“Qablaşdırılmış toyuq məhsulları ilə açıq şəkildə satılan toyuqlar arasında gigiyenik fərqlər əsasən saxlanma və satış şəraitindən asılıdır”.
Bu fikirləri KONKRET.az-a qida məsələləri üzrə mütəxəssis Ağa Salamov səsləndirib.

Ağa Salamov
Onun sözlərinə görə, əsas məsələ toyuğun qablaşdırılıb-qablaşdırılmaması deyil, onun hansı şəraitdə saxlanması və satılmasıdır:
“Əgər açıq şəkildə satılan toyuqlar soyuducu ilə təchiz olunmamış yerlərdə, açıq hava şəraitində saxlanırsa, bu, ciddi təhlükə yaradır. Saatlar keçdikcə bakteriya yükü artır və nəticədə qida zəhərlənməsi riski yaranır. Amma açıq toyuqlar soyuducu şəraitində, gigiyenik qaydalara əməl olunaraq satılırsa, təhlükəli hesab edilmir”.
Mütəxəssis qeyd edib ki, eyni qayda qablaşdırılmış məhsullara da aiddir:
“Əgər qablaşdırılmış toyuqlar düzgün şəraitdə – yəni soyuducuda saxlanmırsa, onların da bakterial yükü artır və sağlamlıq üçün riskli olur. Toyuğun açıq və ya bağlı şəkildə satılmasından asılı olmayaraq, əsas odur ki, satış nöqtələri soyuducu ilə təchiz olunmuş və çirklənmədən qorunan yerlər olsun”.
Ağa Salamov əlavə edib ki, kənd təsərrüfatı məhsullarının, o cümlədən kənd toyuqlarının satışı da yalnız baytar nəzarəti altında və mənşəyi bəlli olduğu halda həyata keçirilməlidir:
“Kəndli toyuğu bazarda və ya evinin qarşısında satırsa, bu zaman da soyuducu şəraiti təmin olunmalıdır. Əgər bu tələblərə əməl olunursa, belə toyuqların satışı tam təhlükəsizdir”.
Aynurə İsmayıl
KONKRET.az