AZ

Tahir İskəndərov və Elxan Paşayevin şirkəti tender kralına çevrilir

Tahir İskəndərov və Elxan Paşayevin şirkəti tender kralına çevrilir

Ağstafa Rayon İcra Hakimiyyəti yolların təmiri işlərinin satın alınması ilə bağlı tenderə yekun vurub.

Tenderin qalibi “Elta Development” Qapalı Səhmdar Cəmiyyəti (QSC) seçilib. Yolların təmirinə görə şirkətə 311 520,17 manat ödəniləcək.

“Elta Development” QSC bir müddət əvvəl 45 milyon manatlıq tenderin qalibi seçilməsi ilə gündəmə gəlmişdi. Mediada yayılan məlumatlara görə, həmin tenderdə iştirak ərəfəsində şirkətin külli miqdarda vergi borcu olub. Qanunvericiliyə əsasən, vergi borcu olan şirkətlərin dövlət satınalmalarında iştirakına icazə verilmir. Buna baxmayaraq, “Elta Development” QSC-nin iştirakına və qalib gəlməsinə imkan yaradılması şirkətin güclü himayədarlarının olması barədə şübhələr doğurub.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarına əsasən, “Elta Development” QSC 27 avqust 2020-ci ildə qeydiyyata alınıb. Şirkətin nizamnamə kapitalı 2000 manatdır, hüquqi ünvanı isə Bakı şəhəri, Nərimanov rayonu, İbrahimpaşa Dadaşov küçəsi, ev 37 kimi göstərilib. QSC-nin qanuni təmsilçisi Cəlilov Əsədulla Həsən oğludur.

Açıq mənbələrdə şirkət və onun təmsilçisi barədə demək olar ki, heç bir ictimai məlumat mövcud deyil. Araşdırmalar göstərir ki, Əsədulla Cəlilovdan əvvəl şirkətə Mahmudov Elvin Asif oğlu rəhbərlik edib. Elvin Mahmudov sonradan “Caspian Capital Group” şirkətinin icraçı direktoru və “ND Company” QSC-nin icraçı direktoru təyin olunub.

“Elta Development” QSC 2024-cü ilədək məhz “ND Company” QSC adı ilə fəaliyyət göstərib. “ND Company” QSC-nin “Caspian Capital Group”un portfelində yer aldığı şirkətin rəsmi saytında qeyd olunur.

“Caspian Capital Group” şirkəti 2024-cü ildə qeydiyyata alınıb və nizamnamə kapitalı cəmi 100 manatdır. Qanuni təmsilçi İskəndərov Tahir Firuz oğludur. Şirkətin təsisçiləri Tahir İskəndərov və Elxan Paşayevdir. Elxan Paşayev həm də “Azərbaycan Zərgərlər Assosiasiyası” İctimai Birliyinin İdarə Heyəti sədrinin müavinidir.

Qeyd edək ki, “Elta Development” QSC bu il ərzində artıq 9 satınalma müqaviləsi imzalayıb və görünür ki, şirkət qısa müddətdə “tender kralı”na çevrilməkdədir.

//Qaynarinfo//

Seçilən
30
7
afn.az

8Mənbələr