AZ

100 tursitdən 20 si rayonlara gedir Bölgə turizmi niyə inkişaf etmir? AÇIQLAMA

ain.az bildirir, Bakupost saytına əsaslanaraq.

Millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycana gələn turistlərin 80 faizindən çoxu yalnız paytaxt Bakını seçir. Bu o deməkdir ki, ölkəyə gələn hər 100 tursitdən cəmi 20-si Bakıdan kənara, rayonlara gedirlər.

Deputat bildirib ki, bölgələrimiz xarici turist cəlb etməkdə hələ də paytaxt hotelləri ilə rəqabətdə geri qalır:

“Paytaxtın infrastrukturunu nəzərə aldıqda, bu, normal qarşılana bilsə də, regional gecələmə sayında fərqin böyük olması diqqəti çəkir. Təəssüf ki, hələ də bölgələr turizm potensialını tam təqdim edə bilmirlər və da xarici turist cəlbində çətinlik yaradır. Digər tərəfdən, əksər rayonlarda turizm xidmətlərinin qiyməti yüksək olaraq qalmaqdadır. Keyfiyyət isə hələ də standartlardan geri qalır. Bu isə ondan xəbər verir ki, bölgələrin turizm potensialının artırılması və daha çox turistlərin cəlb edilməsi üçün sistemli tədbirlərin və eləcə də bu istiqamətdə dövlət dəstəyinin gücləndirilməsinə ehtiyac var”.

Bəs rayonların turizm potensialını artırmaq üçün konkret olaraq hansı addımlar atılmalıdır?

Mövzu ilə bağlı Bakupost.az -a açıqlamasında turizim eksperti Cəfər Qarayev bildirib ki, keyfiyyət və standartların təmin olunması üçün ya sahibkar özü bu sahənin güclü mütəxəssisi olmalıdır, ya da kollektivini turizm təhsili olan mütəxəssislərdən formalaşdırmalıdır:

“Əks halda, sahibkarın öz hesabına, ya da dövlət dəstəyi ilə işçilər turizm peşə məktəblərinə yönləndirilməli və ya təlimlərə cəlb olunmalıdır. Yəni bu, öz axarı ilə düzələn məsələ deyil. Hər kəs gedib xidmətdən şikayət etsə də, bu yolla vəziyyət dəyişməyəcək. Məsələ birmənalı olaraq idarəçilik, təlim və tədrislə bağlıdır.

Əgər biz xarici turistlərdən, onların Azərbaycana gəlməsindən danışırıqsa, bunun üçün müəyyən şərtlər və şərait yaratmalıyıq. Birbaşa uçuşlar həyata keçirilməli, aşağı büdcəli hava yollarının uçuşlarına icazə verilməli və şərait yaradılmalıdır. Paytaxt Bakı ilə yanaşı, bölgələrdəki hava limanları da aktiv fəaliyyətə cəlb olunmalı, oraya da reyslər təşkil edilməlidir. Sadələşdirilmiş viza rejimi tətbiq olunmalıdır. Bundan sonra turistlər ölkəyə gələcək. Əgər paytaxta enirlərsə, 2-3 gecə qalıb bölgələrə bir günlük turlar götürəcəklər. Növbəti səfərlərində isə daha uzunmüddətli səfərlər həyata keçirərək bir neçə gecəni şimalda, bir neçəsini isə şimal-qərb bölgəsində keçirəcəklər. Bəziləri birbaşa bölgələrdəki hava limanlarına enəcək, turlara oradan başlayacaq, sonda isə yenidən bölgələrdə bitirəcəklər”.

Ekspertin sözlərinə görə, turistlərin bölgələrə axını artdıqca, otellərin, iaşə obyektlərinin, kafelərin və əyləncə mərkəzlərinin sayı da çoxalacaq:

“Bununla da bölgələrdə ardıcıl şəkildə turizm inkişaf edəcək. Məsələn, Qusarda "Şahdağ" qış turizmi kompleksi qurulduqdan sonra həmin zona inkişaf edib. Artıq Şahdağda fəaliyyət göstərən 5 otellə yanaşı, yeni otellərin tikintisi gedir. Bəzi otellərin və mehmanxanaların açılışı bu ilin sonu və ya gələn ilin əvvəllərinə planlaşdırılıb. Təkcə kompleks deyil, kompleksə gedən yolda və ətraf kəndlərdə də inkişaf müşahidə olunur. Müasir “A-frame” tipli evlər tikilərək icarəyə verilir. Bütün bunlarla məşğul olanlar sahibkarlar, orada işləyən bölgə sakinləridir, gəlir orada qalır.Yəni təkcə kanat yolunun qurulması və onun qış-yay turizm kompleksinə çevrilməsi, həmçinin 30-a yaxın attraksionun fəaliyyətə başlaması bölgənin birbaşa inkişafına töhfə verir. Eyni proses Qəbələdə də müşahidə olunur. Niyə digər bölgələrdə olmasın? Cənab Prezidentin də dediyi kimi, mərhələli şəkildə işğaldan azad olunmuş ərazilərimizdə - Şuşa, Xankəndi və Kəlbəcərdə də kanat yolları planlaşdırılır. Bütün bunlar ölkənin ümumi inkişafına ciddi töhfə verəcək”.

Lalə Novruz, BakuPost

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
15
www.bakupost.az

1Mənbələr