AZ

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

İnsanlar adətən iki prizmadan dəyərləndirilirlər: cəmiyyətin yük olaraq daşıdıqları və ya əksinə cəmiyətin yükünü daşıyanlar. Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir. Azərbaycan ictimaiyyəti yaşa dolduqca kamilləşən, mənəvi və intellektual baxımdan zənginləşən, öz elmi irsi və həyat kredosu ilə müsbət örnəyə, presedentə çevrilən şəxsiyyətlərə təşnədir.

 Bu məqalədə ömründən uzun illər Azərbaycan elmi və təhsilinə pay vermiş müəllimdən söz açacağıq. Bu şəxs Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) dosenti Lalə Nadir qızı İbrahimlidir. L.İbrahimli bu günlərdə 50 yaşını qeyd etdi. Onu da vurğulamaq yerinə düşər ki, L.İbrahimli yarım əsrlik ömrünün tən yarıdan, yəni 25 ildən çoxunu AzMİU-da müəllim peşəsinə həsr edib. 
L.İbrahimlini daha yaxından tanımaq üçün onun korrektə ilə verilmiş tərcümeyi-halına diqqət edək:
İbrahimli Lalə Nadir qızı 1975-ci il 3 noyabr tarixində Bakı şəhərində anadan olub. 1982-ci ildə 15 saylı orta məktəbin 1-ci sinfinə daxil olub və 1992-ci ildə həmin məktəbi bitirərək, Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) Tikinti-iqtisad fakültəsinə qəbul olunub.1997-ci ildə universiteti fərqlənmə diplomu ilə bitirib. 1998-ci ildə AzMİU-nun İnşaatın iqtisadiyyatı kafedrasında baş laborant vəzifəsində əmək fəaliyyətinə başlayıb. 1999-cu ildə həmin kafedrada assistent, 2006-cı ildə isə baş müəllim vəzifəsinə təyin olunub. Həmin ildə kafedranın dissertantı seçilib. 2010-cu ildə dissertasiya müdafiə edərək iqtisad elmləri namizədi (i.e.n.) elmi dərəcəsini alıb.
2013-2017-ci illərdə “Sənayenin təşkili və idarə edilməsi” kafedrasında ictimai əsaslarla kafedra müdiri vəzifəsini icra edib.
2015-ci ildə ilk dəfə dosent vəzifəsinə keçib və hal-hazırda həmin kafedrada dosent vəzifəsində çalışır. Lalə İbrahimli 3 dərs vəsaitinin və 45 elmi məqalənin müəllifidir.
Şübhəsiz ki, müəllimlik müqəddəs peşədir, müqəddəs olduğu qədər də strateji bir missiyadır. Baxın, bir mühəndis yolu yanlış inşa edərsə, faciə baş verməz, onun üzərində işləyib, daha yaxşı formaya salmaq mümkündür, amma bir müəllim insanları, cəmiyyəti, milləti yanlış formalaşdırarsa, məşəqqət yaşanar. Bu mənada müəllim, təkcə mütəxəssis yetişdirmir, o həm də sağlam məfkurəyə malik vətəndaş formalaşdırır. Çünki şəxsiyyəti, ziyalısı, alimi, müəllimi, sağlam düşünə bilən vətəndaşı olmayan cəmiyyət əssasız kor kimidir və o toplumlar gələcəkdə qaranlıqlara məhkumdurlar. Bu cümlənin alt qatına enəndə, onu mənalandıranda fikrin siqlətini aydın sezmək olur. Bəzən müəllimlərin yaşı deyil, onların elmi yaradıcılıqları, pedaqoji fəaliyyətləri, yetişdirdikləri şəxsiyyətlər müzakirə predmetinə çevrilir. Hər bir müəllim, alim yazıb-yaratdığı elmi əsərləri, kitabları, tələbələri və  həmkarlarının xatirələrindəki böyüklükdə olur. Müəllimlərin auditoriayalara daxil olduqları hər gün az qala tarixə köçür. Ona görə ki, müəllim həyatı Allahın əl işidir. Öz ömrünü şam kimi əridib başqasının ömrünü, həyatını işıqlandıran ikinci peşə sahibi varmı? Axtramayın tapmayacaqsınız.  
Bu mənada hesab olunur ki, müəllimlərin yalnız doğum günü olur. Tarixin bütün dövrlərində yaxşı müəllimlər cəmiyyətin lokomativi hesab olunub. Ölkənin, dövlətin, cəmiyyətin dar günündə, hər kəsin imdadına yetir. Hər bir ölkənin müəllimləri o məmləkətin milli sərvəti, milli şəxsiyyəti, milli ziyalısı, milli burjuaziyasıdır. Elmi, təhsili olub, şəxsiyyəti olmayanlar heç zaman tarixə düşməyiblər, əksinə tarixdən düşüblər. Lalə xanım isə həm elmi-pedaqoji fəaliyyəti, həm də sağlam xarakteri ilə tarixə düşüb və tələbələrinin yaddaşında, qəlbində əbədi taxt qurub: 
Ey hörmətli müəllim
Hər könüldə yerin var.
Hər kənddə, hər şəhərdə
Sənin meyvələrin var.
Azərbaycan Memarlıq və İnşaat Universiteti, Tikinti-iqtisad fakültəsinin dekanlığı, Sənayenin Təşkili və İdarə edilməsi kafedrası adından L.N.İbrahimlini təbrik edir, elmi-pedaqoji və şəxsi həyatında tükənməz uğurlar arzu edirik.
Seçilən
16
1
sherg.az

2Mənbələr