AZ

Dövriyyədə nağd manat kütləsi qorxulu şəkildə artıb...


Əkrəm Həsənov: “Nağd pul kütləsinin artması iqtisadi aktivliyin yüksəlməsinə səbəb olur, ancaq…”

Azərbaycanın pul bazarı dinamik dəyişikliklər göstərir. Bu il oktyabrın 1-nə ölkədə geniş mənada pul kütləsi (M3 aqreqatı) 47 milyard 985,7 milyon manat təşkil etdi. Bu göstərici əvvəlki illə müqayisədə ciddi artım deməkdir.

Mərkəzi Bankın açıqladığı məlumata görə, geniş pul kütləsi ötən il oktyabrın 1-nə nisbətən 5,3 % artıb. Aylıq müqayisədə bu, 0,5 %, ilin əvvəli ilə müqayisədə isə 3,2 % çoxdur. Bu rəqəmlər göstərir ki, Azərbaycanda geniş mənada pul kütləsi sabit şəkildə genişlənir.

Onu da bildirək ki, nağd pulun həcmi digər aqreqatlara nisbətən daha sürətlə böyüyür. Bu göstərici aylıq 1,1 % artım göstərib. Daha böyük artımlar ilin əvvəli ilə müqayisədə 7,3 %, ötən ilin eyni dövrünə nisbətən isə 7,5 % çoxdur. Bu rəqəmlər ümumilikdə pul kütləsinin artım dinamikasını əks etdirir və iqtisadiyyatda pul dövriyyəsinin həcminin necə dəyişdiyini göstərir.

Maraqlıdır, nağd pul kütləsinin artmasının iqtisadiyyata hər hansı bir təsiri varmı?

“Pul kütləsinin artması alıcılıq qabiliyyətini və xərcləmələri artırdığı təqdirdə inflyasiyanın da artması əhalinin real gəlirlərinin azalmasına səbəb olur”

Bank sahəsi üzrə ekspert Əkrəm Həsənov “Bakı-Xəbər”ə şərhində bildirdi ki, nağd pul kütləsinin artması iqtisadi aktivliyin yüksəlməsinə səbəb olur. Ancaq bununla yanaşı, nağd pul kütləsinin artması qiymət artımına da təkan verir: “Ancaq onu da deyim ki, pul kütləsi daim artır. Çünki qiymət artımı, inflyasiya daim müşahidə olunur. Ötən illə müqayisədə nağd pul kütləsinin 5,3 faiz artması Mərkəzi Bankın özünün bəyan etdiyi inflyasiya deməkdir”.

Həmsöhbətimiz onu da əlavə etdi ki, pul dövriyyəsini artıran digər məqam hazırkı dövrdə nağdsız dövriyyənin populyarlaşmasıdır: “Bəzən bu, nağdsız dövriyyənin miqyasının dəyişməsi ilə bağlı olur. Nağdsız dövriyyə azalır, nağd pula tələbat artır. Buna qeyri-qanuni fəaliyyətlər, infrastruktur çatışmazlıqları səbəb ola bilər. Bu zaman dövriyyədə olan pul artırılır, yeni pulların çap olunmasına zərurət yaranır. Ümumiyyətlə, pul kütləsinin artması alıcılıq qabiliyyətini və xərcləmələri artırdığı təqdirdə inflyasiyanın da artması əhalinin real gəlirlərinin azalmasına səbəb olur”.

Günel CƏLİLOVA

Seçilən
25
baki-xeber.com

1Mənbələr