AZ

Politoloq: Azərbaycan regionda sülhün lokomotivi kimi yeni qayıdış fəlsəfəsini formalaşdırır

Bakı, 3 noyabr, Səbinə Əlizadə, AZƏRTAC

Prezident İlham Əliyevin Azərbaycan Milli Elmlər Akademiyasında səsləndirdiyi “Biz öz tarixi torpaqlarımıza qayıtmalıyıq, tanklarla yox, avtomobillərlə qayıtmalıyıq” fikri dövlətimizin regionda sülhə nə qədər sadiq və dinc birgəyaşayışda nə qədər maraqlı olduğunu göstərir.

Bu sözləri AZƏRTAC-a açıqlamasında politoloq, Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin baş məsləhətçi Mətin Məmmədli bildirib.

Politoloqun sözlərinə görə, dövlətimizin başçısının bu bəyanatı Azərbaycanın qarşıdurma və revanşizm ideyalarına deyil, sülh və əməkdaşlıq fəlsəfəsinə əsaslanan siyasət yürütdüyünü təsdiqləyir. “Azərbaycan heç vaxt yeni qarşıdurma niyyətində olmayıb. Əksinə, dövlətimiz bölgədə davamlı sülhün və əmin-amanlığın yalnız dinc və qarşılıqlı hörmət əsasında mümkün olduğunu ən yüksək tribunalardan bəyan edir. Prezidentin bu fikri Azərbaycanın sülh çağırışlarının ardıcıl və prinsipial xarakter daşıdığını bir daha nümayiş etdirir”, – deyə Mətin Məmmədli vurğulayıb.

Ekspert bildirib ki, bəzi hallarda Azərbaycanın bu mövqeyi Ermənistan və anti-Azərbaycan dairələr tərəfindən təhrif olunaraq yanlış təqdim edilir. Onlar guya Azərbaycanın Ermənistana qarşı ərazi iddiasının olduğunu bəyan edirlər. Əslində isə Azərbaycanın Ermənistana qarşı heç bir ərazi iddiası yoxdur. Azərbaycan yalnız tarixi ədalətin və hüququn bərpası mövqeyindən çıxış edir. Vaxtilə indiki Ermənistan ərazisindən zorla deportasiya olunmuş, fundamental insan hüquqlarından məhrum edilmiş yüz minlərlə soydaşımızın öz tarixi yurdlarına qayıtmaq hüququnun tanınması bu məsələnin əsasını təşkil edir. Bu, siyasi deyil, humanitar və hüquqi məsələdir.

Mətin Məmmədli əlavə edib ki, Azərbaycan bu gün regionda sülhün, sabitliyin və əməkdaşlığın əsas təşəbbüskarı, yəni, “sülhün lokomotivi” kimi çıxış edir. “Biz bütün məsələlərin danışıqlar yolu ilə, diplomatik mexanizmlər çərçivəsində həllinin tərəfdarıyıq. Prezident İlham Əliyevin səsləndirdiyi bu fikir ləyaqətli və dinc qayıdış konsepsiyasının, Azərbaycanın gələcəyə baxan sülh modelinin ideoloji əsasını təşkil edir”, – deyə o bildirib.

Politoloq qeyd edib ki, bu prosesdə təkcə dövlətin deyil, həm də qeyri-dövlət aktorlarının, elmi-ictimai institutların, diplomatik qurumların üzərinə mühüm vəzifələr düşür. “İki xalq və iki ölkə arasında davamlı sülhə nail olmağın ən mühüm şərtlərindən biri etimad quruculuğudur. Bu baxımdan, elmi və ictimai institutlar, beyin mərkəzləri, ilk növbədə, iki xalq arasında etimad mühitinin formalaşmasına töhfə verməlidirlər. Təqdirəlayiq haldır ki, son zamanlar həm Azərbaycan, həm də Ermənistanın vətəndaş cəmiyyətlərinin nümayəndələri, beyin mərkəzləri arasında müəyyən görüşlər keçirilir. Bu dialoq mühitinin inkişafı bölgədə sülh prosesinə real təkan verir”, – deyə o əlavə edib.

M.Məmmədlinin sözlərinə görə, Ermənistan hökuməti sülhdə həqiqətən maraqlıdırsa, bu prosesə konstruktiv mövqedən yanaşmalıdır: “Revanshist çağırışlardan, qarşıdurma meyillərindən uzaq durmaq, zorla köçürülmüş azərbaycanlıların hüquqlarının bərpası istiqamətində ədalətli addımlar atmaq Ermənistan üçün də faydalıdır. Azərbaycan bu məsələyə siyasi rəng vermədən, beynəlxalq hüququn və ədalətin prinsipləri çərçivəsində yanaşır. Əgər Ermənistan konstruktiv mövqe nümayiş etdirsə, bu, iki ölkə arasında sülh prosesinə ciddi töhfə olacaq”.

Seçilən
21
1
azertag.az

2Mənbələr