Güney Azərbaycanın Ərdəbil şəhərində yaşayan milli fəal Abbas Lisaninin oğlu Əli Lisani bu gün səhər işə gedərkən mülki geyimli təhlükəsizlik əməkdaşları tərəfindən saxlanılıb.
Onlar məhkəmə orderi təqdim etmədən Lisanini avtomobilə mindiriblər və sonradan özlərini ETTALAT əməkdaşları kimi təqdim ediblər.
"Cebheinfo.az" Güney Azərbaycan Teleqram kanallarına istinadən xəbər verir ki, ETTALAT əməkdaşları Əli Lisanidən atasını onlarla görüşə razı salmağı istəyiblər və bunun müqabilində iş icazəsi, kredit və digər imkanlar vəd ediblər. O, isə bu təklifi xalqına və mübarizəyə xəyanət adlandıraraq qəti rədd edib.
Təhlükəsizlik qüvvələri təhdid və təzyiq göstərsələr də, gənc fəal hadisəni gizlətməkdən imtina edib. Əli Lisani bir neçə saat sonra saxlanıldığı yerdə sərbəst buraxılıb.
Hazırda hadisə ilə bağlı hüquqi vəziyyət və əmri verən qurum barədə məlumat yoxdur. Abbas Lisaninin ailəsi son illərdə dəfələrlə təzyiq və təhdidlərə məruz qalıb.
"Cebheinfo.az"