AZ

Bulvar işi: "Türkiyədən 94 min manatlıq gül gətirdik" - MƏHKƏMƏ

BAKI, 3 noyabr. TELEQRAF

Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrlik etdiyi prosesdə Rəşad Bədəlov ifadə verib.

O bildirib ki, 2015-ci ildə Bayraq meydanı kompleksində işə başlayıb: "Vəzifəm kommunal şöbənin maliyyə işi olub. Bayraq meydanı ayrıca qurum idi, sonra Bulvar idarəsininə birləşdirildi. Mən yenə həmin vəzifədə işləmişəm. Daha sonra iqtisadiçı, bölmə müdiri və digər vəzifələrdə çalışmışam. 2019-cu ildə İlqar müəllimin köməkçisi vəzifəsinə təyin edilmişəm. Tədbirlərin keçirilməsini təşkil edirdim".

Təqsirləndirilən şəxs qeyd edib ki, istintaq zamanı maliyyə ilə bağlı suallara cavab verib, amma 2017-ci ildən sonra maliyyə məsələləri ilə məşğul olmayıb: "İttiham aktında göstərilənlərin mənə adiyyəti yoxdur. Mənim heç bir cinayət əməlində iştirakım olmayıb. Mənə nə tapşırılıb, nə gösətəriş verilib, onu da icra etmişəm".

Rəşad Bədəlovun sözlərinə görə, işçilərə əməkhaqqı büdcədən ayrılan vəsait hesabına verilib: "Əlavə əməkhaqları isə büdcədən kənar əldə olunan pullardan ayrılıb. Mən də iqtisadçı kimi maliyyənin ayrılmasına nəzarət etmişəm. Bu pullar bulvar ərazisində fəaliyyət göstərən bizneslə məşğul olan məhdud məsuliyyətli cəmiyyətlərdən gəlib. Bulvar ərazisində fəaliyyət göstərən və kommersiya ilə məşğul olan qurumlardan heç bir pul almamışam.

Köməkçi postuna keçəndən sonra maliyyə işi ilə məşğul olmamışam. Köməkçi kimi vəzifəm bu idi ki, İlqar Mustafayevin dərkənarına gələn məktublarla əvvəlcə mən tanış olur, sonra ona təqdim edirdim. Məktublarla o da tanış olandan sonra adiyyəti üzrə yönləndirilirdi".

Təqsirləndirlilən şəxsin ifadəsinə görə, icarədarlarla heç bir əlaqəsi olmayıb: "Bu illərdə, sonra köməkçi olduğum dövrdə İlqar müəllim heç kimlə bağlı mənə göstəriş verməyib. 2017-ci ilin sonlarından hissə-hissə olmaqla işçilərin əməkhaqları kartla ödənənilməyə başlayıb".

Rəşad Bədəlov deyib ki, adı olub, özü olmayan işçilərə əməkhaqqı verilməsi məsələsi ilə bağlı yoxlama aparıb: "Müəyyən iddialar vardı. İlqar müəllim "ölü canlar"ın olub-olmamasını yoxlamağı tapşırdı. Mən də bu məsələni yoxladım".

Daha sonra digər təqsirləndirilən Fuad Babayev ifadə verib. Onun sözlərinə görə, gül təssərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib: "Mənə dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul. Mən də "GİRASOL" MMC-ni yaratdım".

Fuad Babayev deyib ki, gül-çiçəkləri Zirə qəsəbəsində əkib-becəriblər, daha sonra isə bulvarda əkilməsini təşkil ediblər: "Bulvarda əkilən bəzi gül növləri Türkiyədən gətirilirdi. Bununla bağlı bütün sənədlər mövcuddur. Orada da qiymətlər göstərilib. Bütün güllərlə bağlı sertifikat var. Türkiyədə bu işi görən şirkətlə müqavilə bağlamışdıq. Güllərin ölkəyə gətirilməsi üçün gömrük və bəyannamələri də var. 94 min manatlıq güllərin hamısı Türkiyədən gətirilib".

Növbəti proses dekabrın 8-də davam edəcək.

Qeyd edək ki, Dənizkənarı Bulvar İdarəsinin fəaliyyətinin yoxlanılması ilə bağlı Hesablama Palatasından daxil olan materiallar əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılıb.

İbtidai istintaqla İlqar Mustafayev sözügedən idarədə işlədiyi dövrdə köməkçisi Rəşad Bədəlov, “GİRASOL” MMC-nin direktoru Fuad Babayev və başqaları ilə birgə rəsmi sənədlərə yalan məlumatlar daxil etməklə qurumun ərazisində yerləşən qeyri-yaşayış sahələrinin icarəyə verilməsi, ərazidə kommersiya obyektlərinin fəaliyyətinin təşkil edilməsi, gəmi gəzintiləri və digər bu kimi fəaliyyət sahələrindən əldə edilən 12 milyon manatdan artıq vəsaiti mənimsəməkdə təqsirli biliniblər.

Bundan başqa, İlqar Mustafayevin 1 milyon 800 min manatdan artıq məbləğdə vergiləri dövlət büdcəsinə ödəməkdən yayınmaqda və cinayət yolu ilə əldə edilmiş pul vəsaitinin 10 milyon manatdan artıq hissəsini özü və qohumlarının adına əqdlər bağlamaq yolu ilə müvafiq əmlaklar alaraq leqallaşdırmaqda təqsirli bilinib.

İlqar Mustafayevə Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda törədilməklə mənimsəmə), 193-1.3.2 (xeyli miqdarda törədilməklə cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma), 213.3 (xüsusilə külli miqdarda vergiləri ödəməkdən yayınma), 308.2 (ağır nəticələrə səbəb olmaqla vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) və 313-cü (vəzifə saxtakarlığı), Fuad Babayev və Rəşad Bədəlova isə həmin Məcəllənin 179.4, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

İlqar Mustafayev barəsində həbs, digərləri ilə bağlı isə polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.

Cinayət işi üzrə müəyyən edilən ziyanın ödənilməsini təmin etmək məqsədilə dəyəri 11 milyon manatdan artıq əmlak üzərinə həbs qoyulub.

Seçilən
30
teleqraf.com

1Mənbələr