AZ

Xristianlığın müdafiəsi adı altında dünyada erməni katolikosunun müdafiə kampaniyası başlayıb...


Faiq Ələkbərli: “Məsələni “xristianlığa təhlükə var” kimi qələmə verib Paşinyanı nüfuzdan salmaq istəyirlər”

Ermənistanda kilsə-hökumət qarşıdurması ölkənin daxilindən çıxaraq ümumi xristianlıq “probleminə” çevrilir. Erməni Qriqoryan kilsəsinin müxtəlif xarici dövlətlərin oyuncağı olduğu, xarici beyin mərkəzlərinin ideoloji təsirlərinin girovuna çevrildiyi məlumdur.

Məhz xarici qüvvələrin diqqtəsi ilə qərarlar qəbul etməyə öyrəncəli olan erməni kilsəsi antisülh mövqeyi ilə özünü göstərir.Erməni kilsəsi özünə xarici mediada da himayədarlar tapıb. Belə ki, Britaniyanın "Express" qəzeti Ermənistanı“dünyanın ən qədim xristian ölkəsi” kimi qələmə verməkdən çəkinmir və yazır ki, orda “dini azadlıq ciddi təhlükə altındadır”.

Britaniya media orqanı istinad etdiyi hesabatda Ermənistanın Baş naziri Nikol Paşinyanı erməni kilsəsinə qarşı vəhşicəsinə hücumda ittiham edir.

Nəşr Paşinyanı nəzərdə tutaraq yazır ki, “o, katolikos II Qaregini devirməyə və aparıcı ruhaniləri və kilsə üzvlərini həbs etməyə çalışıb, arxiyepiskop Mikael Ajapahian isə hökuməti tənqid etdiyinə görə iki illik həbs cəzası çəkir”.

Böyük Britaniya Parlamentində Dini Azadlıq üzrə Ümumpartiyalı Parlament Qrupunun sədr müavini Peterboro Lord Cekson bildirib: "Dünyanın ən qədim xristian ölkəsində (?) və hətta sivil və müasir Avropada dini etiqadlarını müdafiə etdiklərinə görə həbs edilən xristianların olması fikri dəhşətlidir. Ermənistandakı xristian məzhəbləri zorakı hədə-qorxu, həbs və ya daha pis bir şey təhdidi olmadan dinc şəkildə toplaşmaq və ibadət etmək hüquqlarını qoruya bilməlidirlər. Dünya müharibə vəziyyətində olan bu xristian icmalarına qarşı insan hüquqlarının pozulmasının şahidi olur".

Beynəlxalq hüquq firması Amsterdam & Partners tərəfindən hazırlanan hesabatda Paşinyanın gələnilki seçkilərdə hakimiyyətdə qalmaq üçün diktator kimi davranmaqda ittiham olunduğu qeyd olunur.

Bu gün erməni revanşistləri və dünya erməni lobbisi katolikosun müdafiəsi naminə Paşinyana qarşı yeni beynəlxalq təzyiq mexanizmi tapır. Bu hesabatda Paşinyan “dünyada ilk xristian ölkəsində xristianlığı təqib etməkdə ittiham olunur”. Ancaq heç deyən yoxdur ki, erməni kilsəsi bu bölgəyə - Cənubi Qafqaza sülh və əminamanlığın gəlməsinin qarşısını almağa çalışır. Beləliklə, kilsənin antisülh fəaliyyətinə hakimiyyətin münasibəti guya xristianlığın təqibi kimi qələmə verilir.

“Xarici təşkilatlardakı himayədarlarının dəstəyi ilə Paşinyana beynəlxalq təzyiqi artırırlar”

AMEA-nın Fəlsəfə və Sosiologiya İnstitutunun şöbə müdiri, fəlsəfə doktoru, siyasi ekspert Faiq Ələkbərli “Bakı-Xəbər”ə bildirdi ki, hansısa xarici dövlətin mətbuatının Ermənistanı “ilk xristian dövləti” olaraq qələmə verməsinin özü saxtakarlıqdır, çünki dünyada xristianlıq qəbul olunanda heç Ermənistan adlı dövlət yox idi. Ümumiyyətlə, Cənubi Qafqazda xristianlığı ilk qəbul edən xalqın qədim albanlar olduğunun da məlum olduğunu deyən F.Ələkbərli qeyd etdi ki, erməni katolikosunun Paşinyan hökumətinə qarşı fəaliyyət göstərməsinin ciddi səbəbləri var. “Paşinyanı seçkilər yolu ilə hakimiyyətdən uzaqlaşdıra bilməyənlər onu revanşizm yolu ilə devirməyə çalışırlar. Uzun müddətdir ki, erməni kilsəsi Paşinyana qarşı mübarizə aparır və kilsənin son dövrlərdə sərgilədiyi davranışlar məlumdur. Əslində Ermənistan nə dünyada, nə də Cənubi Qafqazda ilk xristian ölkəsidir. Bölgədə ilk xristian ölkəsi Albaniyadır. Erməni kilsəsi və havadarları bu məsələdə də saxtakarlığa yol verirlər. Ermənistanda hansısa dini zorakılıqdan bəhs etmək gülünc bir məsələdir. Aparılan kampaniya dini mahiyyət daşımır, siyasiləşmiş kilsənin

məqdəsiPaşinyanı devirməkdir. Ona görə də məsələni “xristianlığa təhlükə var” kimi qələmə verib Paşinyanı nüfuzdan salmaq istəyirlər

Paşinyan dini baxımdan onlara heç bir təzyiq göstərmir, erməni kilsəsinin siyasi hakimiyyətə təsirini aradan qaldırmaq üçün çalışır. Din pərdəsi altında maskalanmış kilsə uzun illər Ermənistanın siyasi hakimiyyətində söz sahibi olub, hakimiyyətdəkiləri idarə edib, öz mövqeyini diqtə edib. Amma 2018-ci ildə Paşinyan hakimiyyətə gəldikdən sonra kilsənin hakimiyyət üzərində təsirini sıfra endirdi, revanşizmə xidmət edən kilsənin əl-ayağını kəsdi. Bu da erməni kilsəsini daha çox qıcıqlandırdı. Erməni kilsəsi, erməni revanşistləri və erməni lobbisi Paşinyana qarşı din pərdəsinə bürünüb mübarizə aparırlar. İndi də xarici təşkilatlardakı himayədarlarının dəstəyi ilə Paşinyana beynəlxalq təzyiqi artırırlar”.

F.Ələkbərli qeyd etdi ki, onların bu mübarizəsi Paşinyan hökumətini devirə bilməz, burda din amili müəyyən rol oynaya bilər, amma bunun da o qədər təsirli olacağı gözlənilmir. “Bu kampaniya qarşıdakı seçkilərə hədəflənib. Onlar çalışırlar ki, seçkiyə qədər Paşinyan hökumətini zəiflətsinlər. Görünən tərəf budur. Hesab edirəm, bu məsələdə revanşistlər, kilsə və erməni lobbisi heç nə edə bilməyəcək.

Kilsə başda olmaqla, bu qüvvələr antisülh mövqeyindən çıxış edir. Onların birləşməsi sülhün qarşısını almaq, indiyə qədər əldə olunan müsbət nəticələrə zərbə vurmaqdır”-deyə F.Ələkbərli qeyd etdi.

F.Ələkbərli hesab edir ki, erməni katolikosunun müdafiəsi ilə bağlı atılan addımlar əslində sülhə qarşı atılan addım kimi qiymətləndirilməlidir. Erməni kilsəsinin Azərbaycanla Ermənistan arasında gedən sülh və normallaşma prosesini həzm edə bilmədiyini deyən F.Ələkbərlinin fikrincə, onların bu cəhdləri alınmayacaq və gec-tez sülh müqaviləsi imzalanacaq.

İradə SARIYEVA

Seçilən
40
baki-xeber.com

1Mənbələr