Qafqazinfo portalından alınan məlumata görə, ain.az xəbər verir.
“Müasir rəqəmsal mühitdə irsin qorunması birbaşa rəqəmsallaşma ilə bağlıdır”.
“Qafqazinfo” xəbər verir ki, bu fikirləri Kino Agentliyinin baş direktoru Rəşad Əzizov Antalyada “Mədəniyyət sahəsində beynəlxalq təcrübənin Azərbaycana gətirilməsi: əməkdaşlıq imkanları və perspektivləri” adlı panel müzakirəsi zamanı səsləndirib.
O, mədəni irsin qorunması və rəqəmsallaşmanın əhəmiyyətindən danışarkən bildirib ki, bu gün bütün qabaqcıl texnologiyaların əsasını data – yəni məlumatlar təşkil edir:
“Süni zəka da yalnız məlumat bazası üzərindən öyrənmə aparır. Əgər biz istəyiriksə ki, milli-mədəni irsimiz gələcəkdə də əksini tapsın, bu zaman mütləq şəkildə məlumatların toplanması, düzgün saxlanması və qorunması təmin edilməlidir. Bu proses fasiləsiz olmalı, müxtəlif klasterlərdə sistemli şəkildə aparılmalıdır. Hazırda bu istiqamətdə qanunvericilik bazası formalaşıb və hər klaster üzrə praktiki işlərə başlanılıb”.
R. Əzizov qeyd edib ki, bu sahədə fəaliyyət yalnız dövlətin üzərinə düşmür, inkişaf artıq ənənəvi idarəetmə modelindən ekosistem yanaşmasına keçidi tələb edir: “Bu o deməkdir ki, prosesin iştirakçıları yalnız dövlət qurumları deyil - burada siyasəti formalaşdıran nazirliklər, tənzimləyici qurumlar (məsələn, Kino Agentliyi), qeyri-hökumət təşkilatları, akademik mühit və sahibkarlar da yer almalıdır. Sahibkarların işi təkcə kino çəkmək və ya musiqi istehsal etmək deyil, eyni zamanda bu kimi platformalarda aktiv iştirak etmək, rəqəmsal mühitin formalaşmasına töhfə verməkdir. Dövlət ilkin mərhələdə resurs ayıraraq mühit və imkanlar yaradır, lakin növbəti mərhələdə bu proses bazar iqtisadiyyatı və rəqabətyönümlü mühitdə davam etməlidir.
Müasir rəqəmsal alətlər beynəlxalq təcrübənin ölkəmizə daha qısa zamanda gətirilməsinə imkan yaradır. Bu da həm fərdi təşəbbüslərlə, həm də institusional səviyyədə mümkün olur. Düşünürəm ki, məhz bu iki amil - rəqəmsallaşma və ekosistem yanaşması - hazırda prosesin əsasında dayanan ən vacib faktorlardır”.
Lamiyə Məmmədova

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.