AZ

“Yeyinti faktı yalnız pul itkisi deyil, gələcək nəsillərə zərbədir”

Təhsil sistemi kimi strateji əhəmiyyətli bir sahədə baş verən yeyintilər və sui-istifadə halları sadəcə bir şəxsin qanun pozuntusu deyil bu, cəmiyyətin gələcəyinə, dövlətin təməl dəyərlərinə zərbədir. Son günlər məktəb direktorlarının vəzifədən azad edilməsi ilə bağlı yayılan xəbərlər, xüsusilə Sabirabad rayonunda 100 min manatlıq yeyinti iddiası, bir daha göstərir ki, problem fərdlərdə deyil, sistemdədir.

AzEdu.az-a bu sözləri Təhsil İşçilərinin Həmrəyliyi Alyansının (TİHA) sədri, təhsil eksperti Əmrah Həsənli söyləyib. 

171663Müsahibimiz qeyd edib ki, hər bir yeyinti faktının arxasında onlarla müəllimin əziyyəti, yüzlərlə uşağın hüququ, minlərlə valideynin inamı dayanır:

"Əgər təhsilin rəhbərliyinə gətirilən şəxslər, dövlətin və cəmiyyətin onlara verdiyi etimadı bu cür sui-istifadə ilə cavablandırırlarsa, onların sadəcə işdən çıxarılması məsələnin mahiyyətini dəyişmir. Çünki yeyinti varsa  bu, inzibati yox, cinayət məsuliyyətidir. Belə hallarda hüquq-mühafizə orqanları dərhal prosesə qoşulmalı, ən xırda detalına qədər araşdırma aparmalı və nəticədə həmin şəxslər ən sərt şəkildə cəzalandırılmalıdır. Çünki təhsildə korrupsiya  gələcəyin oğurlanması deməkdir.

Düşünmək lazımdır ki, hər bir yeyinti faktının arxasında onlarla müəllimin əziyyəti, yüzlərlə uşağın hüququ, minlərlə valideynin inamı dayanır. Bu etimadı itirmək asandır, bərpa etmək isə illər tələb edir. Ona görə də, direktorun işdən çıxarılması sadəcə başlanğıc addımdır. Əgər bu hadisələrin arxasında duracaq şəffaf, məsuliyyətli və hesabatlı bir idarəetmə sistemi qurulmazsa, sabah eyni mənzərəni başqa rayonda, başqa məktəbdə görəcəyik".

Təhsildə yeyintiyə, sui-istifadəyə və özbaşınalığa qarşı ən sərt addımlar atılmasa, heç bir islahat, heç bir yenilik nəticə verməyəcək:

"Məncə, məktəb rəhbərlərinin fəaliyyətinə nəzarət mütləq şəkildə ictimailəşdirilməlidir. Büdcə vəsaitlərinin xərclənməsi, ianələrin yönləndirilməsi, tenderlər, əməkhaqları  bütün bu məlumatlar açıq platformada, ictimai nəzarətə təqdim edilməlidir. Cəmiyyətin, xüsusilə valideyn və müəllim icmalarının bu prosesə real şəkildə cəlb olunması korrupsiyaya qarşı ən təsirli mexanizmdir.

Digər tərəfdən, direktor təyinatı mexanizmləri də köklü şəkildə yenilənməlidir. Təhsil müəssisəsinə rəhbərlik etmək sadəcə idarəçilik bacarığı deyil, eyni zamanda şəffaflıq, vicdan və məsuliyyət məsələsidir. Bu vəzifəyə gələn şəxs cəmiyyətin etimad simvoluna çevrilməlidir, qorxu və ya şəxsi maraq mərkəzinə yox.

Yekunda bir həqiqəti açıq demək lazımdır: təhsildə yeyintiyə, sui-istifadəyə və özbaşınalığa qarşı ən sərt addımlar atılmasa, heç bir islahat, heç bir yenilik nəticə verməyəcək. Biz müəllimi, şagirdi, valideyni dəyişə bilərik, amma sistem dəyişməsə, təhsil öz inam gücünü itirəcək. Buna görə də hər belə hadisə dərs olmalı, cəzasızlıq mühitinə son qoyulmalıdır.

Təhsil o sahədir ki, burada bağışlanma yoxdur. Çünki burada söhbət pullardan yox, gələcəkdən gedir. Və gələcəklə bağlı məsuliyyətsizlik - ən böyük cinayətdir".

Seçilən
0
azedu.az

1Mənbələr