AZ

Bulvardakı mənimsəmə ilə bağlı məhkəmə davam edib

Dəniz Kənarı Bulvar İdarəsində mənimsəmədə təqsirləndirilən "GİRASOL" MMC-nin direktoru Fuad Babayevə idarə heyətinin sədri İlqar Mustafayev gül işi ilə məşğul olmaq üçün tenderə qoşulmasını deyib.

Aznews.az xəbər verir ki, bu barədə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə keçirilən Dənizkənarı Bulvar İdarəsi İdarə Heyətinin sabiq sədri İlqar Mustafayev, köməkçisi Rəşad Bədəlov və "GİRASOL" MMC-nin direktoru Fuad Babayevin cinayət işi üzrə məhkəmə prosesində bildirib.

Əvvəlcə prosesdə təqsirləndirilən Rəşad Bədəlov ifadə verib. O bildirib ki, Dəniz Kənarı Bulvar İdarəsində və idarənin tabeliyindəki müxtəlif idarələrdə bir sıra vəzifələrdə çalışıb:

"Əvvəl Dövlət Bayrağı Meydanının tabeliyində olan müəssisədə iqtisadçı kimi çalışmışam. 2016-cı ildən həmin müəssisənin direktor müavini vəzifəsinə təyin olunmuşam. 2018-ci ildə İlqar müəllimin köməkçisi, 2019-cu ilin sonundan etibarən isə Dəniz Kənarı Bulvar İdarəsinin müxtəlif idarələrində rəis vəzifəsində çalışmışam. İbtidai istintaq zamanı dedim ki, ittihamda göstərilənlərin mənə aidiyyatı yoxdur. Heç bir cinayət əməlində iştirakım olmayıb. Mənə nə tapşırıblarsa, icra etmişəm. Mənim anamın İlqar müəllimin həyat yoldaşı ilə tanışlığı var idi. Bu tanışlıq vasitəsi ilə idarədə işə götürülmüşəm".

Rəşad Bədəlov bildirib ki, işlədiyi zaman maaşından əlavə vəsaitlər də alıb. Şahidin sözlərinə görə, bu pul qeyri-büdcə vəsaitlərindən əldə edilən maliyyə hesabına verilib.

"Vəsaitin toplanmağı ilə bağlı mənim heç bir səlahiyyətim olmayıb. Əvvəllər əməkhaqqını iki cür, həm əl ilə, həm də kart vasitəsi ilə alırdıq. Vəsaitin haradan verilməsi ilə bağlı kimisə sorğu-sual etməyə səlahiyyətim yox idi. Mən işə qəbul olanda əməkhaqqı iki formada verilirdi, 2017-ci ildən tədricən kart vasitəsi ilə verilməyə başladı", - təqsirləndirilən bildirib.

Rəşad Bədəlov deyib ki, digər təqsirləndirilən Fuad Babayevi 2017-ci ildən tanıyıb. Onun sözlərinə görə, F.Babayev əvvəl onun köməkçisi olub.

Prosesdə ifadə verən digər təqsirləndirilən Fuad Babayev deyib ki, əvvəl idarənin əməkdaşı olub, sonra isə gül təssərrüfatı ilə məşğul olmaq istəyib və bu barədə İlqar Mustafayevə məlumat verib:

"O, mənə dedi ki, işləmək istəyirsənsə, tenderə qoşul. Daha sonra mən də "GİRASOL" MMC-ni yaratdım".

Prokuror Fuad Babayevə ona Maraş dondurmaları və digər sahələrdən niyə pullar verildiyini soruşub:

Fuad Babayev isə deyib ki, həmin pulların ona niyə verildiyini bilməyib:

"Mənə Maraş dondurmadan və digər sahələrdən pullar verilirdi. Mən bu pulları təchizat idarəsinə, Zamin Xəlilova verirdim. Sonra tələbnamə gəlirdi. Həmin tələbnamədə pulun hansı təyinat üzrə xərclənməsi göstərilirdi. Türkiyədən tenderlərlə güllər gətirirdik, həmin güllərin gömrük bəyannaməsi də var. Dəniz Kənarı Bulvar İdarəsindən başqa digər qurumlara da güllər vermişəm. "GİRASOL" MMC ilə idarə arasında maliyyə əməliyyatları nağdsız formada olub. Vergi orqanı bizdə hər hansı bir yoxlama aparmayıb".

Seçilən
43
7
aznews.az

8Mənbələr