AZ

Zəfərin dövlətçilik tariximizdə yeri və rolu...


Azərbaycan dövlətçilik tarixinin ən mühüm səhifələrindən biri 8 Noyabr-Zəfər tarixidir. Zəfər dövlətçilik tariximizin ən şanlı səhifəsidir. Xalqımızın qürur mənbəyi olan bu tarixi hadisə bir xalq kimi bizi yenidən ayağa qaldırdı, yenidən birləşdirdi.

Tarixi zəfərin beş illiyini qeyd etdiyimiz günlərdə xalqımız böyük sevinc hissi yaşayır. Prezident İlham Əliyevin də ifadə etdiyi kimi, Azərbaycanın son beş ilini əhatə edən müddətdir və bu, milli birliyin, dövlətçiliyin gücünün və tarixi ədalətin bərpasının ildönümüdür. Bu, yalnız bir tarixi hadisənin ildönümü deyil, həm də Azərbaycan xalqının birliyinin, inamının və dövlətinə olan etimadının bayramıdır.

Tarixi Zəfər - bu ifadə Azərbaycanın ərazi bütövlüyünün bərpasını təmin edən 44 günlük Vətən müharibəsi nəticəsində qazanılan tarixi qələbəyə istinad edir.

Qürur və Birlik - bu qələbənin qeyd olunması xalqın qürurunu və birliyini ifadə edir, çünki bu qələbə hər bir azərbaycanlının əməyi, duası və sevgisinin nəticəsidir.

Dövlətçilik - bu beş illik dövr Azərbaycan dövlətinin gücünü, xalqının həmrəyliyini və milli şüurun, dövlətçilik ənənələrinin möhkəmləndiyini göstərir.

Vətən müharibəsində Azərbaycanın ərazilərinin böyük hissəsi qanlı döyüşlər nəticəsində azad edilsə də, Kəlbəcər, Laçın, Ağdamın böyük hissəsi hələ işğal altında idi.

Prezident İlham Əliyevin dediyi kimi, ancaq biz kapitulyasiya aktı nəticəsində Ermənistanı məcbur etdik ki, bu bölgələri bizə qaytarsın və bunu etməyə məcbur oldu. Ağdam, Kəlbəcər və Laçın bir güllə atılmadan azad edildi.

Ağdam şəhəri 20 noyabr 2020-ci ildə işğaldan azad edilib. Bu, noyabrın 10-da imzalanmış üçtərəfli Bəyanatın nəticəsi idi və rayon hərbi əməliyyat keçirilmədən siyasi yolla Azərbaycana qaytarıldı.

Azərbaycan Prezidenti İlham Əliyev 2020-ci il noyabrın 20-də xalqa müraciətində Ağdam ra­yonunun yağı tapdağından xilas edilməsini noyabrın 10-da imzalanan üçtərəfli Bəyanatın nəticəsi kimi dəyərləndirib. Prezident müraciətində üçtərəfli bəyanatın Azərbaycanın Qələbəsi, torpaqlarımızın qayıtması, bayrağımızın ucaldılması kimi dəyərləndirirdi. “Azərbaycan Ağdam rayonunu hərbi əməliyyat keçirmədən, siyasi yolla işğaldan azad edərək öz yurisdiksiyasına qaytarır. Bu gün yaşadığımız günlər, yaşadığımız anlar hər bir azərbaycanlının yaddaşında əbədi qalacaq.

Əziz ağdamlılar, siz artıq köçkün deyilsiniz. Siz doğma dədə-baba torpağınıza qayıdacaqsınız. Biz tarix yazırıq, yeni tarix. Xalqımızın, ölkəmizin yeni şanlı tarixini yazırıq. Bu, Zəfər tarixidir”-deyə Prezident bildirirdi.

15 noyabr 2020-ci ildə Kəlbəcər rayonu işğaldan azad edildi. Qarabağ atəşkəs bəyanatına əsasən rayonun 15 noyabr tarixində təhvil verilməsi qərarlaşdırılsa da, Ermənistan tərəfinin Rusiya vasitəsilə Azərbaycandan xahişi ilə bu müddət 25 noyabr tarixinə qədər uzadıldı. Buna səbəb olaraq isə ərazi relyefinin mürəkkəb olması, ərazinin böyüklüyü və humanizm göstərilirdi.

Məğlubiyyətlə barışa bilməyən erməni əhalisi bölgədə Azərbaycana qarşı ekocid törətdi, ərazini tərk edən ermənilər evləri ilə yanaşı meşələri də yandırdılar.

Nəhayət 25 noyabr 2020-ci ildə noyabr ayının 10-da imzalanmış üçtərəfli bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edildi, Azərbaycanın Silahlı Qüvvələri rayona daxil oldu və nəzarəti ələ aldılar.

2020-ci il noyabrın 10-da imzalanmış birgə bəyanata əsasən Laçın heç bir itki vermədən dekabrın 1-də işğaldan azad edilib

Məlum olduğu kimi, Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladıqları birgə bəyanata uyğun olaraq, Ermənistan tərəfindən ərazilərin boşaldılması qrafik üzrə həyata keçirilib. Həmin qrafikə əsasən, dekabrın 1-də Laçın rayonu da erməni işğalından azad edilib. Qeyd edək ki, Laçın Dağlıq Qarabağın ətrafında yerləşən 7 rayondan biridir. Şuşa şəhərinin azad edilməsinin ardınca noyabrın 9-da Azərbaycan Ordusu Laçının da Güləbird, Səfiyan, Türklər kəndlərini işğalçılardan təmizlədi. Müzəffər Azərbaycan Ordusunun Laçın rayonunun bir hissəsinə və digər mühüm strateji mövqelərə daxil olmasından, xüsusilə Şuşa şəhəri və onun ardınca 70-dən artıq kəndin azad olunmasından az sonra Ermənistan ağ bayraq qaldırdı. Noyabrın 10-da Azərbaycan və Rusiya prezidentlərinin, Ermənistanın baş nazirinin imzaladıqları birgə Bəyanata əsasən, Ermənistan silahlı qüvvələri Laçını da Ağdam və Kəlbəcər rayonları kimi Azərbaycana təhvil verməli oldu.

Prezident İlham Əliyev bu barədə qeyd edirdi: “Döyüş meydanında əldə edilmiş parlaq qələbə bu gözəl nəticəyə gətirib çıxardı ki, üç rayonumuz - Ağdam, Kəlbəcər və Laçın bizə qaytarıldı. Biz bu rayonları bir güllə atmadan, bir şəhid vermədən qaytarmışıq”.

Bildiyimiz kimi, Ermənistanın Azərbaycan torpaqlarını işğaldan azad etməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının 4 qətnamə qəbul etməsinə, ATƏT-in Minsk qrupunun 30 il bölgəyə ayaq döyməsinə baxmayaraq, torpaqlarımızın işğaldan azad edilməsi düz 30 il çəkdi. Kəlbəcərin işğalı ilə bağlı BMT TŞ-nin qətnamələr qəbul etməsi, lakin 30 il ərzində bu sənədlərin kağız üzərində qalması danılmaz faktdır.

Amma Azərbaycan Prezidentinin qətiyyətli və məqsədyönümlü daxili və xarici siyasəti nəticəsində Kəlbəcər, Laçın və Ağdam bir güllə atılmadan işğaldan azad edildi. Yəni Azərbaycanın 30 il Ermənistanın işğalı altında olan ərazilərinin böyük hissəsi müharibə yolu ilə geri qaytarılsa da, Kəlbəcər, Laçın və Ağdam bir güllə belə atılmadan azadllğına qovuşdu.

Prezident həyata keçirdiyi uğurlu xarici siyasəti və diplomatiyası sayəsində ATƏT-in Minsk qrupunun həmsədrlərinin, Ermənistanın arxasında duran güclərin məkrli oyunlarını iflasa uğradaraq bu mühüm qələbəni-diplomatik yolla üç rayonumuzun geri qaytarılmasını həyata keçirdi.

Siyasi ekspertlər deyir ki, Ermənistanın Laçını, Kəlbəcəri və Ağdamı qaytarmaq niyyəti yox idi, amma Azərbaycan Prezidenti onların bu niyyətlətini gözlərində qoydu.

Beləliklə, Azərbaycan Prezidenti həm hərbi, həm də diplomatik uğur nəticəsində Kəlbəcərin, Ağdamın, Laçının işğalına son qoydu, heç bir döyüş olmadan, qan tökülmədən, bir güllə atılmadan Kəlbəcər, Laçın, Ağdam işğaldan azad olundu.

Bu zəfər siyasi və diplomatiya yolu ilə qazanıldı, düşmənin kapitulyasiyaya məcbur edilməsi nəticəsində əldə edildi. Beş il bundan əvvəl qazandığımız tarixi Zəfər xalqımızın qürur mənbəyi, qəhrəmanlıq salnaməsidir.

İradə SARIYEVA
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyilə çap olunur.

Seçilən
11
baki-xeber.com

1Mənbələr