AZ

Paşinyan Rusiyanın Qafqaz siyasətinə növbəti həmləsini etdi - Zaxarova susmadı...


Elşad Həsənov: “Hər zaman Rusiya kəşfiyyatı erməni kartından öz imperiya məqsədləri üçün istifadə edib”

Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib ki, ermənilərin Türkiyə və Azərbaycana dair kök salmış təsəvvürləri sovet təbliğatı tərəfindən formalaşdırılıb:

“Biz "Türklər heç vaxt dəyişmir" deyəndə Türkiyədə də eyni şeyi ermənilər haqqında deyirlər. Biz "Azərbaycana necə etibar edə bilərik" deyəndə də eyni şeyi ermənilər haqqında deyirlər. Biz "Tarixdən heç nə öyrənməmişik" deyəndə də "Ermənilərlə sülh istəyirsinizsə, tarixdən heç nə öyrənməmisiniz" deyirlər", - deyə Paşinyan qeyd edib. Baş nazirin sözlərinə görə, Ermənistan cəmiyyəti "KQB agentləri tərəfindən bizim üçün formalaşdırılan dünyagörüşündən azad olmalıdır”.

Bu arada Rusiya XİN sözçüsü Mariya Zaxarova Paşinyanın türklər və ermənilər arasındakı tarixi gərginliyi SSRİ DTK-sının fəaliyyəti ilə əlaqələndirməsi ilə bağlı şərhlərinə cavab verib. Zaxarova DTK-nın 1954-cü ildə, Osmanlı İmperiyasında baş verdiyi iddia olunan “erməni soyqırımı”ndan təxminən 40 il sonra yaradıldığını deyib və Paşinyanın ittihamlarını əsassız adlandırıb.

Belə baxanda, Paşinyan düzmü deyir? Məgər, SSRİ KQB-nin iki xalq arasında qarşıdurmanın yaranmasında rolu olmayıb?

“Azərbaycanlıların sıxışdırılmasını, diskriminasiyaya məruz qalmasını SSRİ KQB-si görməzdən gəlirdi”

Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən siyasi ekspert Elşad Həsənovun fikrincə, Paşinyanın bununla bağlı səsləndirdiyi fikirlərdə həqiqət var: “KQB bundan öz məqsədləri üçün istifadə edib. Ümumiyyətlə, rus çarizmi Qafqaza gələndən sonra xalqlar arasında hər zaman nifaq salıb. Bu işdə də onların xüsusi xidmət orqanlarının müstəsna rolu olub. O cümlədən, Ermənistanın dövlət kimi yaranmasında Rusiyanın xüsusi xidmət orqanlarının müstəsna rolu olub. Erməniləri xaricdən köçürüb gətiriblər, onlara vilayət yaradıblar. Bolşeviklər hakimiyyətə gələndən sonra 20 min kvadrat kilometr ərazimizi Ermənistana veriblər. Ermənistanda azərbaycanlıların sıxışdırılmasını, diskriminasiyaya məruz qalmasını SSRİ KQB-si görməzdən gəlirdi. Azərbaycanlıları deportasiya etməklə yanaşı, sıxışdırılmasına Sovet kəşfiyyatı dəstək verirdi. SSRİ rəhbəri Stalin 40-cı illərdən başlayaraq Türkiyəyə qarşı ərazi iddialarını qabartdı. Məqsəd SSRİ-nin Bosfor və Dardanel boğazlarına nəzarətini təmin etmək idi. 1945-ci ildən sonra Stalinin bu yöndə tələbləri daha da sərtləşməyə başladı. Böyük Britaniya və ABŞ-ın yardımları, sonra Türkiyənin NATO üzvü olması SSRİ-nin təhdidlərini önləyə bildi. Məhz həmin dövrlərdə SSRİ kəşfiyyatı qondarma “erməni soyqırımı”nı ortalığa atdı. Müxtəlif xarici ölkələrdən ermənilərin Ermənistana köçürülməsi gündəmə gətirildi. 1965-ci ildə İrəvanda qondarma “erməni soyqırımı”nın 50 illiyi qeyd edildi. Moskvanın razılığı olmasaydı, əsla bu baş verməzdi. Hər zaman Rusiya kəşfiyyatı erməni kartından öz imperiya məqsədləri üçün istifadə edib. O cümlədən, 1988-ci ildə də məlum hadisələr başlayanda SSRİ KQB-nin bunda əli var idi. Millətlərarası münasibətləri qızışdırmaqla Moskva həmin ölkələri nəzarətdə saxlamaq istəyirdi. Ancaq bu, əks nəticə verdi və SSRİ çökdü. Bu baxımdan hesab edirəm ki, Paşinyanın dediyi həqiqətdir”.

Vidadi ORDAHALLI

Seçilən
25
baki-xeber.com

1Mənbələr