AZ

Maştağada həmkəndlisini öldürən kişiyə hökm oxundu

BAKI, 3 noyabr. TELEQRAF

Maştağa qəsəbəsində həmkəndlisini qətlə yetirməkdə təqsirləndirilən Rəşid Babayevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Teleqraf xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Hökmə əsasən Rəşid Babayev 9 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2024-cü ilin mayında Sabunçu rayonu, Maştağa qəsəbəsində baş verib. Qəsəbə sakini, 1974-cü il təvəllüdlü Roman Əsgərov kəsilmiş-deşilmiş xəsarətlə xəstəxanaya çatdırılsa da, orada vəfat edib.

Sabunçu Rayon Polis İdarəsinin 14-cü Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Roman Əsgərovu qətlə yetirməkdə şübhəli bilinən 1966-cı il təvəllüdlü, əvvəllər məhkum olunmuş Rəşid Babayev saxlanılıb.
Maştağa qəsəbə sakini, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məhkum olunmuş Rəşid Babayev həmkəndlisi Roman Əsgərovla hər hansı yaxın bir münasibətinin olmadığını vurğulayaraq hadisəni qorxduğu üçün qəfil törətdiyini deyib.

O, tək yaşadığını bildirərək qeyd edib ki, hadisə baş verən gün mənzilinin qapısı döyülüb, qapını açanda Romanın olduğunu görüb. Bu zaman Roman zorla içəri daxil olub. Romanın onu öldürməyindən qorxan Rəşid mətbəxdən götürdüyü bıçaqla ona zərbə endirib.

Rəşid Babayev ona ağır xəsarət yetirdiyinin fərqinə varmasa da, iki gün sonra Roman Əsgərovun 3 saylı Şəhər Klinik Xəstəxanasında dünyasını dəyişdiyini eşidib.

Rəşid Babayevə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Seçilən
6
2
teleqraf.com

4Mənbələr