiyamızın qərb arealında nə Azərbaycan dili mövcuddur, nə də azərbaycanlıların yaşayır. Orada Azərbaycan mədəniyyəti darmadağın edilir. Bu coğrafiyanın bugünkü adı Ermənistandır.

Əslində Azərbaycan Prezidenti bizim qonşu olan digər ölkələrdə azərbaycanlıların yaşadığını amma onların heç bir zaman etnik seperatçılıqla məşğul olmadığını ifadə edərkən həm də qərbi azərbaycanlıların belə bir niyyətinin olmadığını bir daha başqa formada ifadə etmiş oldu.

Çünki onlar Ermənistan ərazisində yaşadıqları dövrdə də separatçılıqla məşğul olmamışdılar. Buna görə də bu gün onların qayıdıb öz tarixi, əcdadlarının torpaqlarında yaşamaları aktualdır. 

Dövlət başçısı qeyd etdi ki, tarixi torpaqlara qayıdış ilk növbədə Azərbaycan dövlətinin qarşısında duran vəzifələrdən biridir və bu qayıdış tanklarla yox, avtomobillərlə, yəni sülh yolu ilə olmalıdır.

Məncə, Prezidentin bu çağırışı, onun da xüsusi olaraq vurğuladığı kimi sənədlər, akademik araşdırmalar, filmlər və digər elmi-tarixi materiallarla dünya ictimaiyyətinə çatdırılmalıdır ki, həm beynəlxalq şüurda, həm də milli düşüncədə bu prosesin əsasları daha da möhkəmlənsin”.

Seçilən
19
1
cebheinfo.az

2Mənbələr