AZ

Prezidentin razılığından sonra oxşar xahişi Overçuk etdi - MÜSAHİBƏ

BAKI, 3 noyabr. TELEQRAF

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu Teleqraf-ın suallarını cavablandırıb.

Onunla müsahibəni təqdim edirik.

- Elxan bəy, Azərbaycan ərazisi üzərindən Ermənistana tranzit razılığı rəsmi İrəvan tərəfindən də müsbət qarşılanıb. Sülh və etimad quruculuğu istiqamətində atılan bu addımın tərəflərin digər məsələlərdə mövqelərinin yaxınlaşmasına təsirini necə dəyərləndirirsiniz?

- II Qarabağ müharibəsindən sonra Ermənistan cəmiyyətinin əksər hissəsində əhval-ruhiyyə dəyişib. Bu əslində Baş nazir Nikol Paşinyanın da xeyrindədir. Çünki o hazırda sülh quruculuğu ilə məşğuldur. Sözsüz ki, indiki situasiya Azərbaycanın qələbəsi ilə bağlıdır. Azərbaycanın işğalla barışmadığını qarşı tərəf də başa düşdü. Ona görə də, Paşinyan başda olmaqla erməni cəmiyyətinin əksər hissəsi başa düşdü ki, işğala dəstək verməklə Azərbaycanla münasibətlər hər zaman gərgin ola bilməz. Artıq onlar bu mövqedən çəkilmək üzrədirlər. Paşinyan da reallıqları anladı ki, Azərbaycan və Türkiyə ilə barışmaq, sülh və dəhliz lazımdır. Onun ötən gün ermənilərin vaxtilə türklərə və azərbaycanlılara qarşı müharibəyə, nifrətə məhz Rusiya imperiyası, rus KQB-si təhrik edib açıqlaması da heç də bimənalı deyildi. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova Paşinyanın bu sözlərini təkzib etməyə çalışıb. Onun iddiasına görə, rus KQB-si 1954-cü ildə yaradılıb və s. Zaxarova bununla mümkün qədər mövzunu dəyişməyə çalışıb. Amma faktiki olaraq, son iki yüz il ərzində ermənilərin Qarabağa və digər bölgələrə köçürülməsi rus imperiyasının əli ilə olub. Eyni zamanda keçmiş Osmanlı imperiyası daxilində erməni daşnaklar da məhz Rusiya imperiyasının dəstəyi ilə üsyanlar qaldırıb. Paşinyan da açıqlamasında məhz bunları nəzərdə tutaraq deyir ki, “o dövr arxada qalıb və biz azərbaycanlılarla və türklərlə barış içərisində yaşamalıyıq”.

- Bu kimi bəyanatlarla Moskvanın narahatlığı fonunda Paşinyanın əsas hədəfi nədən ibarətdir?

- Əslində Zaxarova Paşinyanın bu açıqlamasına reaksiya verməklə Kremlin Cənubi Qafqazda sülh və əməkdaşlıqda heç də maraqlı olmadığını nümayiş etdirdi. Paşinyanın isə əsas hədəfi gələn ilin iyun ayında keçiriləcək parlament seçkilərində qələbə qazanmaqdır. Hazırda onun reytinqi biraz düşsə də, alternativi olmadığına görə, erməni cəmiyyətinin əksər hissəsi ona səs verəcək. Azərbaycan Prezidenti İlham Əliyevin Qazaxıstan taxılının ölkə ərazisindən Ermənistana keçidinə icazə verməsi də əslində seçkidə Paşinyanın əlini gücləndirəcək. O artıq deyəcək ki, “Azərbaycanla sülh prosesi öz bəhrəsini verir. Taxıl Azərbaycan üzərindən Ermənistana daşınırsa, başqa kənd təsərrüfatı məhsulları da daşına bilər”.

- Azərbaycanla Ermənistan arasında delimitasiya və demarkasiya prosesinin Zəngəzur dəhlizinin (Tramp marşrutu) keçəcəyi ərazidən başlayacağı ilə bağlı fikirlər səslənir. Dəhlizin açılması prosesinin sürətlənməsində bu amil nə dərəcədə effektiv olacaq?

- Bu məsələdə elə bir problemin yaranacağı ehtimalı yoxdur. Bununla bağlı artıq müsbət nümunələr var. İki ölkə arasında delimitasiya və demarkasiya məsələsində uğur əldə olunub. Keçmiş SSRİ dağıldıqdan sonra Azərbaycanın Qarabağ bölgəsi ilə yanaşı sərhədlərinin bir hissəsi də Ermənistanın işğalı altında idi. Faktiki olaraq, ölkəmiz Qarabağ istiqamətində sərhəddə nəzarət edə bilmirdi. II Qarabağ müharibəsi nəticəsində Azərbaycan özünün bütün sərhədlərinə nəzarəti ələ ala bilib. Sülh quruculuğu istiqamətində sözsüz ki, sərhədlərin müəyyənləşməsi olduqca önəmlidir. Bu proses sürətlə olmasa da, vacib addımdır. Çünki sərhəd xəttini dəqiqləşdirmək ağrılı prosesdir. Gürcüstan Azərbaycanın strateji tərəfdaşı olsa da, sərhəd məsələsində hələ danışıqlar davam edir. Bu da normal bir prosesdir. Ona görə də Zəngəzur dəhlizi (Tramp marşrutu) istiqamətində də sərhədlərin dəqiqləşməsi istiqamətində müəyyən nəticələr əldə oluna bilər.

- Zəngəzur dəhlizinin (Tramp marşrut) keçəcəyi ərazi ilə bağlı müəyyən problemlərin olacağına dair fikirlər səslənir. Ərazidə rus sərhədçilərinin (Ermənistan-İran sərhəddi) dayanması fonunda keçidin təşkili ilə bağlı prosedurlar necə müəyyənləşə bilər?

- Rusiya rəsmi olaraq Tramp marşrutu təşəbbüsünü dəstəkləyib. Kreml indiki halda ABŞ Prezidenti Donald Trampın bu istəyinə qarşı çıxa bilmir. Çünki Rusiya Prezidenti Vladimir Putin Trampla müəyyən ünsiyyət qurub, Ukrayna məsələsində dialoq var və s. O qəflətən durub Tramp yoluna qarşı çıxsa və desə ki, “burada Rusiyanın maraqları nəzərə alınmalıdır”, bu sözsüz ki, doğru olmaz. Ona görə də, Rusiya tərəfi nəzəri olaraq belə bir açıqlama verməyəcək. Amma reallıq tamam fərqlidir. Ərazidə rus əsgəri dayanıb. Eyni zamanda o bölgəyə yaxın hissədə Ruisya hərbi bazası mövcuddur. Həmçinin Ermənistanın keçmiş prezidenti, hərbi canı Robert Köçəryan hakimiyyəti dövründə nəyi Rusiyaya satmaq mümkündürsə, onu edib. Bu baxımdan Ermənistanın dəmir yolu şəbəkəsi də Rusiyaya satılıb.

- Bu halda Rusiyanın hər hansı iddia qaldırması ehtimalı varmı?

- Sözsüz, Kreml iddia qaldıra bilər ki, “Tramp yolunun keçəcəyi dəmir yolu şəbəkəsi ona məxsusdur” və s. Amma hələ ki, belə bir söz-söhbət yoxdur.

- Dəhliz Rusiya üçün nə dərəcədə faydalı ola bilər?

- Əslində Zəngəzur dəhlizi (Tramp marşrutu) Rusiya üçün faydalı olacaq. Təsadüfi deyil ki, Prezident İlham Əliyev Qazaxıstan taxılının Azərbaycan üzərindən daşınmasına icazə verdikdən sonra Rusiya baş nazirinin müavini Aleksey Overçuk da oxşar xahişlə Bakıya müraciət etdiklərini dedi. O açıqladı ki, Rusiya da öz məhsullarını Azərbaycan üzərindən Ermənistana nəqlinə çalışır. Ona görə də, gələcəkdə Zəngəzurdan açılacaq yoldan Rusiyanın özü də istifadə edə biləcək. Çindən başlayaraq Mərkəzi Asiya və İran da bundan faydalanacaq.

Seçilən
23
teleqraf.com

1Mənbələr