AZ

Adambaşına milli gəlirə görə, Gürcüstan bir yana, Ermənistandan da geridəyik...


Natiq Cəfərli: “Ümumdaxili məhsul artdıqca əhaliyə düşən pay da artır, bu statistik rəqəmlər hökuməti ciddi şəkildə düşündürməlidir”

Adambaşına düşən milli gəlirə görə ölkələrin göstəriciləri açıqlanıb. Məlumat üçün bildirək ki, regionda ən yüksək göstəricilər Qətər (71.440), İsrail (60.010), BƏƏ (51.350), Səudiyyə Ərəbistanına (35.230) aiddir. Qardaş Türkiyədə bu rəqəm 18.200 dollar təşkil edir.

Qeyd edək ki, Cənubi Qafqaz ölkələrində adambaşına düşən milli gəlirə görə ən aşağı göstəricinin Azərbaycana aid olması təəccüb doğurub. Belə ki, Gürcüstanda bu rəqəm 10.130 dollar, Ermənistanda 8.970, Azərbaycanda isə 7.370-dir.

Maraqlıdır, adambaşına düşən milli gəlirə görə ölkəmiz niyə geridə qalır?

“10-15 il əvvəl Azərbaycanda adambaşına düşən milli gəlir Ermənistandan iki dəfə çox idi, hazırda iqtisadiyyat ciddi şəkildə daralır”

Iqtisadçı Natiq Cəfərli “Bakı-Xəbər”ə şərhində bildirdi ki, məlum hesabat son illər Azərbaycan iqtisadiyyatının zəif inkişaf etməsinin göstəricisidir: “Məlumat üçün deyim ki, 10-15 il əvvəl Azərbaycanda adambaşına düşən milli gəlir Ermənistandan iki dəfə çox idi. Hazırda iqtisadiyyat ciddi şəkildə daralır, inkişaf demək olar ki, azalır. Adambaşına düşən milli gəlir son illər 2 faiz civarında olur. Ermənistanda isə 8-9 faiz arasında dəyişir. Nəticə olaraq qonşu ölkələrdə ümumdaxili məhsul artır. Ümumdaxili məhsul artdıqca əhaliyə düşən pay da artır. Bu statistik rəqəmlər hökuməti ciddi şəkildə düşündürməlidir. İqtisadiyyatda dəyişiklik edilməlidir ki, adambaşına düşən gəlir artsın. Proseslərin belə inkişafının qarşısını almaq üçün bir sıra istiqamətlərdə ciddi addımlar atılmalıdır. Xüsusilə özəl sektorun yeni iş yeri yaratmaq imkanlarının genişləndirilməsi təmin edilməlidir. Bölgələrdə elə şərait yaradılmalıdır ki, yerli və xarici investor özü gəlib zavod və fabrik tiksin. Bu gün əsas problem vergitutma, gömrük və idarəetmə sistemlərindəki xaosdur. İcra hakimiyyətləri biznesə əngəllər yaradır. Əgər siyasi, hüquqi və iqtisadi islahatlar aparılsa, regionlarda investisiya axını və iş yerləri artar”.

Günel CƏLİLOVA

Seçilən
66
baki-xeber.com

1Mənbələr