AZ

Analitik: Ermənistanda din üzərindən siyasi oyunlar başlayıb

ain.az, Sherg.az portalına istinadən məlumat verir.

II Qareginin yaxınlarının həbsi Qərb-Rusiya qarşıdurmasının dini müstəviyə keçdiyini göstərir

Həşim Səhrablı: “Rusiya Ermənistanı dini təsir altında saxlamaqla Cənubi Qafqazda mövqelərini qorumağa çalışır”

Ermənistanda II Qareginin (Ktriç Nersisyan) qardaşı Gevorq Nersisyan və oğlu Ambartsum Vağarşapat şəhərində saxlanılıblar.

Onlar xuliqanlıq və seçki kampaniyasına mane olmaqda ittiham olunurlar.

Vəkil Ara Zohrabyan sosial media səhifəsində bildirib ki, istintaq orqanları onların saxlanılaraq həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə təqdim edilməsi barədə qərar qəbul ediblər.

Ermənistanda son aylarda kilsə rəhbərliyinə qarşı tənqidlərin artması və hakimiyyətlə gərgin münasibətlərin fonunda bu saxlanılma xüsusi əhəmiyyət kəsb edir. Belə ki, Baş katolikos II Qareginin adı son dövrlərdə hökumətə qarşı yönəlmiş bəzi ictimai çıxışlarda hallanır, kilsə strukturlarının siyasi proseslərə dolayı təsir göstərdiyi iddia olunur. Bu səbəbdən onun ailə üzvlərinin saxlanılması yalnız cinayət işi kimi deyil, həm də hakimiyyətin kilsə ilə münasibətlərinə mesaj kimi qiymətləndirilir. 

Siyasi şərhçi Həşim Səhrablı Sherg.az-a bildirib ki, Cənubi Qafqaz hazırda təlatüm dövrünə qədəm qoyur:

"Ukraynada Rusiya ordusunun işinin asanlaşması və bu sahədə ABŞ prezidenti Donald Trampın etdiyi səhvlər nəticəsində Moskva artıq daha rahat hərəkət edir və diqqətini yalnız Ukraynaya deyil, başqa regionlara da yönəldib. Cənubi Qafqaz bu regionlardan biridir.

Latın Amerikası və Afrika siyasətində də Rusiyada canlanma müşahidə olunmaqdadır. Amma bizim üçün əsas maraq məhz Cənubi Qafqazdakı vəziyyətdir. Ermənistanda II Qaregin yaxınlarının həbs olunması və cinayət məsuliyyətinə cəlb edilməsi məsələsi də məhz bu kontekstdə dəyərləndirilməlidir. Tarix boyu Rusiya Ermənistan və ermənilərin yaşadığı dövlətlər üzərində təsir imkanlarını artırmaq üçün ən əsas vasitə kimi din məsələsini istifadə edib. Ermənistan cəmiyyəti radikal dini meyillərə malik olduğundan, Rusiyanın bu təsir mexanizmini işlətməsi asan olub. Bu, həm Osmanlı İmperiyasına qarşı, həm də Azərbaycana qarşı siyasi gedişlərdə də özünü göstərib. Paşinyanın dünən verdiyi açıqlama da bunu təsdiqləyir ki, ermənilərin dünyaya baxışının formalaşmasında KQB-nin böyük rolu olub. Lakin məsələni yalnız KQB ilə məhdudlaşdırmaq doğru deyil. Çünki ruslar bu istiqamətdə daha geniş və uzunmüddətli təsir göstərərək erməni cəmiyyətinin inkişafını əngəlləyiblər və onları şovinist bir toplum halına gətiriblər".

Analitik əlavə edib ki, II Qareginin yaxınlarının həbs olunması isə göstərir ki, qərbyönümlü hakimiyyət artıq Rusiyanın Cənubi Qafqaza yenidən müdaxilə etməyə hazırlaşdığı barədə ya kəşfiyyat məlumatları əldə edib, ya da belə proqnozlar formalaşıb:

"Buna görə də Ermənistan hakimiyyətini zəiflətmək, onu geri çəkilməyə məcbur etmək məqsədilə güclərini parçalamaq istiqamətində addımlar atılır. II Qaregin radikal dini lider kimi Ermənistanda müəyyən sosial təbəqədə güclü söz sahibi olduğu nəzərə alınarsa, onun ətrafının təmizlənməsi onun nüfuzunun məhdudlaşdırılması üçün atılmış addımdır. Bu təmizləmə prosesinin gələcəkdə necə davam edəcəyi isə əsasən Qərbin, xüsusən ABŞ-nin mövqeyindən asılı olacaq".

Aynur Babazadə

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
sherg.az

2Mənbələr