AZ

"İnsanlar ət almaqdan qorxmasınlar" -Eyyub Hüseynovdan ÇAĞIRIŞ

Son günlər ölkədə ən çox müzakirə olunan mövzulardan biri heyvanlar arasında yayılan dabaq xəstəliyidir. Xəstəliyin bir sıra bölgələrdə aşkarlanması həm fermerləri, həm də ət məhsulları alan vətəndaşları narahat edib. İnsanlar ət və süd məhsullarının təhlükəsizliyinə daha çox diqqət yetirməyə başlayıb, bazarlarda satışa çıxarılan məhsullara qarşı ehtiyatlı davranırlar.

Ümumiyyətlə, hazırda ət və süd almaq məsləhətlidirmi?

Mövzu ilə bağlı Redaktor.az Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun fikirlərini öyrəndi.

O bildirdi ki, dabaq xəstəliyi heyvanlardan insanlara keçir:

"Ümumiyyətlə, yer üzündə olan insan xəstəliklərinin 75 faizi tarix boyu heyvanlardan insanlara keçib. Dabaq xəstəliyi də heyvanlardan insanlara keçə bilər. Əgər insanın əlində bir cızıq olarsa, bir yaralı yer olarsa, dabaq xəstəliyinə tutulmuş heyvanın dərisinə, ağzına, selikli qişasına, ətinə toxunarsa, çox rahatlıqla keçə bilər. Eləcə də, insanın immuniteti həddindən artıq zəifləyərsə, heyvanla yaxın, üzbəüz, nəfəs-nəfəsə olarsa, bu halda da keçə bilər".

E.Hüseynov vurğuladı ki, dabaq xəstəliyi olan heyvanların əti dadsız olur, sulu olur, boş olur:

"Ətlərdə olan dabaq xəstəliyindən insanlar özlərini müdafiə etmək üçün məsləhət görürəm ki, ət almaqdan qorxmasınlar, lakin əti yaxşı qaynatsınlar. Bütün hallarda ət qaynadılsın. Yüksək temperaturda qaynadılmış ətdə dabaq xəstəliyinin virusları qalmır. Süddə də eyni vəziyyətdir. Qaynadılmış süd olarsa, qorxusu yoxdur. Yəni südündən də istifadə etmək olar, ətdən də istifadə etmək olar. Bu şərtlə ki, o, yaxşı qaynadılmış olsun".

Aytəkin TOFİQQIZI

Seçilən
16
3
redaktor.az

4Mənbələr