Səttar Möhbalıyev: "Cənab Prezident İlham Əliyevin çıxışı həm tarixə işıq saldı, həm bu günün elmi reallıqlarını qiymətləndirdi, həm də gələcək üçün strateji hədəfləri müəyyənləşdirdi."
                    
                         
Noyabrın 3-də Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) 80 illik yubileyinə həsr olunmuş yığıncaq yalnız bir yubiley mərasimi deyildi Bu, həm də dövlətin elmə, intellektual potensiala və milli kimliyin elmi əsaslarla möhkəmləndirilməsinə yönəlik yeni baxışının ifadəsi idi. Cənab Prezident İlham Əliyevin çıxışı həm tarixə işıq saldı, həm bu günün elmi reallıqlarını qiymətləndirdi, həm də gələcək üçün strateji hədəfləri müəyyənləşdirdi. 
Bu sözləri aia.az-a verdiyi açıqlamasında Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
 
Fikirlərini davam etdirən millət vəkili bildirib ki, cənab Prezident çıxışının əvvəlində Azərbaycan elminin 80 illik yolunu dəyərləndirərək, xüsusilə Ümummilli Lider Heydər Əliyevin bu sahəyə verdiyi töhfələri xatırlatdı: “Ulu Öndər Heydər Əliyev hər zaman Azərbaycan alimlərini dəstəkləmək üçün öz səylərini əsirgəmirdi.” Bu vurğu təkcə tarixi xatırlatma deyil, həm də siyasi-fəlsəfi bir mesajdır, Azərbaycan elminin inkişafı, dövlətçilik ənənəsi kimi, Ulu Öndər Heydər Əliyev ideyalarının davamıdır. 1970-ci illərdə yaradılan yeni institutlar, gənclərin SSRİ-nin aparıcı ali məktəblərinə göndərilməsi, elmi fondların formalaşdırılması bu gün də cənab Prezident İlham Əliyevin siyasətində öz real davamını tapır. Cənab Prezidentin sözləri ilə desək; “bu istiqamətdə də Heydər Əliyev siyasəti davam edir, yaşayır, yeni formalarla zənginləşir.” Prezident İlham Əliyev çıxışında bir neçə dəfə vurğuladı ki, artıq ölkələrin inkişafı təbii resurslarla deyil, intellektual potensialla ölçülür. “Tükənməz sərvət intellektual potensialdır, amma o halda ki, buna sərmayə qoyulsun.” Bu fikir milli inkişaf modelinin təməl fəlsəfəsini müəyyən edir. Azərbaycan artıq neft ölkəsindən texnoloji inkişaf ölkəsinə çevrilmə mərhələsindədir. Süni intellektin tətbiqi, rəqəmsallaşma, kibertəhlükəsizlik, hərbi sənaye sahəsində özəl sektorun iştirakı kimi istiqamətlər bu keçidin real göstəriciləridir. Cənab Prezidentin bu çağırışı Azərbaycan elminə həm məsuliyyət, həm də imkan yaradır: “Elm iqtisadiyyatla, sənaye ilə sıx bağlı olmalıdır. Elmimizin praktik nəticələri olmalıdır.” Bu fikir, əslində, elmi laboratoriyalardan real iqtisadi müstəviyə, elmi ideyalardan innovativ istehsal sahələrinə keçidin dövlət siyasətində prioritetə çevrildiyini göstərir. Prezident İlham Əliyevin çıxışında diqqət çəkən əsas istiqamətlərdən biri də texnoloji təhlükəsizlik məsələləridir. Kibertəhlükəsizliyin artıq “virtual təhlükəsizlik” deyil, “fiziki təhlükəsizlik” kimi qiymətləndirilməsi elmi tədqiqatlara yeni istiqamət açır. “Kibertəhlükəsizlik hər bir ölkənin fiziki təhlükəsizliyidir.” Bu baxış milli təhlükəsizlik konsepsiyasının da elmi-texnoloji əsaslarla yenilənməsini tələb edir. Süni intellekt, rəqəmsal iqtisadiyyat və müdafiə texnologiyalarında milli elmin rolu artır, dövlət dəstəyi isə bu istiqamətdə genişlənir. Cənab Prezidentin çıxışında Vətən müharibəsinin elmi və texnoloji təcrübə kimi öyrənilməsi xüsusi vurğulandı: “Müharibədə məhz birinci biz pilotsuz uçuş aparatlarını tətbiq etmişik. Bu gün müasir müharibələri bunsuz təsəvvür etmək mümkün deyil.” Bu cümlə göstərir ki, Azərbaycanın hərbi qələbəsi yalnız siyasi iradə ilə deyil, həm də elmi-texnoloji yeniliklərlə təmin edilib. Elm artıq yalnız laboratoriya və tədqiqat sahəsi deyil, milli gücün strateji alətidir. Prezident İlham Əliyevin iqtisadi sabitliklə bağlı səsləndirdiyi göstəricilər elmin davamlı inkişafı üçün əsas təminatdır. Xarici borcun ÜDM-in cəmi 6 faizini təşkil etməsi, valyuta ehtiyatlarının 80 milyard dolları keçməsi, investisiya reytinqlərinin artması – bunlar təkcə makroiqtisadi göstəricilər deyil, həm də elmin maliyyə dayaqlarıdır. “İqtisadi müstəqillik təbii olaraq siyasi müstəqilliyi də gücləndirir.” Bu prinsip elmi müstəqilliyin də təminatıdır. Çünki elmi tərəqqi yalnız iqtisadi azadlıq və dövlət sabitliyi şəraitində reallaşa bilər. Cənab Prezident çıxışında azad edilmiş torpaqlarda aparılan geoloji, ekoloji və sənaye yönümlü elmi tədqiqatların əhəmiyyətini xüsusi vurğuladı. “Qarabağ və Şərqi Zəngəzurda böyük geoloji işlər aparılır. Azərbaycan alimlərini bu işlərə dəvət edirəm.” Bu çağırış həm elmi, həm mənəvi məna daşıyır — Qarabağ və Zəngəzur təkcə bərpa olunan torpaqlar deyil, həm də Azərbaycan elminin yeni laboratoriyasıdır. Burada aparılan hər bir tədqiqat, bərpa olunan hər bir mədəni irs elmi və milli kimliyi birləşdirən strateji missiyadır. 
Cənab Prezident İlham Əliyevin çıxışında tarixi təhriflərə qarşı elmi əsaslı mübarizənin vacibliyi bir daha önə çəkildi: “Biz öz tariximizi tədqiq və təbliğ etməliyik... Azərbaycanlıların indiki Ermənistana qayıtması Ermənistan xalqını qorxutmamalıdır.” Bu fikirlər artıq təkcə siyasət deyil, həm də elmi və ideoloji istiqamət kimi qiymətləndirilməlidir. Tarixi toponimlərin, etnoqrafik və mədəni izlərin elmi əsaslarla bərpası milli yaddaşın bərpasıdır. Azərbaycan Milli Elmlər Akademiyasının 80 illiyi münasibətilə səslənən bu çıxış, əslində, yeni bir milli elmi strategiyanın konseptual təməlidir. Bu konsepsiyanın əsas prinsipləri bunlardır. Elm və dövlət siyasətinin vəhdəti, texnoloji müstəqillik və süni intellekt strategiyası, elmin iqtisadiyyatla və sənaye ilə inteqrasiyası, Qarabağ və Şərqi Zəngəzurun elmi bərpa məkanı kimi rolu və tarixi həqiqətlərin elmi bərpası və milli kimliyin möhkəmləndirilməsi. Cənab Prezident İlham Əliyevin sözləri ilə desək: “Azərbaycan tamamilə yeni vəziyyətdə yaşayır və biz bu torpaqlarda qurub-yaradırıq.” Bu “yaradıcı” dövlət fəlsəfəsinin əsas dayağı isə elm və intellektdir. Bu gün elmin qarşısında duran missiya sadəcə bilik yaratmaq deyil, həm də suverenliyimizi, gələcəyimizi, milli ruhumuzu elmi əsaslarla qorumaq və möhkəmləndirməkdir-deyə Səttar Möhbalıyev fikrini tamamlayıb.