AZ

“MİDA-nın elektron seçimi ədalətli bölgü üçün kifayət etmir” - Sosial evlərlə bağlı vacib TƏKLİF

Sosial mənzillərin və MİDA layihələrinin məqsədi aztəminatlı ailələri evlə təmin etmək olsa da, cəmiyyət arasında bu evlərin bölgüsündə şəffaflığın tam təmin olunmadığı barədə narazılıqlar var.

MİDA-nın sosial ev layihələrində seçim və paylanma mexanizmləri bazar prinsiplərinə və sosial ədalətə nə dərəcədə uyğundur?

Mövzu ilə bağlı Redaktor.az-a açıqlama verən Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri, iqtisadçı Vüqar Oruc bildirdi ki, MİDA tərəfindən sosial layihə kimi icra olunan sosial mənzillər vətəndaşların mənzillə təminatı baxımından ciddi addımdır:

"Lakin bu mənzillərin sahiblərinin müəyyənləşməsi və prosesdə texnoloji vasitələrin üstün rol oynaması tam qanunauyğun və ədalətli seçim üçün şərait yaratmır. Bir neçə dəfə təklif etmişik ki, mənzillərin təqdim olunması əvvəlki növbəlilik prinsipi əsasında həyata keçirilsin. Dövlətin müvafiq strukturları mənzilə ehtiyacı olan vətəndaşların vəziyyətini, onların ehtiyac səviyyəsini və hal-hazırda mənzil əldə etmə zərurətini uyğunlaşdıraraq müvafiq qiymətləndirmə sistemi ilə dəyərləndirməli və ona uyğun bölgü aparmalıdır. Hazırkı yanaşma müasir elektron və texnoloji imkanlardan istifadə etməklə vətəndaşların qısa müddətdə internet vasitəsilə mənzilə sahib olmasına imkan yaradır. Bu istiqamətdə İT və internet bilikləri daha yüksək olan ailələr mənzil əldə edə bilirlər ki, bu da böyük narazılıq yaradır".

Onun sözlərinə görə, dəfələrlə müraciət edib mənzil əldə edə bilməyən, lakin buna böyük ehtiyacı olan ailələr prosesə etiraz edirlər.

"Bu problemin aradan qaldırılması üçün növbəlilik prinsipinə və mənzilə olan ehtiyacın müvafiq sxemlə, ballarla qiymətləndirilməsinə ehtiyac var. Bu siyahı rayon icra strukturlarında, bələdiyyələrdə və ya digər müvafiq təşkilatlarda müəyyən olunmalı, həmin müəyyən etmə prosesi isə həm ictimaiyyətin diqqətində, həm də ictimai təşkilatların nəzarəti altında həyata keçirilməlidir ki, qanunsuzluq və qeyri-dəqiq qiymətləndirmə olmasın. Belə həyata keçirilsə, sosial mənzillərin paylanmasından daha çox vətəndaş razı qalacaq və narazılıqlar azalacaq. Bildiyimiz kimi, hüquq-mühafizə orqanları da prosesə müdaxilə edib, çünki texnoloji imkanları məhdud olan bəzi vətəndaşlar əlavə ödənişlə hakerlərə müraciət ediblər və hakerlər vasitəsilə mənzil əldə etməyə cəhdlər olub.

Buna görə də prosesi yalnız internet üzərindən, saniyələrin hesablanması ilə həyata keçirmək düzgün deyil. Konkret, ciddi nəzarət, siyahıya alınma və siyahı üzrə vətəndaşların mənzilə ehtiyac dərəcəsinin qiymətləndirilməsi tələb olunur. Bu cür yanaşma prosesin daha ədalətli həyata keçirilməsini təmin edər.Təbii ki, belə sxemin subyektivizm meyillərinə imkan yaradacağı ilə bağlı fikirlər olacaq, icra strukturlarında olan məmurların və ya komissiya üzvlərinin müdaxiləsi ehtimalı istisna edilmir. Lakin məncə, bu cür şəxsi maraqları nəzarətdə saxlamaq, onların yaratdığı riskləri zərərsizləşdirmək daha asandır, nəinki yalnız elektron sistem üzrə baş verə biləcək problemləri idarə etmək. Ona görə də mənzillərin paylanması və satışa çıxarılması məhz bu tip, bu formatla həyata keçirilməlidir", - deyə Vüqar Oruc vurğuladı.

Nuriyyə NATİQQIZI

Seçilən
34
1
redaktor.az

2Mənbələr